“Qarabağ”ın prezidenti Tahir Gözel klubun rəsmi saytına müsahibə verib.
Tacxeber.com olaraq sizə müsahibəni təqdim edir.
– Tahir bəy, 2022-ci il yola saldıq. Ötən ili “Qarabağ” üçün necə qiymətlədirərdiniz?
– 2022-ci il komandamız üçün tarixi il oldu. İlin əvvəlində Azərbaycan futbolunda yeni tarix yazdıq. İlk dəfə olaraq, Azərbaycan komandası – bu sözü fəxrlə deyirəm, Azərbaycan komandası, özü də Qarabağ adını daşıyan komanda avrokuboklarda baharı gördü. Əvvəl dekabrda mübarizəni başa vururduqsa, bu il pley-off oynadıq. Güclü, tarixi olan komanda “Marsel”lə qarşılaşmalarda rəqibdən çəkinmədik. Bütün Avropa futbolsevərləri bizdən danışdı. Hocamız Qurban Qurbanovun həmin oyunlardakı feyr-pley addımı isə hər yerdə nümunə göstərildi. 2022-ci ildə çempion olduq, kuboku qazandıq. Çempionlar liqasında ilk mərhələdən başlayaraq sanki pley-off oynadıq. İlk dəfə idi ki, ardıcıl olaraq bu qədər güclü rəqiblərlə üz-üzə gəldik. Çempionlar liqasının pley-offda da olsa, himni səsləndi. Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdik. Aşkar favoritlərin olduğu qrupdan çıxmağı bacardıq. Bütün bu nəticələrə baxanda 2022-ci ili klub tarixinin ən möhtəşəm illərindən biri hesab edə bilərəm.
– Sizin üçün 2022-ci ildə ən yadda qalan oyun hansı idi?
– Bütün oyunlar yadda qalan idi. İstər “Lex”lə, istər “Sürix”lə, istərsə “Ferentsvaroş”la… Həmçinin qrupda keçirdiyimiz oyunlar. Amma şübhəsiz ən yadda qalan oyun Fransa təmsilçisi “Nant” üzərində qazandığımız 3:0 hesablı qələbə idi. Bu oyuna Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyevin biganə qalmaması, onun qələbə sevincini yaşayaraq paylaşım etməsi ən unudulmaz an idi.
– Tahir bəy, artıq “Qarabağ”ı təkcə nəticələrinə görə tanımırlar. Avrokuboklarda uğurlu çıxış skautların da diqqətini cəlb etməyə başlayıb. “Qarabağ”ın futbolçularına böyük diqqət var.
– Eynən. Biz bu gün qürurla bunu deyirik. Son günlərin əsas mövzusu Kadinin transferidir. Bəli, Kadi bizim üçün dəyərli futbolçudur. “Qarabağ”ın gücünə güc qatıb. Mən sizə sual verəcəm? Kadini kim tanıdıb? Əlbəttə, “Qarabağ”! Azarkeşlərin narahatlığını çox gözəl başa düşürəm. Amma biz artıq başqa səviyyəyə keçmişik. Əvvəlcə ardıcıl uğurlu nəticələr gəldi. Şükürlər olsun ki, bu davamlı oldu. İndi strategiyamıza daha bir iş əlavə olundu. Uğurlu nəticələrlə yanaşı digər liqalardan, eyni zamanda Azərbaycanımızdan gənc perspektivli futbolçular tapıb, onları üzə çıxarmaq. Texniki heyətin, xüsusən skautlarımızın, klubda buna cavabdeh olan şəxslərin işi ön plana çıxır. Kadi buna ən böyük nümunədir. Klub rəhbəri olaraq sevinirəm ki, “Qarabağ”ın çox yaxşı skaut komandası var. Onlar ilboyu futbolçuları izəyirlər və bizə uyğun olan futbolçuları Qurban hocaya təqdim edirlər. Hocamızın seçdiyi futbolçuların transfer çalışmalarını klubun cavabdeh əməkdaşları həyata keçirir. Burada Qurban Qurbanovun onları komandaya, öz oyun sisteminə uyğunlaşdırması, Azərbaycan futboluna qazandırmasını da vurğulamalıyam. Kadinin inkişafında, onun dəyərinin bu qədər qalxmasında hocamızın zəhməti çox böyükdür. Portuqaliya 2-ci liqasını tərk etmiş klubdan futbolçu transfer ediləndə bu, birmənalı qarşılanmadı. Amma Kadi “Qarabağ”da tanındı, parladı. Sizə bir sirr açım. Kadi əslində mövsümün əvvəlində yayda “Qarabağ”dan gedə bilərdi. Ona çox cəlbedici təkliflər var idi. Biz onu klubda saxlamağı bacardıq. Aldığı məvacibi 4-5 dəfə artıraraq Kadi ilə yeni müqavilə imzaladıq. Onun müqaviləsinə Kadinin meneceri, hüquqşünası və biz də klub olaraq xüsusi həssaslıqla yanaşdıq. Müqavilədə belə bir bənd əlavə olundu ki, böyük məbləği ödəyən klub Kadini transfer edə bilər. Təklif edən klublar arasında bu məbləği ödəməyə hazır olanlar da var. Bu, bizim uğurumuzdur. Biz Kadi rahatlıqla tərk etməsin deyə məbləği böyük olaraq razılaşdırdıq. Bilirdik ki, futbolçumuz bu oyunu ilə daha yaxşı təkliflər alacaq. Kadi transferi baş tutsa bu, Azərbaycan futbol tarixinin ən böyük transferi olacaq.
– “Qarabağ” Kadini satmaq istəyir?
– Biz Kadini satmırıq. Klub o zaman “futbolçunu satırıq” deyir ki, ondan razı deyil və futbolçunu transferə çıxarır. Lakin elə məsələlər var ki, qaydalardan kənar çıxa bilmərik. Bir az əvvəl də qeyd etdiyim kimi, biz onunla yeni müqavilə imzalayanda müəyyən bəndlər əlavə edildi. Futbolçu ilə, xüsusən cəlbedici təkliflərin olduğu bir futbolçu ilə müqaviləni uzatmaq asan iş deyil. Hər xırda detal müzakirə edilir, dəfələrlə ölçülür, biçilir. Kadinin müqaviləsində sərbəst qalma məbləğinin olması dünya təcrübəsində də olan məsələdir. Onlarla belə misal çəkmək olar. Biz Kadini satmaq istəmirik, amma qaydalara görə o pulu ödəyəcək kluba da yox deyə bilmərik. Azərbaycan təmsilçisinə bir futbolçuya görə bu qədər məbləğ ödəməyə hazır olanlar varsa, demək ki bu, “Qarabağ”ın klub olaraq artıq başqa səviyyəyə qalxdığını göstərir.
– Kadinin transferi baş tutsa, oradan gələn məbləğ hara xərclənəcək?
– Bu suala cavab verməzdən əvvəl onu deyim ki, Kadi transferi baş tutsa bu, təkcə “Qarabağ”a deyil, Azərbaycanın digər klublarına da inamı artıracaq. Azərbaycanda transfer bazarına inam yaranacaq. Eləcə də Azərbaycana gəlmək istəməyən futbolçularda da inam olacaq. “Qarabağ”da oynayaraq, özümü sübut edib, daha böyük məbləğə transfer oluna bilərəm” fikri formalaşacaq. Gəlin, etiraf edək ki, əvvəllər buna inam yox idi. Amma indi fikir dəyişəcək. Bütün klublarımıza yeni fürsətlər imkanı olacaq. Klublarımıza əlavə gəlir üçün qapılar açılacaq. Sualınıza cavab olaraq deyim ki, gəlir birmənalı olaraq yeni transferlərə xərclənəcək. Biz güclənməliyik. Həm uğurlu nəticələrin davamlı olması üçün çalışmalıyıq, həm də yeni Kadilər üzə çıxarmalıyıq.
– Nəzərdə tutulan transferlər varmı?
– Mən əvvəl də müsahibələrimdə demişəm, indi də təkrar edirəm ki, transfer məsələlərində bütün işlər hocamızın – Qurban Qurbanovun səlahiyyətindədir. Biz ona hər zaman olduğu kimi dəstək olacağıq. Onun seçdiyi futbolçulara güvənirik. Yeni transferlərlə bağlı çalışmalar hər zaman gedir.
– Tahir bəy, 2023-cü ilin ilk günlərini yaşayırıq. Bu ildən gözləntiniz nədir?
– İlk olaraq, “Gent”lə oyunlarda komandamızdan uğurlu oyun və nəticə gözləyirəm. Ümid edirəm, Azad Qarabağın təmsilçisi “Qarabağ“ daha bir tarix yazacaq. Daha sonra uğurlarımızın davamlı olmasını arzu edirəm. Fürsətdən istifadə edib Azərbaycanlıların Həmrəyliyi Gününü təbrik edirəm. Biz 44 günlük savaş zamanı Ali Baş komandamızın ətrafında bir olduq, həmrəy olduq. Ötən il xalqımız bizim avrokubok oyunlarında bizimlə həmrəy idi. Biz onların dəstəyini hiss etdik. Bu birliyi yeni ildə də görəcəyimizə əminəm. Azərbaycan xalqına 2023-cü ildə əminamanlıq, firavan həyat, xoşbəxtlik arzulayıram.