• 22 Noyabr 2024 18:57

Azərbaycanda yayılan adi qripdir, yoxsa “Omikron”? – Adil Qeybulla açıqladı

Son günlər insanlar arasında, uşaq və böyüklərdə qripəbənzər xəstəlik müşahidə olunur. Əsasən, baş-boğaz ağrısı, qızdırma, halsızlıq kimi əlamətlərlə müşahidə olunan xəstəliyə xeyli yoluxmalar var.

Bəs, bu, mövsümi qrip, yoxsa hər hansı digər xəstəliyin əlamətləridir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələ ilə bağlı  açıqlama verib. O, qeyd edib ki, bu gün həm “Omikron” variantının mutasiya variantları, həm də mövsümi qrip yayılmaqla qarışıq situasiya ortaya çıxıb:

“Ümumiyyətlə, pandemiya hələ bitməyib. Nəzərə alsaq ki, bu gün “Omikron” ştamının mutasiya variantları da kifayət qədər geniş yayılıb və bunlar da ölümcül olmadığı üçün, ciddi fəsadlar yaratmadığı üçün insanlar o qədər də fərqində olmurlar. Digər tərəfdən mövsümi respirator xəstəliklərə bu vaxtlarda rast gəlinməsi adi haldır. Buna görə də qarışıq situasiyadır və qripəbənzər xəstəliklərdir. Bunları respirator xəstəliklər adı altında ümumiləşdirmək olar. Hesab edirəm ki, insanlar pandemiyadan xeyli təcrübə qazandılar”.

Professor qeyd edib ki, bu cür hallarda lazım gəldikdə həkimə müraciət etmək lazımdır: “Yaxşı olar ki, xəstələnmiş şəxslər yataq rejimində uzansınlar. Çoxlu maye qəbul etsinlər. Lazım olsa, həkimə müraciət etsinlər, həkim təyinatını yerinə yetirsinlər. Özbaşına antibiotik qəbul etmək, müxtəlif dərmanlar qəbul etmək məqsədəuğyun deyil. Yalnız hərarət yüksək olduqda “Parasetamol”dan istifadə etmək olar, qida rejiminə diqqət etmək, vitaminli qidalar yemək, fiziki aktivliyo artırmaq daha məqsədəuyğundur”.

A.Qeybulla qeyd edib ki, hansısa narahatlıq hiss etdikdə maskadan istifadə etmək lazımdır:

“Bir balaca diskomfort hiss edən şəxslər bayıra çıxdıqda, işə getdikdə maskadan istifadə etsinlər. Xüsusilə, bu, qapalı məkanlarda daha məqsədəuyğundur. Bu, həm də onların özləri üçün müsbətdir. Kollektivdə də sağlam olanlar xəstə olan adamlardan özlərini qorumaq üçün maskadan istifadə etsələr, daha yaxşı olar. Yəni, artıq pandemiyadan bir təcrübə var. Bu maska taxmaqdan da kompleks keçirmək lazım deyil. Hesab edirəm ki, bu təcrübədən də istifadə etmək lazımdır”. (Azxeber.com)

Tacxeber.com

Oxşar xəbərlər