• 23 Noyabr 2024 00:58

“Bu, həm “Qarabağ”, həm də Kadi üçün xeyirli olar” – Tahir Gözəl

 

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın 2022-ci ildəki çıxışını dəyərləndirib.

Tahir bəy Gənclər və İdman Nazirliyinin ilin yekunlarına həsr olunmuş qala mərasimində jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bu ili “Qarabağ” üçün müsbət qiymətləndirirəm. Bütün hədəflərimizə nail olmadıq, amma komanda sərgilədiyi oyun ruhu ilə Azərbaycanın sevgisini, hörmətini qazanıb və ölkənin cəsarətli ruhuna ilham verib. Klubumdan çox razıyam. 2023-cü ildən gözləntilərə gəlincə, əsas istəyimiz təbii ki, ölkə çempionluğudur. Avropa Konfrans Liqasında da “Qarabağ”dan uğurlar gözləyirəm. İnanıram ki, gözəl nəticələr əldə edəcəyik”.

Klub prezidenti Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçməyə hazırlaşdığı barədə xəbərləri də təsdiqləyib:

“Bu, bizim üçün sevindirici haldır. Artıq “Qarabağ”ın oyunçuları dünyanın gündəmindədir. Klub öz adıyla, futbolçuların bir sonrakı mərhələyə getməsi üçün xaricdə bir vasitə olub. Bunu müsbət qiymətləndirirəm. “Krasnodar”ın ciddi istəyi, arzuları var. Müəyyən məbləğlər var. Danışıqlar gedir. Futbolçunu arzusu olmadan bir yerdə saxlamaq çox çətindir. Şəxsi motivasiyası çox önəmlidir. Hesab edirəm ki, keçid baş tutsa, klub və Kadi üçün xeyirli olar. Bu, əlavə büdcədir. Bu da Qurban müəllimin əlindədir. İstəsə, arzu etdiyi futbolçuları gətirmək üçün xərcləyə bilər. Hələ bitən bir şey yoxdur. Danışıqlar gedir. Marko Veşoviçlə də bağlı eyni sözləri deyə bilərəm. Danışıqlar davam edir”.

Gözəl baş məşqçi Qurban Qurbanova da təkliflərin olduğuna dair xəbərlərə isə belə münasibət bildirib: “Qurbanov “Qarabağ”ı, “Qarabağ” da onu buraxan deyil. O klubu, klub onu yaratdı. İnanıram ki, işbirliyimiz uzun illər davam edəcək. Yeni transferlərə gəlincə, bu da Qurban müəllimin tam səlahiyyətindədir. Biz şirkət rəhbəri olaraq bu işlərə qarışmırıq. Onun seçdiyi adlara həssas yanaşırıq. Onu dəstəkləyirik”. (Komanda.az)

Tacxeber.com

Oxşar xəbərlər