Türkiyədə yaşayan və orada fəaliyyət göstərən Əməkdar incəsənət xadimi Məlahət Abbasova mərhum Xalq aristi Səfurə İbrahimovanın ölümü ilə bağlı ilginc detalları açıqlayıb.
Tacxeber.com dünən ölümündən sonarkı ikinci doğum günü (27 dekabr 2020-ci ildə dünyasını dəyişib) onsuz qeyd edilən Xalq artisti barədə Məlahət Abbasovanın tükürpədən açıqlamasını təqdim edir:
“Sənin göz yaşına qurban olum mən. Son müsahibəni oxudum, çox duyğulandım. Bu videonu 2020-ci il noyabrın 26-sı, yəni FHN-nin əməkdaşları qapını qırıb, Səfurə xanımı yerdə 2-3 gün ombası qırıq vəziyyətdə tapdıqdan sonra çəkmişdik.
Səfurə xanımla mən 1983-cü ildə tanış olmuşduq. Ana-bala kimiydik. Teatrda da bərabər işlədik. Mənə “mənim qızım, mənim balam, Məlişkam” deyərdi. Yıxılmamışdan 20 gün əvvəl uzun bir söhbətimiz olmuşdu. Çox yaxşı idi, sağlam idi, evində heç kim qalmırdı. Özü-özünə baxırdı. “Heç kimə ehtiyacım yox” deyirdi. Yenə də ona deyirdim evə bir baxıcı gətir, sənə kömək etsin. Qəti şəkildə rədd edirdi.
Son uzun danışığımızda “Biletini alacam, İstanbulda səni ən yaxşı doktorlara aparacam” dedim. Dedi ki, havalar düzəlsin, gələcəm. Qırıq ayağı ağrıyırdı. Onun xəstəxanaya yatmaq, qırıq ombasını təcili gipsə salmaq lazımıydı, xüsusi qayğı lazım idi. Bunların heç biri edilmədi.
Mənə dediklərinə görə, onu yumağa aparanda bütün bədəni baxımsızlıqdan irin, qan içindəymiş, bir dəri-bir sümük qalıbmış. Yıxılandan sonra heç bir ay yaşatmadılar. O isə ən yaxşı xəstəxanalarda müalicəsi, heç olmasa qırıq ayağını gipsə salmaq üçün maddi imkan da var idi. Hətta xəstəxanaya təcili yatması üçün qardaşı qızına pul da çəkilib, verilmişdi. Aparmadı, o pulu yedi. O, bağlı qapıların arxasında səssizcə ölümə tərk edildi. Bağışla məni, vicdan əzabı çəkirəm. Balan sənə sahib çıxa bilmədi.
Sənin yıxıldığını eşidəndə həmən gəlməli idim. Amma o (qardaşı qızı), “Narahat olmayın, mən buradayam, hara lazımdır aparacam” dedi. Məni durdurdu, kaş ki, durmasaydım. Elə deyirdin ki, “gəl, tez gəl”. Görüşməyimizə bir həftə qalmışdı, yetişə bilmədim. Yetişsəydim yaşayacaqdın. Çünki o öz qanından da olsa, əmin əldə deyildin. Onu ancaq sənin bankada illərlə yığılan pulun, evin maraqlandırırdı.
Heç bir sənət insanımız Səfruə xanım kimi urvatsız bu həyatdan köçmədi. Sahibsiz idi, sahib çıxılmadı. Deyiləcək çox söz var. İlahi ədalətə çox inanıram. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, nur içində uyu, gözəl qəlblim, mələyim”.
Məşhur aktrisa Şəfiqə xanımın ölümündə təqsirli bildiyi onun qardaşı qızı barədə öz paylaşımının altına şərh bölümündə yazdıqlarını təqdim edirik:
“Polislər onu sorğu-suala çəkiblər, bilirəm. Məndən yazılı şikayət istədilər. Nəsə o şərəfsizə yazığım gəldi. Amma yenə də nifrətim çox böyükdür. Pul üçün, ev üçün doğma bibisini o hala qoydu. Amma ilahi ədalət var. Sonunu görəcəyik inşəAllah.
O ailə qurmuşdu. Övladı olmadığı üçün yoldaşı onu atıb, Rusiyaya getdi.
Gözü yolda qalmışdı. Mənim Türkiyədə çəkilişlərim var idi, icazə vermədilər. Amma şübhələnməyə başlayanda təcili dekabrın 27-nə ad gününə bilet aldım ki, orada olum, 21-də ölüm xəbəri gəldi. Çox sağlam qadın idi.
Təkcə evində yox, illərcə Prezident Təqaüdü yığılırmış. Səs yazısı var ki, 300 min pulu var idi.
Öz pulunu özünə xərcləmədilər, haramları olsun. Bir də Səfurə xanım o qardaşı qızına nifrət edirdi. Həmişə ailəsindən, qohumlarından qaçardı. Elə bil ürəyinə dammışdı ki, elə onlardan ona zərər gələcək”.
Xatırladaq ki, Azərbaycanın ən məşhur kino və teatr aktrisalarından biri olan mərhum Xalq artisti (2002-ci ildə ona bu ad verilib), 82 illik həyatında (27 dekabr 1938 – 21 dekabr 2020) “Sevil”də Dilbər, “Arşın mal alan”da Telli, “Qatır Məmməd”də Həbibə, “Alma almaya bənzər”də Mədinə, “Bizim Cəbiş müəllim”də Nəcəfovun arvadı, “Bizim küçə”də Asya, “Tütək səsi”ndə İsmət, “Dərviş Parisi partladır”da Gülpəri, “Qayınana”da Sədaqət, “İstintaq davam edir”də Məryəm, “Əlavə iz”də Leyla, “Hökm”də Suğra, “Qətl günü”ndə Sədi Əfəndinin arvadı, “O qızı tapın”da Xalidə, “Sahilsiz gecə”də Dürdanə, “Təxribat”da Aida, “Sən həmişə mənimləsən”də Nəzakət, “Şir evdən getdi”də tülkü, “Yun şal”da Südabə kimi filmlərdə yaratdığı bu obrazlara adından söz etdirməyi bacarıb.