“Hazırda dünya bazarında taxılın qiymətinin artması ilə bağlı gözləntilər yoxdur”. Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli 2023-cü ildə çörəyin bahalaşacağı ilə bağlı proqnozlara münasibət bildirərkən deyib.
Xatırladaq ki, sosial şəbəkələrdə təzə ildən çörəyin bahalaşacağı ilə bağlı müzakirələr davam edir. Bunu taxılın məhsuldarlığının azalması ilə də əlaqələndirirlər.
Eyyub Kərimlinin sözlərinə görə, Azərbaycanda istehlak olunan taxılın 50 faizi digər ölkələrdən gətirilir, yəni bu sahədə idxaldan asılı ölkəyik:
“Gələcəkdə müvafiq obyektiv və subyekiv amillərdən asılı olacaq. Düzdür, Rusiya və Ukrayna arasında gedən müharibə taxılın qiymətinin artmasına təsir etdi. Təminat kanallarının dağılması, pozulması taxılın qiymətinin artmasına səbəb oldu. Lakin düşünürəm ki, bizdə məhsuldarlığın aşağı olması taxılın və çörəyin qiymətinin artmasına təsir etməyəcək”.
Ekspert qeyd edib ki, həm idxal, həm də yerli istehsalda sabitlik var:
“Gələn ildən dövlət tərəfindən taxıl istehsalçılarına beş il müddətinə subsidiyaların ayrılması nəzərdə tutulur. Həmçinin işğaldan azad etdiyimiz bölgələrin də iqtisadiyyata dövr edilməsi və taxıl əkinlərinin genişləndirilməsi proqramları həyata keçiriləcək. Bu bizim idxaldan asılılığımızı müəyyən formada azaldacaq.
Taxılın və çörəyin qiymətinin artmasına təsir edən obyektiv iqtisadi amillər yoxdur. Lakin hazırda biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Qeyd olunan faktorların hər hansısa biri dəyişərsə, sözsüz ki, çörəyin qiymətinin artmasına səbəb ola bilər. Amma hazırda bu sahədə sabitlik hökm sürür. Həm idxalda, həm də yerli istehsalda sabitlik var. Düşünürəm ki, yaxın vaxtlarda hələ ki qiymət artımını müşahidə etməyəcəyik”.
Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, taxılın məhsuldarlığı hər hektara görə 30 sentner üzərindədir.
Qeyd edək ki, statistikaya görə, kənd təsərrüfatı məhsullarının istehsalı çoxalıb. Amma bu ilin 11 ayı ərzində Azərbaycana 2 milyard 88 milyon dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulları daxil olub. Bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Nə qədər irəliləyiş qeydə alınsa da, biz bu istiqamətdə xaricdən asılıyıq.