• 22 Noyabr 2024 18:28

“BİR HƏFTƏ VƏ YA ON GÜN MÜDDƏTİNDƏ HƏRBİ QARŞIDURMA OLA BİLƏR” – “Vəziyyət kifayət qədər gərgindir, hər an təxribatlar gözləniləndir”

Oqtay Qasımov: “Belə ordu ilə müharibəyə girməyə cəhd etsə bu, həm Ermənistan, həm də Qarabağdakı ermənilər üçün son olacaq”

“Azərbaycan hazırda yumşaq gücdən istifadə edərək Laçın yolunda nəzarəti ələ alıb”

Ermənistanda sülh əvəzinə müharibə əhvalı və revanşist çağırışlar müşahidə olunur. Paşinyan hökuməti 2023-cü il büdcəsindən Silahlı Qüvvələrə ayrılan vəsaiti 60 faiz artırıb, Qarabağdakı qondarma rejimə 411 milyon dollar vəsait ayırıb. Xarici borcu 10 milyard dollara yaxın olan və ildən-ilə artan, iqtisadi vəziyyəti ağır olan bir ölkənin hökumətinin bu addımları atmasının arxasında hansı niyyətlərin olmasının xüsusi izaha ehtiyacı yoxdur. Beynəlxalq ekspertlər də açıq qeyd edirlər ki, bölgədə müşahidə olunan gərginlik sonda hərbi qarşıdurmaya, hətta qısamüddətli müharibəyə çevrilə bilər. Son dövrlər Azərbaycan ordusunun rəhbərlərinin hərbi hissələrə tez-tez baş çəkməsi də ermənilərin növbəti təxribatlarına hazırlıq kimi qəbul edilir.

“Azpolitika.info” mövzunu siyaasi şərhçi Oqtay Qasımovla müzakirə edib.

Onunla müsahibəni təqdim edirik:

– 2022-ci ildə Qarabağda ermənilərin məskunlaşdığı ərazilərlə bağlı problem tam həll edilmədi. Eləcədə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi imzalanmadı. İndi sülh çağırışları davam etsə də, müharibə ritorikası da açıq hiss olunur. Azərbaycan eko-fəallarının Xankəndi-Şuşa yolunda etirazları da, 4 həftədir ki, davam edir. Siz ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

– Gərginlik var, danışıqlar prosesi də faktiki dayandırılıb. Diplomatik cəhdlər hələlik nəticələri vermir. Son aylarda – oktyabrın sonlarından vəziyyət gərginləşib. Ələlxüsus Fransa prezidentinin verdiyi fitnəkar bəyanatlardan, eləcədə Rusiya liderinin “Valday” Klubundakı çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almağa cəhd edən bəyanatından sonra Ermənistanı müəyyən qədər cəsarətləndi. Bundan sonra İrəvan sülh prosesini sobataj edərək boykot etməyə başladı. Xüsusilə, dekabrın 7-də Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ərəfəsində İrəvanın irəli sürdüyü şərt Bakı tərəfindən haqlı olaraq qəbul olunmadı və proses dayandı. 2022-ci ildə həm Rusiya, həm Avropa Birliyinin (AB), həm də ABŞ-ın vasitəçiliyi ilə danışıqlar keçirildi. Xüsusən, Brüsseldə avqustun 31-də keçirilən görüş ümidlər yaratmışdı ki, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Əslində həmin vaxt hər iki tərəfin Xarici İşlər nazirlərinə verilən təlimat belə qənaət yaradırdı. Amma son dövrlər Ermənistanın davranışları, Dehli və Tehranla hərbi əməkdaşlığını genişləndirməsi həm erməni cəmiyyətində, həm də erməni elitasında revanşist çağırışların güclənməsinə xidmət etdi. Rusiyadan Qarabağa ezam olunan Ruben Vardanyan da Azərbaycan dövlətinə qarşı radikal çağırışlar etməyə başladı. Bu baxımdan vəziyyət kifayət qədər gərgindir, hər an hərbi toqquşma və təxribatların olması gözləniləndir.

Əlbəttə, bütün bunlarıa Azərbaycan da laqeyd qalmır, müxtəlif istiqamətlərdə addımlar atır. Baxmayaraq ki, təzyiqlər də çoxdur. Xüsusilə, Fransa açıq formada Ermənistanı müdafiə edir, beynəlxalq imkanlarından yararlanaraq Bakıya təzyiqləri artırmağa çalışır. BMT-də nəticəsiz başa çatan müzakirələr, Senat və Nümayəndələr Palatasındakı müzakirələr, fitnəkar qərarlar bu qəbildəndir. Eləcədə qonşu İranın son iki ildəki davranışları, rus sülhməramlı kontingentinin fəaliyyəti və bununla bağlı yaranan narazılıq təsadüfi deyil. Azərbaycan eko-fəallarının davam edən aksiyaları da bununla bağlıdır. Qarabağda Azərbaycanın təbii sərvətlərin talan edilməsiı, beynəlxalq şirkətlər tərəfindən qanunsuz istismarı, rus sühməramlıların buna göz yumması xeyli suallar doğurur. Sözsüz ki, bu amillər Azərbaycan-Rusiya münasibətlərinə öz təsirini göstərir. Aydındır ki, Azərbaycan Xarici İşlər nazirinin son Moskva səfərində bu məsələlərdə müzakirə edilib, konkret narazılıq çatdırılıb.

– Hazırda Ermənistan-Rusiya münasibətləri də hamar görünmür…

– Diqqət çəkən məqamlardan biri də son iki ayda İrəvan-Moskva münasibətlərində gərginliyin artmasıdır. Və bu gərginlikdən geri dönüşün mümkün olmadığı hiss edilir. Həm Ermənistan rəsmiləri, həm iqtidar partiyasının rəhbərlərinin – şəxsən Paşinyanın, Qriqoryanın, Mirzoyanın dilindən biz tənqidləri görməkdəyik. Bu tənqid və narazılıqlar Moskva tərəfindən cavabsız qalmır, Lavrov, Peskov və Zaxarova tərəfindən erməni rəsmilərin tənqidlərinə reaksiya verilib. Gərginlik artıq o həddə çatıb ki, bunu diplomatik baxımdan pərdələmək də çətinləşib. Yəni kifayət qədər kritik bir dönəmdən keçirik.

Bizim eko-fəalların aksiyası isə olduqca mühümdür. Bu aksiyanın müəyyən nəticələrini biz görürük və bundan sonra da görməkdə davam edəcəyik. Hesab edirəm ki, Azərbaycan hazırda yumşaq gücdən istifadə edərək Laçın yolunda nəzarəti ələ alıb. Azından dekabrın 12-dən indiyə qədər Laçın yolu ilə Ermənistan ərazisindən Qarabağa silah, sursat, texnika-hərbi təyinatlı yüklər daşınmayıb. Eləcədə terrorçuların gəliş-gedişinin qarşısı alınıb. Halbuki biz bir müddət əvvəl belə daşınmaları müşahidə edirdik. Vardaniyanın özünün Qarabağa ezam edilməsi, o cümlədən iranlı terrorçuların Qarabağa buraxılması və s narahatedici məsələlər var idi. İndi bu məsələlər fakriki dayandırılıb. Düşünürəm ki, bu prosesin sonunda Azərbaycan nəhayətdə Laçın yolunda sərhəd keçid məntəqəsinin qurulması ilə bağlı qərar verəcək. Ən azından Laçın yolu ilə Zəngəzur dəhlizini müqayisə etdikdə görürük ki, Ermənistan 10 noyabr bəyanatının şərtlərini yerinə yetirmir. Həmin bəyanatda Zəngəzur yolunun açılmasından da bəhs olunur.

Diqqəti çəkən digər bir məqam onunla bağlıdır ki, Rusiya və AB tərəfindən səslənən bəyanatlar açılacaq dəhlizlərin keçdiyi ərazilərdə həmin ölkələrin suverenliyinin təsbit edilməsi istiqamətindədir. Diqqət edirsinizsə, 2021-ci ilin dekabrında Brüssel görüşündə Şarl Mişel Zəngəzur dəhlizinə dair açıqlamasında qeyd etdi ki, tərəflər sərhəddə beynəlxalq gömrük hüququnun tətbiq edilməsini, o cümlədən ölkələrin suveren hüquqlarını qəbul edirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də bir müddət əvvəl bunu qəbul etdiklərini bildirdi. Qeyd etdi ki, dəhlizlərdə ölkələriun suveren hüquqları təmin olunacaq. Bunlar əhəmiyyətli hadisələrdir və bizə əsas verir ki, Laçın yolunun Ermənistanla sərhəd hissəsində sərhəd- keçid məntəqəsi qoyulsun, ölkəmizə daxil olan yüklərin və şəxslərin təyinatı bilinsin, bizim bütün proseslərdən məlumatımız olsun. Bu ciddi məsələdir. 10 noyabr razılaşmasının şərtlərinə görə, Laçın yolu humanitar məqsədlər üçün istifadə olunmalı idi. Amma son iki ildə biz bunu görmədik. Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında məhz bu nöqtəyə vurğu edildi. Açıq deyildi ki, Laçın yolu təyinatına uyğun şəkildə istifadə edilməlidir.

– Ancaq bizim gördüyümüz odur ki, Xankəndində separatçların keçirdiyi son mitinq zamanı Ruben Vardanyan açıq dedi ki, bu çətin yoldur, qanlı-qadalıdır və buna hazır olmalıyıq. Sizcə, Rusiyanın Xankəndindəki adamı bununla açıq müharibə mesajı vermirmi? Eyni zamanda rəsmi İrəvanı da bu istiqamətdə hərəkət etməyə məcbur emirmi?

– Ruben Vardanyanın ora gəlişinin səbəbini və məqsədini Azərbaycan Prezidenti noyabr ayında Avropa İttifaqının nümayəndələrini qəbul edərkən açıq mətnlə ifadə etdi. Açıq dedi ki, Vardanyan Moskvanın gündəliyi əsasında Xankəndinə ezam olunub və onunla heç bir danışıq aparılmayacaq. Sadəcə olaraq Vardanyanın belə danışıqları əvvəla özünü, sonra isə “münaqişəni” diqqət mərkəzinə gətirməyə, guya Qarabağ ermənilərinin hüquqlarını qoruduğu mənzərəsini ortaya qoymağa hesablanır. Aydındır ki, Vardanyan Qarabağ ermənilərindən Ermənistanda hakimiyyətə gəlmək üçün tranpilin kimi istifadə etmək istəyir. Amma Vardanyanın Azərbaycan sərhədlərini qanunsuz keçməsi, Azərbaycan sərhədləri daxilində rus hərbçilərinin arxasında gizlənərək Azərbaycan dövlətini hədəfə alması və savaş çağırışları etməsi hərbi cinayətdir. Sözsüz ki, Vardanyan buna görə cavab verməlidir. Mən düşünmürəm ki, Vardanyanın bu çağırışları Ermənistanı Azərbaycanla müharibəyə sövq edə bilər. Çünki Paşinyan hakimiyyəti Ermənistanın hərbi vəziyyətini, ordusunun durumunu bizdən yaxşı bilir. Belə ordu ilə müharibəyə girməyə cəhd etməz. Etsə də bu həm Ermənistan, həm də Qarabağdakı ermənilər üçün son demək olacaq.

Bir daha ona qayıdıram ki, Azərbaycan eko-fəalların aksiyası nəticəli olmalıdır. Ehtimalıma görə, sonda Rusiya ilə danışmaq, bunun nəticəsində isə Qarabağdakı qanunsuz silahlı dəstələrin silahlarını yerə qoyaraq ərazini tərk etməsinə nail olmaq lazımdır. Məncə, yaxın perspektivdə bizim əsas vəzifəmiz bu olmalıdır.

İkincisi, Qarabağ ermənilərinin Azərbaycanla reinteqrasiya prosesi başlamalıdır ki, bunu da Rusiya tərəfi ilə çözmək lazımdır. Rusiya Azərbaycanın Qarabağdakı ermənilərlə təmasa keçməsinə maraq göstərmir.

– Amma bütün bunlarla paralel olaraq Ermənistan 2023-cü ilin dövlət büdcəsindən orduya ayrılan vəsaiti 60 faiz artırıb. Bunun özü mesaj deyilmi?

-Bu o deməkdir ki, Ermənistan iki ildən artıq müddətdə danışıqları sobataj etməklə vaxtı uzatmağa çalışır. Bunu ona görə edir ki, hansısa geopolitik durumda Ermənistan üçün uyğun şərait yarana bilər. Bu halda Ermənistan itirdiklərinin bir hissəsini geri qaytara bilər. Onlar belə düşünürlər. Odur ki, bu savaşa hazırlıqdır.

Digər tərəfdən, bizim Ermənistandan tələb edəcəyimiz başqa məsələ var. Qarabağdakı separatçı rejimin maliyyələşdirməsini dayandırmaq. Ermənistan dövlət büdcəsindən 2023-cü il üçün Qarabağdakı separatçı rejimə 410 milyon dollar və əlavə olaraq 1 milyon dollar ayrılıb. Bu, kifayət qədər ciddi rəqəmdir. Aydındır ki, bu məbləğ Qarabağda yşayan ermənilərin və onların problemlərinin həllinə xərclənməyəcək. Əksinə, bu maliyyə Qarabağdakı erməni silahlı dəstələrinə xərclənəcək. Hazırda orada təxminən 20 minə qədər sulahlı erməni hərbi kontingenti var. Bu xərclər məsələsi gündəmə gətirilməli, maliyyənin dayandırılmasına nail olunmalıdır.

Hazırda Ermənistanda revanşist çağırışlar getdikcə çoxalır.Ermənistanın keçmiş baş nazirlərinin, dövlət xadimlərinin bəyanatlarını izləyirik. Son dövlər Baratyanın, Xosrov Artunyanın fikirlərində savaş çağırışları açıq səslənir. Yəni erməni cəmiyyətində revanşist əhval inkişaf edir. Odur ki, məsələlər çox sadə və hamar şəkildə həll edilməyəcək. Bu düşmənçilik toxumu uzun illərdir davam edir, bizim qarşımızda zəhərlənən erməni cəmiyyəti var. Bu mənada sülh prosesinə gedən yol ağır və çətin olacaq.

-“Foreign Policy”jurnalı 2023-cü ildə on münaqişə haqqında təhlil yazısında Azərbaycan və Ermənistan arasında müharibə riskinin yüksək olduğunu, növbəti savaşın 44 gündən az çəkəcəyini və Azərbaycanın qələbəsi ilə başa çatacağını, Ermənistanın müasir ordu yaratmaq imkanı olmadığını, Azərbaycanın isə ordusunu gücləndirdiyini qeyd edir. Siz müharibə riskini görürsünüzmü?

– Bu, kifayət qədər ciddi analitiklərin birgə məhsulu kimi ortaya çıxarılıb. Aydındır ki, bütün hadisələri hərtərəfli araşdırıb təhlil verirlər. Onların gəldiyi qənaət əslində yuxarıda dediyimiz kimi, məhz Ermənistanda revanşist duyğuların kifayət qədər güclənməsi və İrəvanın hərbi xərcləri artırması, bəzi ölkələrlə hərbi əməkdaşlığı genişləndirməsi, silah-sursat almaq niyyəti və digər məqamlardan doğur. Erməni cəmiyyəti də sanki iki hadisəni gözləyir. Birincisi, Rusiya-Ukrayna savaşının nəticəsi. İkincisi, Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticəsi. Bu seçkinin nəticələrinə uyğun hərəkət etməyi planlayırlar. Əslində bu tipli toqquşmanı biz 12-13 sentyabrda yaşamışıq. Bu, Ermənistan tərəfindən həyata keçirən təxrtibat idi. Bizim onlarla şəhidimiz oldu, amma Ermənistan tərəfinin itkiləri ölən və yaralananlarla birlikdə 500-ün üzərindədir. Mən də düşünürəm ki, hadisələrin bu cür davamı elə mərhələyə gətirib çıxara bilər ki, Ermənistan tərəfindən növbəti təxribat baş verə, bunun qarşısını almaq üçün Azərbaycan da adekvat addımlar atar. Bu toqquşmanı mən real hesab edirəm. 2023-cü ildə də Ermənistan qeyri- konstruktiv və revanşist davranışlarını davanm etdirəcəksə, bu kimi qarşıdurma mümkündür. Qısa müddətli, bir həftə və ya on gün müddətində hərbi qarşıdurma ola bilər. Çox müsbət haldır ki, Azərbaycan ordusu belə təxribatlara hazır olduğunu nümayiş etdirir. Son iki ildə ordumuzun güclənməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində addımlar atılıb, hərbi təchizatla bağlı böyük irəliləyişlər var. 2022-ci ildə onlarla təlimlər keçirilib. 2023-cü ilin əvvəllərindən Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən nazir özü döyüş bölgələrindəki hərbi hissələrdə baxış və yoxlamalar keçiriblər. Bu göstərir ki, Azərbaycan ordusu mümkün təxribatlara qarşı hazırlıq səviyyəsini artırır. Sülh imkanları olduğu halda toqqquşma olmasını istəməzdik. Amma təxribat olacaqsa, bunun da cavabının yüksək səviyyədə veriləcəyini gözləməlidirlər.

Tacxeber.com

Oxşar xəbərlər