Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM tərəfindən sürücülük imtahanlarının keçirilməsinə müsbət yanaşır.
Bizim.Media xəbər verir ki, o mətbuata açıqlamasında müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik deyib:
“Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq”.
Məleykə Abbaszadənin fikirləri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Çünki, DYP-nin keçirdiyi imtahanlarla bağlı cəmiyyətin münasibəti birmənalı deyil. Nəzərə alaq ki, DYP tərəfindən sürücülük imtahanı 2 mərhələdə keçirilir.
Birinci mərhələdə nəzəri biliklər, ikincidə isə praktik biliklər test edilir. Nəzəri biliklərin DİM tərəfindən keçirilməsi bu sahədə şəfvaflığa da şərait yaratmış olar.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən təhsil üzrə ekspert Elşən Qafarov DİM tərəfindən sürücülük imtahanlarının keçirməsinin çox məntiqli olduğunu söylədi:
“Çünki, DİM ölkədə imtahanların keçirilməsində ixtisaslaşmış bir qurumdur. Çox istərdik ki, DİM texniki orqana çevrilsin. Testləri hazırlayan deyil, imtahanı keçirən bir orqan olsun. Ümumilikdə, ağıllı və düşünülmüş bir təklifdir. Test imtahanını DİM, qabiliyyət (yezda) imtahanını isə DYP keçirsə daha yaxşı olar. Mən də bu təklifi dəstəkləyirəm”.