Qol.az Qarabağ futbol klubunun baş məqçisi Qurban Qurbanovdan geniş müsahibə götürüb. Bu maraqlı müsahibəni Tacxeber.com olaraq Qol.az-a istinadən sizə təqdim edirik.
Birinci hissə
Yasamal rayonu ərazisində, Dövlət Sosial Müdafiəsi Fondu yaxınlığında Qurban Qurbanova məxsus “My Class” adlı Fitnes-spa mərkəzi fəaliyyət göstərir. Açılışı olub hardasa 6, ya 7 ay əvvəl. Kiçik reklam olsa da qeyd edim ki, bu idman məkanında həqiqətən keyfiyyətli, səviyyəli iş görülüb.
“My Class”da Qurban müəllimin özünün ayrıca bir otağı da var. Səliqəli və gözəl. Kreslosu, başı üzərində buranın ona məxsus olduğunu simvolizə edən bəzəkli kiçik bir lövhəcik də var. Üzərində bir hərf iki dəfə təkrarlanlanır – QQ. Yəni Qurban Qurbanov…
– Qurban müəllim, əvvəla məkanınız xeyirli-uğurlu olsun. İndi yadıma düşür ki, sizinlə son dəfə 4 il əvvəl geniş müsahibə etmişdim. Yəni arada nə qədər böyük zaman fərqi olduğunu görürsünüz…
– Elə çox vaxt keçib, hə?
– Sanki bir göz qırpımında. Odur ki, bəri başdan deyim ki, ola bilsin, bu gün sizi suallarımla çox yordum.
– Buyurun…
– Bir halda ki, yeni məkanızda qonağam, istərdim elə ondan başlayım ki, bu gün dünyada idman aləminin tanınan simalarının əsasən otel, restoran kimi biznesləri var. Siz idman sağlamlıq mərkəzi yaratdınız.
– Mənim Elnur adında yaxın dostum var. Onunla bu barədə həmişə müzakirələrimiz olurdu ki, idmana aid nəsə bir iş görək. Düzdür, futbolun içində oluram. Harada nə etmək olar deyə maraqlanmırdım. Elnur tərəfindən mənə təklif edildi ki, belə bir şey etmək olar. Mənim də peşəmə uyğun olduğundan bu işə başladıq.
– Tanış olduğum qədəri ilə burada fitnes zalı, üzgüçülük hovuzu, saunalar var.
– Var, bəli. İstirahət etmək, hətta idman formasını qoruyub-saxlamaq üçün hər bir şərait var.
– İnsanlar burada sizi görəndə reaksiyaları necə olur? Az əvvəl bura ilə məni tanış edəndə gördüm ki, sizinlə görüşmək istəyənlər az deyil.
– Ümumiyyətlə, mənim üçün də maraqlıdır. Əfsuslar olsun ki, yenə futboldan danışırıq, futbol barədə suallar verilir (gülür). Amma maraqlı keçir. Uşaqlar olur, şəkil çəkdirənlər olur.
– Özünüz də camaatın arasında istirahət edirsiniz, yoxsa məşhur insanlara xas tərzdə ancaq VİP otaqlara üstünlük verirsiniz?
– Yox, yox. Daha çox camaatın içində oluram.
– Yəni sadə insanlara qarışıb-qaynayırsınız.
– Bəli, bəli.
– Burada olanda sizdən daha çox nə haqda soruşurlar?
– Futbol, nəticə, “Qarabağ” haqqında.
– Sizdən gözləntiləri nə olur?
– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəli, siz məndən daha yaxşı bilirsiniz, amma məsələn, bunu etsəniz, daha yaxşı olar. Hücumçu gətirsəniz, müdafiəçi, qapıçı gətirsəniz hər şey düzələr. Hərə bir fikir bildirir. Futbol elə bir oyundur ki, hər bir insanın xoşladığı, güvəndiyi futbolçu da olur, xoşlamadığı da. Biri müdafiəçidən, biri yarımmüdafiəçidən, biri hücumçudan, biri qapıçıdan danışır. Deyirlər ki, Qurban müəllim bunu belə etsəniz, daha yaxşı olmazmı? Amma yekunda mənimlə razılaşırlar.
– Bəzən oyunlardan sonra azarkeşlər deyirlər ki, Qurban Qurbanov bu taktikayla oynasa idi yaxşı olardı. Bir dəfə Aqil Abbas zarafatla yazmışdı ki, ölkədə hamı məşqçidir, Qurban Qurbanovu öyrədir. Belə şeylərə reaksiyanız necə olur?
– Ümumiyyətlə, normal yanaşıram. Çünki bu, bütün dünya futbolunda olur. Elə bir ölkə futbolu, məşqçi, komanda yoxdur ki, o, öz azarkeşləri tərəfindən müzakirə olunmasın. Mənim özümə gəldikdə, bilirsiniz ki, sosial şəbəkələrdə olmuram. Belə şeyləri özlüyümdə çox da müzakirəyə çıxarmıram. Amma sadəcə tanınmış şəxslərin, futbola yaxın adamların bəzi fikirlərini oxuyanda, mənə az da olsa təsir edir. Çünki axı məni, komandanı tanıyırlar. Bəziləri ilə futbol haqqında müzakirələrimiz çox olub. Biz çatışmazlıqları çox danışırıq. Bu gün Avropa futbolu ilə ayaqlaşa bilmərik. Onların gücü başqa, bizim gücümüz başqa.
– Siz belə düşünürsünüz ki, bunlar mütəxəssis rəyinə yaxın olmayan fikirlərdir?
– Mütəxəssisliyə yaxın olanların fikri mənə bir az təsir edir.
– Yəni, sizə görə, bu fikirlər reallıqdan kənardır?
– Bəli. Elələri var ki, onlar sırf işin içində olan insanlardırlar. Hətta dərindən fikirləşən, bu işləri dərindən bilənlərdilər. Ümumiyyətlə, mən tənqiddən qaçan biri deyiləm. Əksinə, bu, həmişə mənə kömək edir. Sadəcə Azərbaycan futbolunu insanlara sevdirmək, onları inandırmaq lazımdır. Bunun üçün də düzgün, insanları cəlb edən fikirlər çox vacibdir. Futbola antipatiya son vaxtlar həddindən artıq çoxalıb. Haradan gəldi, necə gəldi… Son vaxtlar Azərbaycan futbolunda bəlkə yalnız “Qarabağ” haqqında pozitiv danışırlar. Amma ümumilikdə futbolumuz barədə neqativ rəylər çoxdur.
– Başadüşüləndir. Bu, nəticədən qaynaqlanır.
– Deməli, bunu necəsə dəyişmək vacibdir. Cəmiyyətdə o fikri formalaşdırmaq lazımdır ki, pozitivliyə doğru düşüncələr daha da çoxalsın.
– Amma insanların fikrini pozitivliyə doğru necə dəyişmək olar? Bunu dəyişməyin yeganə yolu, son dayanacağı nəticədir. Əlbəttə ki, nəticə olmayandan sonra biz insanların fikrini dəyişə bilmərik. Baxın, “Qarabağ”a münasibət ümumən yaxşıdır. Amma yenə də azarkeş gözləyir ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynasın, Avroliqada qrupdan çıxsın. Bu gün elə bir durum yaranıb ki, artıq Konfrans Liqasının pley-offunu belə qəbul etmək istəməyənlər var. Mən hesab edirəm ki, bu, nöqsanlı yanaşmadır. Çünki futbolun içindəyəm. Bilirəm ki, komanda nədir, necədir. Amma ümumiyyətlə, Azərbaycan futbolunun acı mənzərəsindən danışırıqsa, bu gün “Neftçi” kimi klubumuz Konfrans Liqasında belə qrupa düşə bilmir. Milli komandamız qrupda qalır. Sanki missiya bir tək “Qarabağ”ın üzərindədir. Bəs, o birilər? Bu mənada deyirəm ki, azarkeş necə pozitiv düşünsün?
– Aydın, bəli, bu gün bizim Konfrans Liqasının pley-offuna düşməyimizi ola bilər ki, insanların bir hissəsi uğursuz saysın. Mən əvvəl də fikrimdə bildirdim ki, biz hər şeyə real baxmalıyıq. Yəqin yadınızdadır, əvvəllər mən həmişə deyirdim ki, Avropa on addım irəli gedir, biz isə bir. Hal-hazırda isə elə vəziyyət yaranıb ki, onlar yenə on addım irəli gedirlər, amma biz artıq hətta bir addım geri gedirik. Mən bunu boşuna, havadan demirəm də. Çünki mən nə qədər “Qarabağ”da, öz işimdə olsam da, dünya futbolu ilə də maraqlanıram. Baxıram ki, ölkələr nə cür inkişaf edirlər, nəyə daha çox yatırım edirlər. Bu gün bizim futbolumuz çox müzakirə olunur. Verilişlərə baxıram. Bəzi yazıları oxuyuram. Elə bugünlərdə, Aydın sənin də iştirakınla İctimai TV-dəki müzakirənizə baxdım. Uşaq futbolundan danışılırdı. Hara getsən, uşaq futbolunu hamı müzakirə edir. Kimdən soruşsan – hər bir mütəxəssisdən, azarkeşdən soruşsan, danışacaq.
– Elə mən də o mövzuya gələcəkdim. Siz bu işin içindəsiniz, yetəri qədər də məlumatlısınız. Mütəxəssisləri də tanıyırsınız. Onlarla söhbət edəndə siz onun futbol beyninin, savadının hara qədər olduğunu hiss edə bilirsiniz. Bu gün uşaq futbolumuzda hansı problemlər var? Mən istəyirdim ki, bu mövzuya üzdən toxunmayaq. Dərinliyə gedəndə siz orada nələri görürsünüz?
– Blirsiniz necədir, ümumən uşaq futbolunu inkişaf etdirmək, yaxşılaşdırmaq üçün nə böyük bir vəsait lazımdır, nə həddindən artıq böyük bir bacarıq. Sadəcə olaraq yaxşı bir ürək, istək, vətəni, Azərbaycanı sevən insanlar lazımdır. Bir qrup kimi müzakirə edək ki, uşaq futbolunda necə inkişaf etmək olar. Əgər biz indidən futbolumuzun özəyini bərkitməsək, sabah – 3, 5, 10 ildən sonra bütün klublarımızın Konfrans Liqasında, Avropa Liqasının qrupunda oynamasını təmin edə bilməyəcəyik. Bəli, bu il biz Konfrans Liqasının pley-ofuna düşdük. Amma ola bilər ki, gələn il heç bu da alınmasın.
– Bayaq qeyd etdiniz ki, Avropa on addım irəli gedir, biz bir addım geri. Bu gün futbolumuzda uğurlardan danışanda ancaq “Qarabağ” göz önünə gəlir. Uğur olanda isə hamı eyforiyaya qapılır. Tələblər olur ki, “Qarabağ” hətta Konfrans Liqasının qalibi də olmalıdır. Yəni, insanlarımız bugünkü reallıqdan uzaq arzular səsləndirir. Bəs sizdə bir narahatlıq varmı ki, sabah “Qarabağ” da qrup mərhələsinə düşməyə bilər?
– Narahatlıq yoxdur. Amma mənim gözləntilərim var. Futbol belədir. Mən ondan narahat deyiləm ki, biz bacarmayacağıq, zəifik. Allaha şükürlər olsun, dəfələrlə olub ki, özümüzdən güclü komandalara qalib gəlmişik. Bəzən bəxtimiz gətirib. Amma elə də olub ki, daha yaxşı nəticə əldə etməli olduğumuz halda uduzmuşuq. Bu gün dünya futbolu, dünya çempionatı, Çempionlar Liqasındakı oyunlar da təsdiq edir ki, futbolda hər cür nəticə ola bilər. Böyük klublar, ölkələr məğlub olublar, turniri tərk ediblər. Məsələn, Niderland, Braziliya kimi milli komandalar yarışda mübarizəni dayandırdılar. Bu, sabah bizim də başımıza gələ bilər.
– Mən işin taktiki-texniki tərəflərini kənara qoyuram. Söhbət ümumi hazırlıq planından, kadr problemindən gedir. Bu gün siz yerli oyunçular sarıdan nə qədər rahatsınız? Azərbaycanlı futbolçularla, lap elə “Qarabağ”ın yerli oyunçuları ilə hara qədər getmək olar? Problemlər var də. Məsələn, biz deyə bilmərik ki, “Neftçi”də pis oyunçular toplaşıb. Sadəcə olaraq hardasa iş düzgün getmir. Mən o mənada deyirəm.
– Bəli, narahatlıq var. Bu gün mən çox istərdim ki, komandamda yerli futbolçuların sayı çoxalsın və daha da bacarıqlılar olsunlar. Amma təəssüf ki, bunlar yoxdur. Hətta ümumiyyətlə, azalmağa doğru gedir. Hazırda milli səviyyəsində yalnız qrup halında futbolçu var. 10, 15, 20 yerli futbolçu bütün klublara bəs etmir. Bu gün onların hərəsinin bir klubu var. 4 nəfər yaxşı futbolçu bir klubdadır, 3 nəfər bir başqasında, 5 nəfər bizdə. Amma sabah onları qoruyub-saxlamaq, daha da irəli aparmaq, onlarla çıxıb Avropa arenasında oynayıb nəticə qazanacağlma dair narahatlığım var.
– Bəs, yaxşı, yerli futbolçuların azalmasına nə səbəb olur?
– Mən buna qısa cavab verəcəyəm. Bu gün sırf bu cür olmalıdır deyə fikir bildirmək düzgün çıxmaz. Ümumiyyətlə, Azərbaycan futboluna cavabdeh insanlar var. Bu gün klub səviyyəsində öz klubum, nəticələrim haqqında düşünə bilərəm. Amma ümumən Azərbaycan futbolunun gələcəyi barədə hamının düşündüyü fikirlər var. Uşaq futbolu, yerli çempionatın səviyyəsi inkişaf etməli, yaxşı xarici oyunçuların bura gəlməsi lazımdır. Mən sizə bir söz deyim, bizim hazırda çox yaxşı yerli məşqçi qrupumuz var. Onların hərəsinin öz düşüncələri var. Mən həmin məşqçilərin hamısını tanıyıram. Onların hamısı, təsəvvür edin, günün 15-20 saatını öz işinə sərf edir. Bu, ən vacib amildir. İşlərini sevirlər.
– Sizin bir sözünüz vardı, demişdiniz ki, məşqçi, futbolçu futbolla yatıb, futbolla oyanmalıdır.
– Bəli…
– Dediyiniz məşqçilər kimlərdir? Ad çəkə bilərik?
– Əlbəttə. Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev, Samir Abasov, Elmar Baxşıyev… Bəlkə, kimsə yaddan çıxdı. Üzrlü hesab etsinlər. Bu məşqçilər ancaq futbolu fikirlərişlər. Mənim köməkçim Elçin Rəhmanov onlarla görüşür, müzakirələrinə qulaq asır. Deyir ki, bu məşqçilərin arasında nə cür müzakirələr gedirsə, şoka düşürəm. O, elə, bu belə, taktika elə, filan məşqçi belə, sistem elə – o qədər müzakirələr edirlər ki.. Hamı bir-birini tanıyır də. Birlikdə futbol oynayıblar, birlikdə böyüyüblər. Ümumiyyətlə, biz bu cür insanları qorumalıyıq. Onlara şərait yaratmalıyıq, ümumi səlahiyyətlərini daha da genişləndirməliyik.
– Belə şərait varmı, olurmu? Onlar üçün dediyiniz imkanlar yaradılırmı?
– Bu, klublardan asılıdır.
– Siz dediniz ki, mən öz klubum haqda danışa bilərəm. Mən istəmirəm ki, bizim söhbətimiz ancaq sual-cavab formasında olsun. Mənim fikrimə görə, təşkilatçılıqla, idarəetmə ilə bağlı da yetəri qədər problemlər var. Bundan da danışağın. Bayaq qeyd etdiniz. Elə efirdə də mən bunu bir neçə dəfə səsləndirmişəm. Məsələn, cəmiyyətin, medianın, futbol mütəxəssislərinin haqlı iradlarının eşidilməməsi kimi problemlər var. Milli komandanı götürək. Uğursuz nəticələr davam edir. Konkret ad çəkə bilərik ki, baş məşqçi Canni de Byazinin 3 mərhələdə – 2 dəfə Millətlər Liqasında, 1 dəfə də Avropa çempionatının seçmə mərhələsində uğursuz nəticələri olub. Amma onunla müqavilə uzadılıb… (sözümü kəsir)
– Aydın, gəl, məncə, o yelərə getməyək. Mən bir fikir bildirəcəyəm. Milli, De Byazi və ya digərləri haqqında danışmayaq. Bir sahəni inkişaf etdirmək üçün proqram cızırsan də. Biz futbolumuzu necə inkişaf etdirə bilərik? Bunun üçün 2-3 düstur var: Uşaq futbolu, klub futbolu, milli komanda. Bu gün uşaq futbolumuzu yetəri qədər inkişaf etdirə bilmişikmi?
– Xeyr!
– Klub futbolunu inkişaf etdirə bilmişikmi? Xeyr! Millini inkişaf etdirə bilmişikmi? Xeyr! Bunun üçün bizim heç bir düsturumuz yoxdur, sistemimiz yoxdur.
– Bəs, siz millinin baş məşqçisi olanda bu sistemi qururdunuzmu?
– Qurmaq deyəndə ki, mənim təkliflərim oldu. Düzdür, mən keçmişə qayıtmaq istəmirəm. Sadəcə nə fikrim var, açıq bildirirdim. Hətta təqdimetmə mərasimində, ilk müsahibəmdə demişdim ki, ümumiyyətlə, biz sağlam idmançı, futbolçu yetişdirməliyik. Bu fikrimi dəfələrlə demişəm və fikrimdə qalıram. Sağlam futbolçu, idmançı, insan öz-özünə böyümür. Sağlam futbolçu yetişdirmək üçün bizim sağlam həkimimiz, müəllimimiz, sağlam qidamız olmalıdır.
– Deyəsən, yeganə klubumuz “Qarabağ”dır ki, orada ayrıca dietoloq var. Yəni, futbolçunun qidalanmasına fikir verilir. Səhv etmirəmsə, bu, başqa klublarımızda yoxdur.
– Bəlkə də olmamış olmaz. Bizim bu gün bir nəfər də olsun azərbaycanlı idman həkimimiz də yoxdur. Azərbaycanlı idman fizioterapevtimiz yoxdur. Ola bilər ki, 1-2 nəfər var. Uşaq futbolu akademiyalarında, klublarımızda sağlam həkimimiz yoxdur. Bu gün “Qarabağ”da mənim iki həkimim var. Biri moldovalıdır, digəri isə azərbaycanlı. Fizioterapevti isə xaricdən gətirmişəm.
– Yəni, bu həkimlər sırf idman həkimləri deyillər?
– Xeyr. Biz onları yetişdirməliyik. Elə deyirik ki, futbolçu, futbolçu, futbolçu…. Bəli, futbolçu yetişdirmək lazımdır. Bəs, futbolçunu kim yetişdirməlidir? Ümumiyyətlə, bu, uşaq futbolunda, akademiyalarda ən çox tələb olunan böyük bir elementdir.
– Bayaq toxunduğunuz bir məsələyə qayıdaq. Dediniz ki, “Qarabağ”la bağlı da narahatlığınız var. O klubun baş məşqçi sizsiniz, cavabdeh də sizsiniz. Problem yaradan nədir ki, futbolçuların yetişməyi ilə bağlı geriləmə var? Nə çatmır? Yəni, istədiyinizi görməyinizə nə mane olur?
– Əvvəlcə bayaqkı fikrimi tamamlayım. Son vaxtlar futbola maraq həddindən artıq böyüyüb. Bütün valideynlər istəyirlər ki, övladları etibarlı əllərdə olsunlar. Əgər valideyn bilsə ki, “Qarabağ”, “Neftçi”, “Zirə” və ya digər klublarımızın akademiyasında uşaq üçün sağlam həkim, qida var, yaxşı təhsil verirlər, savadlı məşqçiləri var, ora uşaq uşaq anatomiyasını bilən insanlar toplaşıb, onda akademiyaya gələn uşaqların sayı 100 yox, 200, 300, 500 olacaq. Mən övladımı akademiyaya qoyacağam, biləcəyəm ki, övladımla hansı formada istəsəm, maraqlanacaqlar, onun qayğısına qalacaqlar.
– Bu yerdə bir məsələyə toxunum. Mən AFFA-nın aşağı liqalarla qərarlarını oxuyuram, görürəm ki, məşqçi meydançadan qovulub, 3-5 oyunluq cəza alıb. Bu, uşaq futbolunda geniş yayılmış acınacaqlı haldır.
– Aydın, gəlin AFFA-dan danışmayaq də. Mən AFFA-dan danışmağı xoşlamıram.
– Mən AFFA-nın idarəçiliyindən yox, uşaq futboluna dair İntizam Komitəsinin qərarlarından danışıram. Orada cəzaya səbəb kimi göstərilir ki, uşaq məşqçi hakimi meydana girərək təhqir edib və bu hallar davamlı olur. Bir də axı, AFFA-dan nəyə görə danışmayaq ki? Ölkə futboluna cavabdeh qurumdur. Amma yenə də məsələ AFFA-nın fəaliyyəti yox, uşaq liqalarıdır. Məşqçilər var ki, heç onların AFFA-ya aidiyyatı da yoxdur. Uşaq liqalarında məşqçi özünü idarə edə bilmir. Onlar uşaqlara nümunə olmalıdırlar. Məşqçi hakimlə dalaşanda, söyüş söyəndə, bu, uşağın psixologiyasında mənfi iz qoyur. Məşqçisindən söyüş eşidən uşaq sabah böyüyəndə hansı xarakterə sahib olacaq? Bu da ciddi problemdir. Amma gördüm ki, ümumən AFFA adı gələndə danışmaq istəmirsiniz. Odur ki, “Qarabağ”la bağlı bayaqkı mövzumuza qayıdaq.
– Bizim rəhbərliklə akademiyanı daha da yaxşılaşdırmaq fikirlərimiz olur. Amma buna baxmayaraq, son illər biz əsas komandaya daha çox diqqət ayırmışıq. Bizim strategiyamız komandanı bu səviyyədə qoruyub-saxlamaqdır. Ona görə də bəzən hamısını birlikdə etmək bizim üçün heç də asan olmur. Akademiyanı yaxşılaşdırmağı çox istəyərdim. Sadəcə bəzən bizdən asılı olmayan hallar yaranır. Hansı ki, biz bunu tam istədiyimiz səviyyədə yaxşılaşdıra bilmərik. Burada idman bazası, akademiya məsələsi var. Gərək, bizim yenidən böyük bir sahəmiz olsun ki, orada akademiya qura bilək. Dediyimiz yaxşı bir səviyyəyə çatmaq üçün maddiyyat tələb olunur. Ona görə də bizi başa düşməlidirlər. Çünki biz gücümüzü əsas komandaya yönəltmişik. Amma o tərəfdə də işlər gedir. Orada məşqçilərin savadını, ümumi şəraiti yaxşılaşdırmaqla Emrah Çəlikəl özü daim məşğul olur. Amma əlbəttə, biz daha yaxşısını istəyirik. Mənə elə gəlir ki, gələcəkdə – 3 ilə, 5 ilə daha yaxşı səviyyəyə çatacağıq. Çünki gələcək bunun üzərindədir. Digər tərəfdən ümumiyyətlə, biz desək ki, 10 yerli futbolçu ilə bu nəticəni verəcəyik, yalan olar. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. “Real”, “Barselona”, “Mançester Siti” olsun, onların heç biri yalnız öz akademiyalarının futbolçuları ilə o səviyyəyə gəlib çıxmayıblar. Daim yaxşı oyunçular gətiriblər ki, güclərini qoruyub-saxlaya bilsinlər. Ona görə də bizim tutduğumuz yol fərqlidir. Amma bizim elə klublarımız olmalıdır ki, akademiyaya, yerli futbolçulara həddindən artıq önəm verilsin və yaxşılaşdırılsın. Əvvəllər “Bakı”nın, “Qəbələ”nin akademiyaları var idi. “Qəbələ”nin akademiyası hələ də var, amma əvvəlki səviyyədə deyil. “Bakı” isə yoxdur. O cür şərait dağıldı.
– Təkcə qurmaq yox, qorumaq da vacibdir.
– Bəli. Mən bunu həmişə deyirəm ki, qoruyub-saxlamaq daha çətindir. Bizim ən azından 3-4 belə akademiyamız olmasa, bizim üçün heç də asan olmayacaq.