• 23 Noyabr 2024 03:49

Polşa millisi Rusiyaya gedən Kadidən imtina edir

 

“Qarabağ”dan ayrılan Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçmək qərarı Polşada narazılıqla qarşılanıb.

“Meczyki” saytında dərc olunan yazıda braziliyalı futbolçunun Rusiya çempionatını seçməsinin onun Polşa millisində oynamaq üçün əngəl olacağını yazıb.

“O, Polşada oynamaq istəyirdi, Rusiyaya getdi. Cənab Malinovski milliyə gedən yolunu bağladı” başlıqlı yazıda Kadinin Polşa millisində oynamaq istədiyi xatırladılıb. O da qeyd edilib ki, bir müddət əvvəl Kadiyə Polşa pasportunun verilməsi ilə əlaqədar hüquqi işlərə də başlanılmışdı.

“Amma indi vəziyyət dəyişib. Görünən budur ki, 26 yaşlı futbolçuya Polşa millisinin qapısı birdəfəlik bağlandı. Bunun səbəbi isə onun Rusiyada oynamaq qərarı verməsidir” – deyə yazıda bildirilir.

Qeyd edək ki, bu il Moskva “Spartak”ı ilə müqavilə bağladığı üçün Polşa millisinin 33 yaşlı futbolçusu Matsey Rıbus komandadan kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi təcavüzü göstərilir. Müharibə başladıqdan sonra Polşa da daxil olmaqla bir sıra Avropa ölkələri Rusiya ilə əlaqələr quran şəxslərə qarşı müxtəlif sanksiyalar tətbiq edir (idmançılar da daxil). Məhz bu səbəbdən indi Kadinin Polşa millisinə dəvət ediləcəyi ehtimalınin azalacağını güman etmək olar.  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər