• 23 Noyabr 2024 03:40

Gennadi Nadolenko: “Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardım göstərən Azərbaycandır”

 

“2023-cü ildə təkcə Ukrayna diplomatiyası üçün deyil, həmçinin bütün beynəlxalq ictimaiyyət üçün görüləcək çox işlər var. Rusiya Federasiyasının Ukraynaya qarşı heç bir səbəb olmadan yürütdüyü işğal siyasəti və faktiki olaraq Ukrayna xalqına qarşı apardığı soyqırımı ikinci plana keçə bilməz. Bu savaş onu göstərdi ki, bu, qlobal iqtisadiyyata və dünyanın müxtəlif yerlərində yaşayan insanların həyatına böyük təsir göstərən müharibədir. Buna görə də mən müttəfiqlərimizə və tərəfdaşlarımıza göstərdikləri köməyə görə təşəkkür etmək istəyirəm və 2023-cü ildə bu yardımın yalnız artacağını gözləyirəm”.

Bu sözləri tanınmış ukraynalı diplomat, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko Oxu.Az-a 2022-ci ilin yekunlarını şərh edərkən deyib.

Diplomat vurğulayıb ki, Ukraynaya göstərilən hərbi, maliyyə, humanitar və sair yardımlar, əslində, həmin ölkələrin öz təhlükəsizliyinə və bütün dünyanın təhlükəsizliyinə yatırılan sərmayədir:

“Axı biz indi özünü dünyanın bütün ölkələrindən artıq hesab edən, beynəlxalq hüququ pozan, dünyanı öz yalanlarına, təbliğatına inandırmaq istəyən bir ölkəyə qarşı bir yerdəyik. Ona görə də gözləyirəm ki, yeni ildə müttəfiqlərimiz silahlı qüvvələrimiz kimi daha qətiyyətli və fəal olacaqlar. Ukraynanı dəstəklədiyi üçün Azərbaycana da ayrıca təşəkkür etmək istəyirəm. Humanitar dəstəyə görə ölkə rəhbərliyinə və bütün vətəndaşlara təşəkkür edirəm. İndi siz Ukraynaya Cənubi Qafqaz dövlətləri arasında ən böyük yardımı göstərən ölkəsiniz. Xüsusən indi, mülki infrastrukturumuzun Rusiyanın növbəti raket hücumlarına məruz qaldığı bir vaxtda, bizim üçün son dərəcə vacib olan tibbi və enerji avadanlıqları yardımlarınıza görə sizə minnətdarıq. Azərbaycanın Ukraynaya yardımının daha da artacağını gözləyirəm”.

Gennadi Nadolenko əlavə edib ki, Azərbaycan öz haqq işi uğrunda mübarizənin nə qədər əhəmiyyətli olduğunu digərlərindən daha çox dərk edən ölkədir:

“Siz həmçinin çox yaxşı başa düşürsünüz ki, ərazi bütövlüyü, beynəlxalq sərhədlər toxunulmazdır, imperiyaların vaxtı çoxdan bitib. Bununla yanaşı Ukraynada Rusiya işğalçı qüvvələrinə qarşı Beynəlxalq Legionun tərkibində döyüşərkən həlak olmuş 9 azərbaycanlının ailələrinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, biz bunu heç vaxt unutmayacağıq. Sonda hamımıza sülh və firavanlıq arzulamaq istəyirəm”.

Tacxeber.com

 

Oxşar xəbərlər