“Neçə oyundur ki, azarkeş baxımından kasadlıq idi. Bu gün bizimlə idilər. Onlarla stadionda olmaq yaraşır. Futbolçularımı təbrik edirəm. İlin son matçı olmasına baxmayaraq, istək, konsentrasiya çox vacib idi. İlk dəqiqədən sona kimi bunu qoruyub saxlaya bildilər. Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər. Mahmud Qurbanova və komandasına uğurlar arzulayıram”.
Tacxəbər qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 18-ci turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandanın qış fasiləsinə kimi çıxışı haqda bunları söyləyib: “Burada bir-bir hamısını söyləmək mənim üçün asan deyil. Gərək geriyə qayıdım, hansısa oyunu düşünüm. Ümumən futbolçularımın yanvar ayından bu günə kimi olan çıxışından tam razı qaldım. Çox möhkəm bir il keçirdilər. Bəzi oyunları çıxmaq şərtilə çox istəkli kollektiv gördüm”.
Mütəxəsiss hazırda komandada yolları ayıracaqları bir futbolçu olmadığını vurğulayıb.
Q.Qurbanov futbolçusu Ramil Şeydayevin builki çıxışı ilə bağlı söyləyib: “Ondan bu cür çıxış gözləyirdim. Çünki, onu inanaraq komandaya götürmüşəm. Ramilin fiziki yükləmələri qəbul edəcək orqanizmi var. Oyun baxımından onda xeyli irəliləyiş var. Ramilə inanırdım. Ona görə də çox oyunlarda onu start heyətdə meydana buraxırdım. Onun performansına ancaq sevinirəm. O, dayanmalı deyil. Əksinə, gələn il daha da bacarıqlı və istəkli olmalıdır”.
O, Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri “Gent” haqda da danışıb: “Rəqib haqda məlumatım var. Oyunlarını da izləmişəm. Qarşıda vaxt çoxdur. Ola bilər ki, bizimlə oyuna kimi komandada ümumi dəyişikliklər olsun. Qarşıdakı vaxtlarda “Gent”lə daha yaxından tanış olacağıq”.