• 22 Noyabr 2024 23:02

“Tərtər işi”: Təkcə hərbçilər deyil, mülki şəxslər də ermənilərə casusluq edib 

Tacxeber olaraq hərbi eskpert Ramil Məmmədlinin “Yeni Sabah”a müsahibəsini sizə təqdim edirik:

– Milli Məclisin deputatı Fazil Mustafa bu gün parlamentin iclasında bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov dərhal həbs olunmalıdır…

– Bütün porseslərin bir nəfərin üzərində köklənməsinə razı deyiləm. Bu, kollegial şəkildə verilən qərar və yüksək çinli zabitlərin verdiyi tapşırıqlar əsasında həyata keçirilən bir prosesdir. Bir daha qeyd edirəm ki, bu hadisələrin sadəcə Tərtərdə baş verməsi bunun “Tərtər işi” kimi adlandırılmasına rəvac verib. Amma, əslində, 1992-1993-cü illərdən başlayaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat bölməsi azərbaycanlı hərbçilərin nəzarətə götürülməsi və onlarla əməkdaşlığın formalaşdırılması üçün müəyyən əməliyyatlar keçirirdilər. Bu, təkcə I Ordu Korpusunun istiqamətində deyil, bütün istiqamətlərdə baş verən prosesdir. Yəni digər bölgələrdə – Füzuli, Beyləqan istiqamətində də bu hallara rast gəlinib. Vaxtilə şəxsən özüm Ermənistan kəşfiyyatıyla əməkdaşlıq edən hərbi qulluqçuların Ağır Cinayətlərə dair Respublika Hərbi Məhkəməsindəki məhkəmə prosesində iştirak etmişəm. Yəni belə hallar olub, sadəcə məsələnin hərbi birləşmə səviyyəsində araşdırılmasına dair tapşırıq I Ordu Korpusuna – Bərdə Korpusuna verilib. Onlar da bu məsələni bir qədər də geniş miqyasda qeyri-peşəkar səviyyədə həyata keçiriblər. Əslində isə biz yaxşı bilirik ki, casusun aşkarlanması və onların şəbəkəsinin müəyyənləşdirilməsi üçün əməliyyat işləri tamamilə fərqli formada həyata keçirilir. Yəni ənənəvi metodla – saxlayıb, döyüb, yaxud müəyyən təzyiqlər edib onu nələrisə təsdiqləməyə vadar etmək halları mümkün deyil. Çünki xüsusi xidmət orqanları casuslarını bu formada aşkar etmək təbii ki, mümkünsüzdür. Lakin bunlar qeyri-peşəkar bir iş fəaliyyəti ortaya çıxarıblar və bununla da real casusların izini itiriblər.

– Yəni siz deyirsiniz ki, mütləq xəyanət faktı olub, sadəcə metod səhv həyata keçirilib? 

– Elədi ki, var. Mən dəqiq bilirəm ki, Azərbaycan hərbçiləri, eləcə də mülki şəxslərin arasında Ermənistan kəşfiyyatına bu və ya digər formada casusluq edən şəxslər olub. Bunu kimsə inkar edə bilməz, çünki Azərbaycanda bununla bağlı məhkəmə prosesləri keçirilib. Eyni formada da Ermənistanda da Azərbaycana casusluq edən erməni hərbçilərin məhkəmələri keçirilib. Bu kəşfiyyat oyunu bir-birilə müharibə edən ölkələr arasında normal bir hadisədir. Sadəcə burada ortadakı fakt işgəncə faktıdır. Bu işgəncələrin edilməsinin tapşırığını kim verib? Doğrudanmı, Baş Qərargah rəisi, müdafiə naziri, o cümlədən Baş prokuror, yaxud respublikanın hərbi prokuroru belə bir tapşırıq veriblər ki, Tərtərdə hansısa bir hərbi hissəsinin kazarmasına hərbi qulluqçuları çağırın, onlara sual verin və etiraf etməyənləri döyün, sonra da öldürün? Bax, bu tapşırıqları kimlər verib, məsələ bunların aşkarlanmasıdır. Mən ona görə dedim ki, burada bir nəfəri günahkar hesab etmək olmaz.

Məsələnin digəri tərəfi isə budur ki, güc strukturlarında olanlar bunu yaxşı bilirlər ki, rəisin, yaxud komandirin hər bir əmri icra oluna bilməz, belə bir anlayış yoxdur. Əgər bu əmr qanuna və nizamnaməyə ziddirsə və burada cinayət tərkibi yaradan hallar varsa, bunu aşağı mənsublar icra etməyə bilər. Demək, burada əmri verən tərəf, o əmri aşağı strukturlara çatdıran və onların nəzarətini həyata keçirən bütün hər kəs burada məsuliyyət daşıyır. Əmrin Nəcməddin Sadıkov tərəfindən verilib-verilməməsi isə artıq istintaq materialları arasında həyata keçirilə bilər. Yəni faktlar olmalıdır.

– Bəs deputatların məlum məsələylə bağlı fəallıq göstərməsi nə ilə əlaqəlidir? 

– Mən parlamentin deputatlarının bu məsələylə bağlı açıqlamalarına çox təəssüf edirəm. O hadisələr 2017-ci ildə baş verib. 2017-ci ildən bu ilə kimi, Azərbaycanda zərərçəkən tərəflər – valideynlər, övladlar və s., həmçinin, bu məsələyə bağlı çıxış edən hüquq müdafiəçiləri və vəkillərin sözü bir dəfə də olsun parlamentdə səsləndirilməyib. Yalnız ölkə başçısı bu məsələnin araşdırılmasına dair tapşırıq verdikdən sonra bunlar sanki yarışa giriblər. Bir az əvvəl Zahid Oruc, sonra Qənirə Paşayeva, indi isə Fazil Mustafa… Bu məsələ artıq araşdırılır və onların danışması, habelə belə siyasi və populist fikirlər səsləndirməsi, əslində, cəmiyyətdə başqa fikir formalaşdırır və mən bu cür açıqlamaları istintaqa təzyiq kimi qiymətləndirirəm. Necə yəni, sən parlamentin deputatısan, amma durub deyirsən ki, filankəs həbs olunmalıdır?! Özün də hüquqşünassan. Çıxar sənədləri, faktları, apar, qoy, parlament sədri Sahibə Qafarovanın, Baş prokuror Kamran Əliyevin stoluna, denən ki, bu faktlara əsasən, filankəs həbs olunmalıdır. Yoxsa ki, bu, məktəbədəki uşaq münasibətləri deyil ki… Belə bəyanatlar vermək, belə fikirlər səsləndirmək doğru deyil. Başa düşürük, ölkədə Nəcməddin Sadıkova münasibət birmənalı deyil, hərə bir fikir söyləyir, Rusiyanın adamıdır və s. və i.a. O da başa düşür ki, bu fikri söyləsə, bunu alqışlayacaqlar. Ona görə də ictimai fikrə oynayan, buna yönələn şüar xarakterli açıqlamlar vermək Milli Məclisin deputatlarına yaraşmır.

– “AzadlıqRadiosu” ötən gün məlumat yaymışdı ki, “Tərtər işi”ylə bağlı bir general dindirilib. Lakin onun adı barəsində hər hansı bir açıqlama yoxdur…

– Təbii ki, dindirilən şəxsin kimliyini birmənalı söyləmək çətindir. Çünki mənim bununla bağlı məlumatım yoxdur. Bəkir Orucovun həbsinin də o məsələlərə qismən bağlılığıyla əlaqədar fikirlər səsləndirilmişdi. Amma mən bilmədiyim, dəqiq məlumatım olmayan bir məsələylə bağlı danışa bilmərəm. Deyim ki, Nəcməddin Sadıkov cəlb olunmuşdu, bu, doğru deyil. Yaxud Zakir Həsənov cəlb olunmuşdu, bu da doğru olmaz. Yeri gəlmişkən, müdafiə nazirinin adı belə bu məsələlərdə çəkilmir. Belə çıxır ki, həmin strukturu Nəcməddin Sadıkov idarə edirdi? Qısası, burada çox absurd bir vəziyyət yaranır.

Mənə elə gəlir ki, insanlarımız fərqli fikirləri dinləyərək müəyyən dilemma qarşısında qala bilər. Yəni necə ola bilər ki, hərbi birləşmənin rəisi özbaşına hansı addımı atsın? Biz yaxşı bilirik ki, hərbi hissədə baş verən proseslərə hərbi hissə komandiri, hərbi hissəsinin hüquqşünası, həmçinin, xüsusi xidmət orqanının orada fəaliyyət göstərən “osobı otdel”i nəzarət edir. Bu hadisələr isə 2017-ci ildə baş verib. Ola bilərmi ki, bu qurumların, şəxslərin, prokurorluğun bu məsələlərdən xəbəri olmayıb? Burada belə amillər və məqamlar var. Çayxana söhbəti etməyə nə var ki?! 2×2-dir. Gedək, başlayaq, danışmağa. Görürəm də, efirə çıxır, mətbuatda elə fikirlər səsləndirirlər ki, bu, tamamilə çayxana söhbətidir. Amma məsələləri doğru-düzgün analiz etmək lazımdır. Hazırkı vəziyyətdə isə birmənalı fikir söyləmək mümkün deyil.

 

Tacxeber.com

Oxşar xəbərlər