“Sovetski Soyuz” (Sovet İttifaqı) gəmisi. İkinci dünya müharibəsindən sonra uzun müddət SSRİ-də ən böyük sərnişin gəmisi sayılırdı.
Gəmi 1923-cü ildə Almaniyada istifadəyə verilmişdi və əvvəlcə HAPAG (Hamburg-Amerikanische Packetfahrt-Actien-Gesellschaft) səhmdar cəmiyyətinin sədri olmuş Albert Ballinin adını daşıyırdı.
Ballin yəhudi idi, buna görə də nasistlər hakimiyyətə gələndən sonra gəminin adını dəyişdilər və “Hansa” qoydular. İkinci dünya müharibəsi zamanı hərbi məqsədlər üçün daşınmalarda istifadə olunan “Hansa” 1945-ci ili martında minaya toxunaraq 20 metr dərinlikdə batdı.
Potsdam konfransının qərarlarına əsasən Almaniyanın hərbi və ticarət donanması müttəfiqlər arasında bölüşdürülərkən “Hansa” sovetlərə çatdı.
Gəmi 1949-cu ildə sudan çıxarıldı, Şərqi Almaniyadakı tərsanələrdən birində təmir edildi. 1953-cü ildə “Sovetski Soyuz” adı verildi. Vladivostok limanında qeydiyyata alınan gəmi əsasən Vladivostok-Petropavlovsk marşrutu ilə hərəkət edirdi.
1974-cü ilin dekabrında Vladivostokdan ekvatora qədər gedib qayıtmaqdan (başqa limanlara girmədən) ibarət kruiz gəzintisi zamanı sovet vətəndaşı Stanislav Kurilov gəmidən tullandı, okeanda 3 gündə 100 km üzərək Filippin adalarından birinə çıxdı və Qərb ölkələrindən sığınacaq istədi (bu barədə statusum olub).
Gəmi köhnəldiyindən 1980-ci ildə istismardan çıxarmaq və metalloloma vermək qərarına gəlindi. Amma Sovet İttifaqı adını daşıyan gəmi ilə belə etmək, “Sovet İttifaqı sıradan çıxdı” və ya “Sovet İttifaqı metalloloma verildi” kimi ikibaşlı ifadələrə yol vermək olmazdı. Ona görə də gəminin adı dördüncü dəfə dəyişdirildi, “Tobolsk” oldu. Gəmi iki ilə qədər istifadə olunmadan limanda dayandı və 1982-ci ildə yola düşərək Honkonqda metalloloma verildi.
Bundan 9 il sonra isə Sovet İttifaqı özü “metallolom”a getdi.