• 23 Noyabr 2024 03:07

Daha beş casus ovlandı: İranın Türkiyədəki gizli fəaliyyəti, altı səbəb – TƏHLİL

 

Bir neçə ildə Türkiyədə kəşfiyyat-təxribat əməllərinin miqyasını genişləndirən İranın bu dəfə də xəyalları suya düşüb.

Ankara İran kəşfiyyatının ölkə ərazisindəki casusluq fəaliyyətinin hədəflərini müəyyən edərək onları ard-arda zərərsizləşdirməyi bacarmaqla özünü bir çox təhlükələrdən sığortalamağı bacarır.

Bu dəfə də Türkiyə ali kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) başçılığı ilə keçirilən əməliyyatlarda İranın Vanda 5 casusu tutularaq istintaqa təhvil verilib.

İranın Türkiyə ərazisini kəşfiyyat poliqonu kimi görməsinin səbəblərini və hədəflərini analiz edərkən bir neçə istiqaməti canlandıra bilərik.

Birincisi, İranın xarici siyasətindəki siyasi islamın radikal şiəlik xətti ana məzmundur və Tehran hər vəchlə qonşu ölkələrdə, Yaxın Şərqdə genişlənən ambisiyalarında hədəflərə çatmaq vasitəsi kimi həmin ideologiyanı yayır. Bu mənada İranın Türkiyədəki kəşfiyyat fəaliyyəti son illərin məhsulu deyil, bu kök 1990-cı illərə qədər gedib çıxır.

Türkiyə dünyəvi ölkə olmasına baxmayaraq, müsəlman dünyasını parçalamağa qarşı oxları neytrallaşdırmaqdan ötrü İslamın vahid birləşdirici ideallarını təkmilləşdirərək onu siyasətə gətirir. İranın sabitliyi poza biləcək davranışları Ankaranı, Türkiyənin “Ərəb baharı”nın müsəlman dünyasında yaratdığı çaşqınlıq fonunda birləşdirici dini ideyalarla çıxışı Tehranı qıcıqlandırır.

Qarşılıqlı etirazlar və toqquşan maraqlar Türkiyə ilə İranı nüfuz uğrunda uzunmüddətli rəqabətə kökləyir. İki ölkənin böyük ticarət həcmi və perspektiv üçün zəngin imkanları olsa da, münasibətlərin ümumi xarakteri qarşılıqlı şübhə və rəqabət əsasında müəyyən edilib.

İranın xüsusi xidmət orqanlarının qayəsi Türkiyədəki sekulyar təsisatı zəiflətmək, siyasi şiəliyə əsaslanan hərəkatı gücləndirmək məqsədi daşıyır, hərçənd ki, Tehran hədəflərinə çatmaqda aciz görünür.

İkincisi, Tehranın qlobal arenadakı molla rejiminə müxalif iranlıları təqib etmək, onları qaçırmaq planını işə salması Türkiyəyə də təsirsiz ötüşmür. İranın hədəflərinin siyahısında Ankaranın təhlükəsizliyinə zəmanət verdiyi iranlıları oğurlayıb Tehran rejiminin cəbr aləti qarşısında cəzalandırılması ayrıca bir məzmun kimi keçir.

Üçüncüsü, Türkiyənin İsraillə yaxınlaşması bu iki ölkənin “Ərəb açılımı” fonunda da proqressiv nəticələr qazandırır, bununla paralel olaraq həm Ankara, həm də Təl-Əviv Cənubi Qafqazdakı mövqelərini bərkidir. İranın regional sülh nizamını dəyişmək ambisiyaları ilə təhdidlər yağdırması həm İsrail, həm Türkiyə, həm də Azərbaycanı qayğılandırır. İran casuslarının Türkiyədə ələ keçirilmələri tendensiyası Ankara və Tehran arasında Cənubi Qafqaz uğrunda rəqabətinin qızışmasının son əlaməti kimi də başa düşülür. Çünki Ankara Qarabağ müharibəsinin yekununda Cənubi Qafqazda genişlənən siyasətə sahiblənir. İran Türkiyə daxilində çaşqınlıq yaratmaq, Ankaranın Cənubi Qafqazdakı siyasi, hərbi-strateji maraqlarına zərbə vurmaq üçün kəşfiyyat alətlərindən istifadə edir.

Dördüncüsü, Türkiyə və İran həm Fələstin məsələsində, həm Suriya və İraqda toqquşan maraqlara sahibdir, hərçənd ki, hər iki ölkənin rəsmi mövqeyində Fələstinə dəstək bəyanatları var.

Beşincisi, İranın kəşfiyyat planları sırasında israilli diplomatların öldürülməsi, onların qaçırılması ssenariləri yer almaqdadır, Tehran bu missiyanı Türkiyədəki israillilərə qarşı da oxa çevirməkdə maraqlıdır. Bununla da İslam Respublikası Türkiyənin etibarını sarsıtmaq, onun təhlükəsizliyə qarantiya verə bilən ölkə olmaması təəssüratını yaratmağı hədəfləyir.

Türkiyə ilə İran arasındakı gərginliyin altıncı istiqamətini, daha çox iqtisadi məsələlərlə əlaqələndirmək olar.

Türkiyə Cənub Qaz Dəhlizi, Rusiya ilə enerji layihələri vasitəsilə, Türkmənistan qazının Avropaya ixracı ehtimallarında tutduğu mövqe ilə, iqtisadi parametrlər üzrə Tehranın regiondakı profilini aşağı sala biləcək strateji potensiallarını çoxaldır.

Altıncı bənddən bir yarımbənd də çıxarmaq olar, belə ki, Türkiyə Qərb ölkələrinin İrana qarşı total sanksiyalarını özünün iqtisadi səmərəsi üçün hesablayır.

Türkiyə İrana qarşı ağırlaşan embarqolar səbəbi ilə bu ölkədən aldığı qazın qiymətini aşağı salmağa çalışır və Tehran satış üçün münbit ölkəni əldən buraxmamaq üçün ixrac qiymətində ucuzlaşmaya getmək məcburiyyəti ilə qarşılaşır.

Tehranın Ankaraya qarşı kəşfiyyat diapazonu Türkiyəni İranın iqtisadi rıçaqlarından istifadədə davamlı olması üçün təzyiq kimi də şərh edilə bilər.

Türkiyə ilə İran aralarındakı rəqabətli mühiti, ikitərəfli münasibətlərdə sürətlə daralan ticarət əlaqələrini kompensasiya etməklə nisbətən yaxşılaşdıra bilərlər.

Lakin bu, strateji rəqabətin dostluqla əvəzlənməsi üçün əsas ola bilməz, ona görə də İranla Türkiyənin nüfuz savaşı Yaxın Şərqdə, Cənubi Qafqazda daha da qabarıqlaşacaq.

Ankara təkcə ölkə daxilində deyil, Yaxın Şərqdə də İranın agentura şəbəkəsi ilə üz-üzə gəlir, lakin MİT-in üstün zəkası, İsrail kəşfiyyatı ilə koordinasiya Tehranı məqsədinə çatmağa qoymur. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər