• 27 Sentyabr 2024 21:21

“Pulun varsa min, yoxdursa, suyun süzülə-süzülə uşaqların yanında pərt olub qayıt evinə…”

 

Üç yaşlı nəvəmlə Bulvara getdik atraksionlara minməyə, bəxtəvər başımıza. İki dəqiqə balaca qatar gedir, qiyməti 2 manat. Qardaş, mən “Azneft”dən Yasamala 2 manata gedirəm, siz dılğır qatara görə həmin pulu alırsınız? İnsafınız var? Həmin atraksionlara gələnlərin əksər hissəsi heç də geniş imkanlara malik olanlar deyil, bilirsinizmi bunu? Mənim yanımda bir kişi iki uşaqla geri döndü ki, bahadır.

Bilirəm e, indi gəlib mənə bazar iqtisadiyatından danışanlar olacaq ki, qiymətləri bazar tənzimləyir, mal satılırsa, qiyməti niyə salım… Düzdür, tam razıyam, haqlısınız, amma bunların hamısı digər hallara aid ediləndə məntiqli səslənir. Məsələn, Hoteldir, 300 manatım yoxdur, gedib gecəsi 50 manatlıqda qalaram. Burada isə seçim yoxdur, karusel 3 manatdır, alternativi isə yoxdur. Pulun varsa min, yoxdursa, suyun süzülə-süzülə uşaqların yanında pərt olub qayıt evinə. Yaxşı, bunu qoyaq kənara, insafdır, tamahdır, bizim məmləkətdə kino kimi qəliz məsələlərdir, keçək digər məsələyə. Deməli, qatara minmək üçün gərək uzun bir növbəyə durasan kassaya, orada sənə plastik kart verirlər və bu karta görə əlavə iki manat da girov götürürlər.

Gedib atraksiona minirsən, sonra yenidən həmin uzunluğunda olan növbəyə durursan ki, kartı qaytarıb iki manatını geri götürəsən.

Yəni iki dəqiqəlik atraksiona minmək üçün bir saat növbələrdə durmalısan.

Bu nə sistemdir belə?

Mən hədsiz dərəcədə böyük ümid edirəm ki, Bulvar İdarəsində çöldə XXI əsrin olduğu haqda məlumatlı insanlar var, müasir texnologiyalar, kosmosa uçuşlar, kartla nəğdsiz ödənişlər-filan.

Ola bilsin ki, atraksionlardan gələn gəlirlər yetərli deyil və xaricə getmək imkanları yoxdur, o zaman dəvət etsinlər gəlib onlara bir az danışım, bilsinlər, dünyada nələr var. Özü də tam ödənişsiz, onlarda pul nə gəzir…

Tacxeber.com

Oxşar xəbərlər