• 22 Noyabr 2024 23:44

Gəncədə zibil poliqonunu xatırladan Azərbaycan küçəsi: Günahkar kimdir? – AÇIQLAMA – VİDEO

 

Gəncə şəhəri, Azərbaycan küçəsi 97A ünvanı tədricən zibilxanaya çevrilir. Sakinlər ərazinin diqqətdən kənarda qalmasından şikayətçidirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə qeyd edilib. Sakinlər iddia edirlər ki, əraziyə zibil konteynerləri qoyulmayıb:

“Dəfələrlə müraciət etmişik, lakin bu küçəyə zibil konteynerləri qoyulmur. Videoda gördüyünüz vəziyyət dəyişməz qalır. Asfalt örtüyü pis vəziyyətdədir, zibillər bir tərəfdən, yağışlı hava da digər tərəfdən küçədə hərəkəti çətinləşdirir. Bu küçəyə qədər işıq dirəkləri var, lakin burada yoxdur, küçə işıqlandırılmır. Şəxsən mənim evimdən dörd dəfə oğurluq olub. Digər qonşuların da evinə oğrular girirlər.

Eyni zamanda, ərazidə küçə itləri var, uşaqlara, qadınlara hücum çəkəcəklərindən qorxuruq. Küçənin işıqlandırılması ilə bağlı iki dəfə layihə hazırlanıb, abadlaşdırılmaya dövlət büdcəsindən 2,7 milyon manat vəsait ayrılıb, amma bu küçəyə baxılmır. Bələdiyyədən Yaşar müəllimə, eləcə də icra hakimiyyətinin müxtəlif departamentlərinə müraciət etmişik, nə qəbul edirlər, nə də şikayətimizə baxırlar. Üstəlik, 44 günlük Vətən müharibəsində şəhid olan Nicat Qasımov bu küçədə yaşayıb, heç bu da nəzərə alınmır”.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sözügedən Azərbaycan küçəsi 97A ünvanı keçmiş hərbi hissənin yaxınlığında yerləşir. Burada uçmuş hərbi hissə binasının tikinti tullantıları qalmaqda idi. Məişət tullantıları isə həmin əraziyə sakinlər tərəfindən atılır:

“Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik şöbəsinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb, məişət tullantılarının yığılması üçün iki ədəd zibil qutusu qoyulub.

Eyni zamanda bildiririk ki, Azərbaycan küçəsində bütövlükdə müasir küçə işıqlandırması sistemi quraşdırılıb. Həmin küçəyə bitişik ərazilərin işıqlandırılması isə mərhələli şəkildə həyata keçiriləcək”.

 

Oxşar xəbərlər