Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı və ictimai-siyasi xadimlə görüşüb, bu görüşdə Qərbi Azərbaycan, tarixin müxtəlif dövrlərində oradan deportasiya olunan və qovulan yüz minlərlə oydaşımız, ata-baba yurduna qayıtmaq imkanlar və bununla bağlı ciddi fəaliyyətin göstərilməsi ətrafında müzakirələr aparılıb.
Teleqraf.com bu görüşdə iştirak edən xalq şairi Vahid Əzizlə söhbətləşib, Tacxeber.com olaraq bu müsahibəni sizə təqdim edirik:
– Vahid müəllim, dekabrın 24-də Prezident Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşüb və bir sıra mesajlar verdi. Siz həmin görüşün iştirakçısı olmusunuz. Təəssüratlarınız necədir?
– Təəssüratım və münasibətim yüksək səviyyədədir. Bu işlər xalqımıza lazımlı işdir, dədə-baba torpaqlarımıza qayıtmalıyıq. Böyük ümidlər və inam bəxş edən görüş və müzakirələr oldu. Aydındır ki, Ali Baş Komandan daima xalqımıza və xalqımız da ona inanır. Biz prezidentin son mesajlarını ciddi qəbul edirik və hamımız bir olmalıyıq. Söhbət Qərbi Azərbaycan toplumundan getmir, istər qarabağlı, istərsə də tovuzlu və ya qusarlı olsun. Biz hamımız bir yerdə olmalı, yumruğumuzu bir yerə vurmalıyıq. Qərbi Azərbaycan bizim hamımızın vətənidir və ora qayıtmaq, yaşamaq haqqımız var. Bunun üçün də işlər görülməlidir. Cənab prezident də çox ciddi mesajlar verdi və bunların hamısı birmənalı dəstəkləndi.
– Biz tarixi torpaqlarımıza, ata-baba yurdumuza qayıtmaq üçün ortaya iradə qoyuruq?
– Prezidentin nitqi maraqlı, mükəmməl və konkretdir. Dövlət başçısı səviyyəsində zarafat olmur. Əgər dövlət başçısı elan edirsə ki, biz davasız, qarşıdurmasız tarixi torpaqlarımza qaydacağıq, deməli, belə də olacaq. Əlbəttə, ermənilər bizə rişxənd edə bilər, ancaq biz ata-baba yurdumuza ağılla, ideologiya və ciddi fəaliyyətlə qayıdacağıq. Bunu da təbliğ etmək lazımdır və ilk növbədə ora qayıtmaq üçün dünyanı inandırmalıyıq ki, bu, bizim torpaqlarımızdır. Ona görə deyirəm ki, kimin harada olmasından asılı olmayaraq ideoloji işlə məşğul olmalıyıq. Qəzetlər, jurnallar, televiziyalar daha fəal olmalı, yazmalı, tarixi araşdırmalıdırlar. Eləcə də qədim xəritələr ortaya çıxarılmalıdır. Vaxt olub ki, İtaliya və Rusiyada xəritələr hazırlanıb və orada Ərmən dağları ifadəsinə yer verilib. Bunlar hamısı faktdır. Belə məsələlər ortaya qoyulmalıdır.
– Qərbi Azərbaycana, tarixi torpaqlara qayıtmaq üçün biz nə etməliyik?
– Azərbaycan prezidentinin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı çıxışı var. Prezidentin çıxışı əslində qısa tezislərdir və bir çox məsələləri əhatə edir.
– Prezident mesajlarını verdi və bunlar son dərəcə ciddi mesajlardır. Amma sizin icmanın da üzərinə böyük məsuliyyət düşür. Bundan sonra işlər, təşkilatçılıq və fəaliyyət necə gedəcək?
– Təşkilatçılıq deyəndə bu böyüklükdə icma niyə yaranıb? Ciddi işlər aparılacaq. Mənim qənaətimcə, əgər icma yaranıbsa, deməli, bu, ciddi məsələdir. Ona görə yaranıb ki, təşkilatçılıq olsun.
Prezidentlə görüş zamanı mən təklif etdim ki, “Dərələyəz”, “Vedibasar” və sair qəzetlər olub. Bunların hamısı dövlət tərəfindən maliyyələşdirilməlidir, daha özünə sponsor axtarmalı deyil. Eləcə də kitablar buraxılmalıdır. Əlbəttə, dünyanı faktlarla, konkret yazılarla, müxtəlif dillərdə çıxışlarla inandırmaq lazımdır ki, reallıq necədir. Eyni zamanda bizim hörmətli Diasporla İş üzrə dövlət Komitəsi xaricə çalıb oxuyan müğənnilərlə yanaşı bu işlərdən başı çıxan mütəxəssisləri də aparmalı, onlar üçün tribuna yaratmalı, çıxışları üçün şərait qurmalıdır. Yəni gələcəkdə bizim Qərbi Azərbaycana davasız və qansız qayıtmağımız üçün dünya bizə inanmalıdır. İki erməni səs-küy salanda ağızlarına vurmalıdır ki, yerlərini bilsinlər. Bilsinlər ki, əsl həqiqət iki-üç erməninin dediyi yalanlar üzərində qurulanlar deyil.
– Amma bu işləri görmək üçün böyük maliyyə, ideoloji fəaliyyət lazımdır…
– Azərbaycan Prezidenti bunları vurğuladı. Nəzərə almaq lazımdır ki, bu işləri Prezident Aparatında əyləşən bir təlimatçı etmir, ölkəmizin prezidenti, dünyanın ən sanballı siyasətçilərindən biri görür. Bu işin başında duran kimdir? Cənab prezident! Maliyyə də prezidentin nəzarətindədir. Əgər bu kişinin oğlu milyardlarla silah ala bildisə, qalib Azərbaycan ordusu yaradıb düşmən üzərundə sarsılmaz qələbə qazandısa, ideoloji işimizin bu istiqaməti üçün maliyyə tapmayacaq?..Sözsüz ki, tapacaq. Həm də bizim görəcəyimiz işlər bir tankın qiymətində deyil. Odur ki, bu işlər həll ediləcək. Prezident İlham Əliyev dediyi sözü edən kişilərdəndir, sözünün qiyməti hər zaman var və bunu dünyanın aparıcı siyasətçiləri açıq etiraf edib.
– Qərbi Azərbaycan məsələsi niyə indi gündəmə gəlir, bunun üçün indi daha yaxşı zəmin var?
– Bu məsələ hər zaman gündəmdə olub. 1988-ci ildə ermənilər hay-küy salmağa başlamazdan əvvəl mən Veliçkonun Qafqaz əsərini 5 dəfə və hər birini 100 min tirajla çap etdim. Bu əsər 1904-cü ildə Sankt Peterburqda işıq üzü görüb. Maevskinin Parisdə 1922-ci ildə yazdığı kitabı təkrar çap etmişik. Eləcə də tatar müəllifinin kitabını, Mixail Qlinkanın əsərini təkrar çap etmişik.
Qəribədir ki, mən bu kitabları kanallarda göstərəndə sözümü kəsiblər. Təxminən 12 kitabı yenidən çap etdik, ümumən çox iş gördük. Təəssüflər olsun ki, o vaxt hakimiyyətdə adamlar vardır ki, ermənipərəst idilər və başımızdan basdılar. Şəxsən məni buna görə cəzalandırdılar. Şükür Allaha, indi hər şey öz yolunu tapır. Odur ki, hamımız işləməliyik. Bu kitablar çap edilməli, yayılmalı, lazımdırsa erməni dilində də olmalıdır. Lazım gəlsə erməni dilində radio olmalı və bu kitablar erməni dilində oxunmalıdır. Mən şəxsən bu işi çox görmüşəm, yatanlar isə həmişə yatır. Mən hər zaman ayıq olmuşam. İdeoloji işlər zəif olub, inşallah indi gücləndirəcəyik. Əsas odur ki, Azərbaycan prezidentinin iradəsi var və bu iş görüləcək.
Birdaha qeyd edirəm ki, hər bir yaradıcı şəxs, ziyalı cənab prezidentin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı müfəssəl nitqini oxumalı və bu iş uğrunda imkanı daxilində işlər görməlidir.
– Siz prezidentlə söhbət əsnasında təkliflərinizi səsləndirmisiniz?
– Elə bizim söhbətimiz bu mövzularda oldu. Görüşdən sonra hamımızın əlini sıxdı, çox sadə və intellektual, dünyanın indiki tələblərini bilən dövlət başçısıdır. Mən həmin görüşdə nə gördüm, bunu demək istəyirəm. Prezidentdə kişi abır-həyası gördüm. Bilirsinizmi, onun haqqında tərifli sözlər deyəndə özünü narahat hiss edirdi. Başqası tərif eşidəndə gülər və sevinərdi. Amma İlham Əliyev onu tərifləyəndə özünü narahat hiss edirdi. Bu, kişi həyasıdır. Əgər kişidə həya varsa, əsl kişidir.