• 22 Noyabr 2024 21:56

“İrandakı etirazlara ölkə xaricindəki iranlı fəallar da dəstək verir”

"İrandakı etirazlara ölkə xaricindəki iranlı fəallar da dəstək verir"

 

İslam İnqilabı Keşikçiləri Korpusunun Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 saylı reysi ilə uçan “Boeing” təyyarəsini vurması nəticəsində ailə üzvlərinin ölümünə görə 3 ildir ədalətli qərar qəbul edilməsinə çalışan iranlı yazıçı və fəal Hamed Esmaeilion bu ilin sentyabrında İranda etiraz aksiyaları başlayandan sonra mübarizəsini bütün iranlılar üçün davam etdirir.

Tacxeber.com ABŞ-ın “Washington Post” (WP) qəzetinə istinadən xəbər verir ki, hazırda Kanadada yaşayan fəal yaratdığı PS752 Reysi Qurbanlarının Ailələri Assosiasiyasına rəhbərlik edir.

H.Esmailion indi rejimə qarşı hərəkatın İranın hüdudlarından xaricdəki səsinə, Vətən üçün daha azad gələcək istəyən İran diasporu ilə uzun müddət cəzasız qalmış qəddar sistem şəraitində yaşayan milyonlarla İran sakini arasında körpüyə çevrilib.

Polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra Tehranda etirazlar başlayanda Assosiasiyanın üzvləri İran daxilində etirazçıların səylərini dəstəkləyən və vəziyyətə biganə qalmaması üçün hökumətlərinə təzyiq etməyə başlayan İran diasporunun ön sıralarında olublar.

Təyyarə qəzasına görə günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran H.Esmailionun nümunəsi 40 ildən çoxdur hökumətin haqsızlıqlarının öhdəsindən gələ bilməyən cəmiyyət üçün ilham mənbəyi olub.

“Biz, iranlıların əksəriyyəti, onlar kimi deyilik və heç vaxt da olmamışıq. 1979-cu il inqilabından sonra baş qaldıran zorakılıq dalğası indiyədək davam edir. Bu, onların ideologiyasındadır. İndi siz bu gün müşahidə olunan vətəndaş hərəkatının fərqini görürsünüz”, – o deyib.

Fəalın fikrincə, İranda baş verən inqilab Ukraynaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyan şəxslərin məhkəməsinin gələcəkdə Tehranda keçirilə biləcəyinə ümid verir. “Mən bunu Nürnberq məhkəməsi kimi görürəm”.

İranlı fəal xalqın səsini əks etdirən, mətbuatı və siyasətçiləri İranda xalqın dediklərinə qulaq asmağa məcbur etməyə çalışan carçı olduğunu etiraf edir: “Biz bu mübarizənin uzun çəkəcəyini bilirik. Səbirli olmalıyıq. Hələ çox tezdir”.

H.Esmailion Qərb hökumətlərinin İran hakimiyyətinə təzyiq etmək üçün vasitələrə malik olduğunu söyləyib: “Biz üç aydır bir çox Qərb ölkəsindən İrandan səfirlərini geri çağırmağı xahiş edirik. Bu, islam rejiminin bu təzyiqin ciddi olduğunu və insan hüquqlarının həqiqətən vacib olduğunu başa düşməsi üçün çox güclü siqnal olardı. İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına daxil edilməsi də çox yaxşı addım olardı”.

Hazırda diasporun etirazları davam edir. Xüsusilə, Hamed Esmaeilionun yaşadığı Torontoda hər həftə minlərlə insanın iştirakı ilə etiraz aksiyaları və mitinqlər keçirilir, oktyabrın 1-də 150-dən çox şəhərdə insanlar küçələrə axışıb. Həmin gün Berlində də kütləvi nümayiş qeydə alınıb. Bütün bunlar mətbuata və siyasətçilərə müsbət təsir edir, onlara əsl İranı, iranlıları görməyə və onların tələblərini eşitməyə imkan verir.

Tacxeber.com

Oxşar xəbərlər