• 22 Noyabr 2024 19:08

Psixoloq Yeni il keçirməyənlərə etiraz etdi: “Başımızı bağlayaq, saqqalı da buraxaq, bədbinliyin içindən çıxmayaq?”

 

“Yeni il və Novruz bayramları ərəfəsində ortaya çıxıb, “nəyə sevinirsiniz?” deyənlər, sözün açığı, məni boğaza yığdı. Bəziləri bunu qatı dinə bağlayıb, “xristianların, atəşpərəstlərin bayarımıdır” və s. deyirlər. Başınızı qaldırıb, ölkəyə diqqətlə baxın, varlısından tutmuş kasıbına qədər həqiqi mənada sevinən insan görə bilirsiniz? İnsanlarımız kütləvi şəkildə bədbinliyin içində çırpınır. Heç kim sevinmir. Yeni il, sadəcə, ailələrin bir araya toplaşması, bir-birimizə qonaq getməyimiz, insanların sevdiyi, əziz, dəyərli bildiklərinə hədiyyələr vermələri üçün bir bəhanədir, parka, restorana getmək, bir yerdə şəkil çəkdirmək üçün səbəbdir. Bayramdan niyə narahat olursunuz?”

Tacxeber.com xəbər verir ki, bu sözləri psixoloq Nizami Orucov deyib.

“İcazə verirsiniz bir gün də olsa, nəyəsə sevinək? Sevinmək üçün icazə almalıyıq? Heç kim heç nəyə sevinmir. Şaxta baba, “yolka”, “hədiyyələr”… Bircə gün olar? Yoxsa başımızı bağlayaq, saqqalı da buraxaq, bədbinliyin içindən çıxmayaq? Gülüş də limitli, hər şey icazəli… Yeni təqvim ili başlayır. İnsanlar ümid edir ki, çətinliklər arxada qalacaq, nəsə dəyişəcək. Birincisi, yeni ilə daxil olan hamımız bir-birimizə xeyir-dua verərkən deyirik ki, Allah yeni ilinizi xeyirli etsin. “Allah” sözü istifadə olunur. Hərdən kitab oxuyun. İslamın, xristianlığın və bütün dinlərin şumer nağıllarından, mifologiyasından nə qədər “copy paste” etdiyinə baxın, sonra mifologiyalardan danışın. İnsanların sevincinə toxunmağa icazə vermərəm. Xeyir qapıları, əlbəttə, Allahdandır. Bunu hamımız bilirik. Hörmətli həmvətənlərim, hər kəsin sevinmək, deyib-gülmək, əylənmək haqqı var. Sadəcə, bunu özünüzə ziyan etmədən edin. Spirtli içki içməyə, yaxud təhlükəli yerlərdə olmaya bilərsiniz. Novruzda da yenə ortaya çıxacaqlar, “atəşpərəstlərin bayramıdır, tonqalın üstündən hoppanmayın” deyəcəklər. Heç kimin sevinmədiyi bir ölkədə sevinmək üçün bircə qırıq nəsə olur, onu da əlimizdən almağa çalışırlar. Belə şeylər lazım deyil. Bunun üçün Ərəbistanla İran var. Bura Azərbaycandır. Gəlin, həmrəy olaq, birlikdə deyib-gülək, sevinək, inkişaf edək, “tupoy”luğumuzdan imtina edək. “Tupoy”luq 2022-də qalsın”.

Tacxeber.com

Oxşar xəbərlər