Xəbər verdiyimiz kimi, ötən həftə Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub. Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb. Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.
Maraqlıdır, görəsən, vətəndaşlar uzunqulaq ətini yesəydi, nə baş verəcəkdi? Ümumiyyətlə, eşşək ətini yemək olarmı?
Metbuat.az-a danışan qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov deyib ki, öncəliklə, at və ya eşşək ətindən yemək hazırlamaq, süfrəyə təqdim etmək kimi bizim mədəniyyətimiz yoxdur:
“Eşşək və ya ətindən hazırlanan yemək, onun süfrəyə təqim edilməsi kimi mədəniyyətimiz yoxdur. Ona görə də mən düşünürəm ki, bu ətlərin satışı da qadağan olunmalıdır. Qarşısının alınması da düzgün addımdır. Bir var insanlar özləri yeməkdə at və ya eşşək əti tələb etsin, o başqa məsələ. Bizdə kim razı olar uzunqulaq ətini yeməyə?
Ümumilikdə, ətlərin zərərli olması, parazitlərə yoluxması və yaxud mikrobioloji çirklənməsi əsas məsələdir. Yəni əgər ət, mikrobioloji çirklənməyə məruz qalırsa, o zaman insanlara zərərli ola bilər və bu eşşək ətini satan insanlar da çox güman ki, o ətləri mikrobioloji çirklənməyə məruz qoyub satırlar. Çünki belə insanlar vicdan deyilən bir şey yoxdur”.
Ekspert qeyd edib ki, marketlərdə bu məsələyə ciddi nəzarət var. Belə hallara daha çox küçə satışında rast gəlmək olur. Ağa Salamov həmçinin bəzi məsləhətlər də verib:
“Maşınları saxlayıb mənşəyini bilmədiyimiz ət satırlar. Bunlardan bir az uzaq durmaq lazımdır. Bir də insanlar ətin rənginə diqqət etsinlər. Əgər qaralmış ətdirsə, sarı rəngdə yağları çoxdursa, bu, artıq onun at və ya uzunqulaq əti olmasından xəbər verir. Çünki olein turşusuna digər heyvanlara nisbətən, at və uzunqulaq ətində daha çox rast gəlinir.
Onların əti də həm də gec bişir. Gec bişəndə də ət yumşalmır. Diş də bunu parçalamır, məcbur qalıb uduruq. Bununla da həzm sistemi pozulur”.
Ekspertin sözlərinə görə, daha çox işlədilən atın, eşşəyin əti satılır. Ya da ki həmin heyvanlar qocalanda və yaxud xəstələnəndə, yararsız bir hala gələndə kəsib satırlar:
“Ona görə də Azərbaycanda at və eşşək əti almaq təhlükəlidir”, – deyə o vurğuladı.