Putin niyə Rusiyanı müharibə bataqlığına saldı?
- Dünya
- 22 Dekabr 2022 17:12
- 99
Dekabrın 16-da “The New York Times” qəzetində Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarının səbəbi və ya materialın özündə deyildiyi kimi “parkda gəzintinin Rusiya üçün necə fəlakətə” çevrilməsi haqqında böyük məqalə dərc olunub.
Toplum TV həmin materialın önəmli yerlərini seçərək azərbaycanca təqdim edir.
Martda Putin etiraf etdi: hər şey düşündüyümüzdən daha çətindir
Rus hərbçiləri fevralın 24-ü günorta Kiyevdə olmalı idilər
Belarusda yerləşən Rusiya hərbi hissələrdən birinin daxili sənədi jurnalistlərin əlinə keçib. Sənəddə hərbi kolonun ehtimal olunan hərəkətinin ətraflı cədvəli yer alıb. Cədvələ görə, ilk maşınlar Kiyev hüdudlarına fevralın 24-də saat 14:55-də çatmalı idilər. Həmin hissədən olan hərbçi deyir ki, müharibəyə göndərilməsini yola düşməzdən bir saat əvvəl bilib. “Əmr həm sadə, həm də müdhiş nikbin idi: irəlidə hərəkət edən maşının ardınca getmək və 18 saat ərzində Kiyevə çatmaq”, – məqalədə deyilir. Bu, baş vermədi: ağır maşınlar yolu dağıtdılar, karvan dərhal dayandı, yalnız sərhədi keçməyə bir sutkadan artıq vaxt sərf etdi, sonra da Ukrayna hücumlarına uğradı.
Qəzet həmçinin “Əcaib şəkildə izafi təkəbbürlü” məxfi əmr haqqında yazır. 26-cı tank alayının hissələrindən birinin fevralın 23-də aldığı əmrdə ukraynalılar tərəfindən mümkün müqavimətdən bəhs edilir, bundan sonra yolüstü Dnepri də keçməklə sutka ərzində 400 kilometrə yaxın məsafə qət etməli olduqları deyilir. Bu zaman sənəddə göstərilir ki, “güclənmək üçün qüvvə və vasitələr yoxdur”. “Əlbəttə, yöndəmsiz və xeyli dərəcədə müdafiəsiz Rusiya kolonları cazibədar hədəfə çevrildilər”, – məqalədə yazılır.
“The New York Times” səfərbərliyə cəlb olunan və Pavlovka uğrunda döyüşlərdə yaralananlarla danışıb
Söhbət səfərbər olunaraq Sakit okean donanmasının 155-ci dəniz piyadaları briqadasına düşən və məqalədə iddia olunduğuna görə, heç bir hərbi təcrübəsi, eləcə də xəritələri, aptek qutuları və ratsiyaları olmayanlardan gedir. Səfərbər olunanların sözlərinə görə, komandirlər onlara “döyüş görməyəcəklərini” vəd etmişdi, amma onları Donetsk vilayətində Uqledarın yanındakı Pavlovkaya hücuma göndərdilər.
Yaralılardan biri Mixail danışır ki, onun hissəsindəki 60 nəfərdən 40-ı Pavlovka ətrafında həlak olub. Mixail yoldaşlarının artilleriya atəşi nəticəsində ölümündən duyduğu dəhşəti jurnalistlərə təsvir edib və baş verənlərin “müharibə deyil, Rusiya xalqının öz komandanlığı tərəfindən məhv edilməsi” olduğunu deyib. Qəzetin başqa bir həmsöhbəti Aleksey üç uşaqlıq dostu ilə birlikdə səfərbər olunub: biri özü kimi kontuziya keçirib, digəri ayaqlarını itirib, üçüncüsü itkin düşüb. Buna baxmayaraq, Aleksey jurnalistləri əmin edib ki, cəbhəyə qayıtmaq fikrndədir, çünki ruslar “belə tərbiyə olunublar”.
Rusiya ordusunun təchizat problemi savaşın əvvəlində vardı, indi də yox olmayıb
“The New York Times” yazır ki, plana görə qısa müddət ərzində başa çatmalı olan Rusiya təcavüzünün iştirakçıları tezliklə yemək və su ehtiyatının olmadığını kəşf etdilər və azuqəni, zəruri əşyaları qarət yolu ilə əldə etməyə başladılar. Ukrayna Hərbi Qüvvələri döyüşçülərinin Ukraynanın şərqində martda tapdıqları gündəlikdə Rusiya əsgəri öz yoldaşlarının ərzaq mağazasından emosiyalarını təsvir edir: “Çatışmayan hər şeyi, konfetə qədər, tapdıq. Hamı uşaq kimi sevinirdi”.
155-ci dəniz piyadası briqadasına aid səfərbər olunanların söhbətlərində də yemək və sursat çatışmazlığı yer alır. Müharibəyə ÇVK Vaqner vasitəsilə düşən keçmiş dustaq jurnalistlərə deyib ki, Baxmut ətrafında səngərdə dörd gün yeməksiz və susuz atılıb qalıb və tapşırığının “ölən yoldaşlarının cəsədini daşımaq”dan başqa nə oduğunu bilməyib.
“The New York Times” yazır ki, sentyabrda Xarkov ətrafında həlak olan 54 yaşlı Ruslanın cibindən Vikipediyadan çap olunmuş mətn tapılıb: həmin mətndə onun snayper tüfəngindən bəhs olunurmuş.
Ukrayna hərbçiləri həqiqətən RF Baş qərargah rəisi Valeri Gerasimovu öldürmək istəyiblər və guya ABŞ buna mane olmağa çalışıb
İzyum rayonunda Gerasimovun da olduğu komanda məntəqəsinə Ukraynanın zərbə endirməsi aprelin sonlarında məlum oldu; Ukrayna mediası hətta RF HQ Baş qərargah rəisinin ölməsi və ya yaralanmasını xəbər verirdi.
“The New York Times” aydınlaşdırıb ki, Gerasimovun cəbhəyə getdiyini öyrənən amerikalılar bu barədə ukraynalılara məlumat verməyiblər; qorxublar ki, zərbə endirib öldürərlər, bu da öz növbəsində eskalasiyaya səbəb olar və ABŞ-ı müharibəyə çəkər. Amma Kiyevdə rus generalının planlarından amerikalılarsız da xəbərdar idilər. Guya ABŞ komanda məntəqəsinə zərbə endirməməyi xahiş edib, amma ukraynalılar deyiblər ki, hücum artıq başlanıb. “Hökumətdəki mənbələr xəbər verirlər ki, həmin zərbə nəticəsində onlarla rusiyalı həlak olub. Amma Gerasimov aralarında olmayıb”, – qəzet yazır.
Məqalədə deyilir ki, bu zərbədən sonra yüksək rütbəli hərbçilər ön cəbhəyə səfərlərini azaldıblar.
Müharibədən əvvəl Patruşev CIA direktoruna deyib: “Biz qayıtdıq”
Qəzetin yazdığına görə, bu, 2021-ci ilin noyabrında, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Berns Ukraynaya tammiqyaslı təcavüzün neqativ nəticələri barədə xəbərdarlıq etmək üçün Moskvaya səfər edəndə baş verib. Danışıqlarda iştirak edən o zamankı səfir Con Sallivanın sözlərinə görə, RF Təhlükəsizlik şurasının katibi Nikolay Patruşev Bernsin xəbərdarlığına cavab olaraq bildirib ki, Rusiya hərbi qüvvələri artıq o qədər modernləşdirilib ki, amerikalılarla rəqabət apara bilərlər. “O, sadəcə Bernsə baxdı və dedi: “Biz bunu edə bilərik. Biz qayıtdıq”, – Sallivan deyib.
Müharibənin əvvəlində Putin İsrailin baş nazirinə deyib: “Hər şey bizim düşündüyümüzdən daha çətindir”
Qəzetin mənbələrinin iddialarına görə, Vladimir Putin 2022-ci ilin martında Naftali Bennetə deyib ki, ukraynalılar ona deyiləndən daha möhkəm çıxıblar. “Yəqin düşündüyümüzdən xeyli çətin olacaq. Amma müharibə onların ərazisindədir, bizim yox. Ölkəmiz böyükdür və biz dözməyi bacarırıq”, – nəşrin həmsöhbətləri Putinin sözlərini belə nəql edirlər.
Rusiya lideri guya özünün tarixdəki mümkün yeri mövzusuna da toxunub: “Mən, sadəcə dayanıb baxan və heç nə etməyən Rusiya lideri olmayacağam”.
Məqalədə Putinin Bennetlə başqa bir görüşündən də bəhs edilir. 2021-ci ilin payızında baş tutan həmin görüşdə İsrail baş naziri Volodimir Zelenskinin Putinlə şəxsi görüşdə maraqlı olduğunu xəbər verib. Guya Rusiya lideri buna əsəbi reaksiya verib: “Mənim bu adamla müzakirə edəsi heç nəyim yoxdur. O, necə yəhudidir? Nasizmi dəstəkləyir”.
2022-ci ilin noyabrında Narışkin CIA deriktoruna deyib ki, itkilər nə qədər olsa da, Rusiya geri çəkilməyəcək
“The New York Times” yazır ki, bu, Ankarada, Uilyam Bernsin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin müharibə başlayandan bəri ilk görüşündə baş verib. Tədbirin yüksək mənsəbli iştirakçılarından birinin sözlərinə görə, Narışkin opponentini əmin edib ki, döyüş meydanında nə qədər hərbçi həlak olsa da, Rusiya təslim olmayacaq.
Tərcümə: Yadigar Sadıqlı