2023-cü ildə MALİYYƏ BAZARLARINI nə gözləyir? – EKSPERT
“2023-cü il dünyanın maliyyə bazarları üçün asan il olmayacaq”.
Bunu 2023-cü ilin maliyyə sistemi barədə proqnoz verən iqtisadçı ekspert Natiq Cəfərli söyləyib.
ilə söhbətində o bildirib ki, bunu indidən söyləmək çətin deyil:
“Çünki, 2022-ci il daha çox infilyasiyalar ili kimi yadda qaldı. Bu il mərkəzi banklar daha çox fazi artımlarına getdi. Xüsusən də FES 2022-ci ildə ağlagəlməz şəkildə faizləri artırdı. Və FES-in artım siyasəti 2023-cü ilin əvvəllərində də davam edəcək. Bu da iqtisadi aktivliyi zəiflədəcək.
Bu isə işsizlik və iqtisadiyyatın kiçilməsi deməkdir.Yeni ildə dünyanın maliyyə bazarında əsas müzakirə mövzusu iqtisadiyyatın daralması olacaq. Bu da həm qiymətli kağızlar bazarında aksiyaların zəifləməsinə, həm də enerji bazarına təsir edə bilər. Bu da o deməkdir ki, növbəti ildə neft və qazın qiymətlərinin enməsinə şahidlik edə bilərik. İqrisadi aktivlik azaldıqca tələbatın da azalması gözləniləndir”.
Bəs, dünyada baş verə biləcək bu xoşagəlməz hadisələr Azərbaycana necə təsir edə bilər?
Natiq Cəfərli dünya bazarında baş verənlərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini bildirdi:
“Unutmayaq ki, Azərbaycanın əsas gəlirləri neft və qazın satışından formalaşır. Neftin kəskin ucuzlaşmasını da demək olmaz. Çünki, bu məsələdə geosiyasi risqlər də var. Çünki, növbəti ildə Ukrayna-Rusiya müharibəsinin davam edəcəyi ehtimalı böyükdür. Bu müharibənin fonunda neft və qazın kəskin ucuzlaşacağını gözləmək olmaz.
O ki, qaldı manatın dəyərinə. Nəzərə alaq ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir. İndiki ticarət dövriyyəmizdə də neft və qazdan gələn gəlirlərdə ciddi müsbət saldo var. Ona görə də manatı elə bir ciddi təhdid gözləmir. Obrazlı desək “manat kağız neftdir”. Əgər neftin qiyməti yüksəkdircə manata olan təzyiqləri amartizasiya etmək mümkündür. Bir sözlə, neftin indiki qiymətləri imkan verir deyək ki, 2023-cü ildə manatın devalvasiya risqi 0-a yaxındır”. (Bizim.Media)