• 23 Noyabr 2024 02:27

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları?

 

Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.

Ancaq indi kartlardan pul oğurlaması halları da baş verir, özü də böyük məbləğlərdə. Bu kimi məsələlər gündəmə gələndə, banklar vətəndaşları diqqətli olmağa, kart məlumatlarını 3-cü şəxsə verməməyi məsləhət görürlər.

Ancaq bu kimi oğurluq halları yaşananda adamda sual yaranır ki, mənim də kartımdakı pulu oğurlaya bilərlər? Kartda saxlamaq nə dərəcədə etibarlıdır?

Məsələ ilə bağlı “Kaspi” qəzetinin əməkdaşı mütəxəssislərlə söhbətləşib.

Bank eksperti Emin Mahmudov deyir ki, bank və kart sektoru inkişaf etdikcə dələduzluq və kartlardan oğurluq halları da artır, lakin qeyd etməliyik ki, kartlardan pul oğurlanması halı banklara bağlı olmadığı üçün bu, əhalinin kartda pul saxlamasına mane olacaq faktor kimi çıxış etmir: “Tutaq ki, bir bankda ay ərzində 2 milyon əməliyyat olursa, bunun 10-u dələduzların kartdan pul oğurlanması ilə bağlı olur. Yəni belə hallar çox azdır. 5 hal bir bankda, 3 hal başqa bir bankda olanda, bu, bir az narahatlıq və əhali arasında təşviş yaradır ki, kartlardan pullar oğurlanır. Ancaq nəzərə alaq ki, indiyə kimi Azərbaycanda kartdan pulun oğurlanması heç vaxt bankın günahından olmayıb. Kartdan oğurluq halı 99 faiz halda müştərinin öz səhvi ucbatından olur. Həm kartların üstünlüklərini, həm də bu riskləri nəzərə alaraq müştəri özü ölçüb-biçib pulunu kartda saxlayıb-saxlamamaqla bağlı qərar verir. Yəni bizdə bu hallar çox deyil, üstəlik də banklarla bağlı deyil. Ona görə insanların pullarını kartda saxlamaqdan çəkinəcəklərini düşünmürəm”.

E.Mahmudov bildirdi ki, təhlükəsizlik qaydalarına riayət etmək şərtilə pulumuzu kartda saxlamaqdan çəkinməməliyik: “Bütün kart istifadəçilərini əmin edə bilərik ki, 3-4 sadə təhlükəsizlik tədbirinə əməl etsəniz, kartınızdan pul heç vaxt oğurlana bilməz”.

Ekspert həmin təhlükəsizlik qaydalarını da qeyd etdi: “Kartın 16 rəqəmdən başqa əlavə heç bir məlumatı 3-cü şəxsə verməyin. Sizə pul köçürürlərsə, CVV/CVC kod, kartın bitmə tarixi heç vaxt lazım olmur. Yaxud sizə link göndərib deyirlər ki, sizdən heç nə istəmirik, linkə özünüz daxil edin. Kart məlumatlarınızı heç bir linkə, tanımadığınız saytlara daxil etməyin. Kartın pin kodunu kartın üzərinə yazmaq olmaz. Bankın “application”ununu mütləq yükləmək lazımdır. Sabah kart oğurlananda, itəndə, tez tərpənib kartı bloklayasınız. Böyük məbləğdə pulu karta qoyursunuz, amma oğurlanacağından qorxursunuzsa, bankın proqramından kartı bloklayırsınız, sizə lazım olan vaxtı blokdan çıxarıb istifadə edirsiniz.

Bəzən bankdan zəng gəlir, bəzən isə dələduzlar bank əməkdaşı adından zəng vururlar. Siz hansı olduğunu müəyyənləşdirə bilmirsinizsə, zəng edən əməkdaşın adını və ofisdə daxili telefon nömrəsini soruşun. Deyin ki, mən sizinlə əlaqə saxlayacam. Sonra bankı özünüz yığıb həmin şəxslə danışmaq istədiyinizi deyin. Bu zaman əmin olacaqsınız ki, bankla danışırsınız”.

İnformasiya Texnologiyaları mütəxəssisi Rəşad Əliyev deyir ki, kart istifadəsi ilə bağlı təlimatlar var, onlara diqqət edilməyəndə kartdan oğurluq halı baş verir: “Bank kartları ilə bağlı təhlükəsizlik standartları var. Banklar bunları edirlər, müştəriyə də bu məlumatları verirlər. Hansı kodları 3-cü şəxslə paylaşmamalı olduğunu bildirirlər. Amma insanlar əgər orda qeyd edilənlərə riayət etmirlərsə, problemlə üzləşirlərsə, bankı günahlandırmaq düzgün deyil”.

R.Əliyev bildirdi ki, böyük məbləğlərdə oğurluqlardan sığortalanmaq üçün insanlar hansı kartı harada istifadə etməli olduqlarını bilməlidirlər: “Banklar kartlardan oğurluq hallarının qarşısını almaq üçün hazırda kartları kateqoriyalara bölüblər. Məsələn, maaş, səyahət, alış-veriş və sair kartlar var. Düzdür, kartların hamısı multifunksionaldır. Amma buna baxmayaraq, onlardan növlərinə uyğun istifadə etmək daha yaxşı olar. Maaş, yaxud pul yığdığınız kartları alış-veriş üçün istifadə etmək doğru deyil. Onlayn alış-verişdə maaş kartını istifadə edirsinizsə, burada da risk ehtimalı yaranır. Maaş kartı hər ay müəyyən məbləğdə pul gələn kart hesabıdır. Bu kart hesabını elektron kommersiya saytına qoymusunuzsa, saytın etibarı yoxdursa, sabah o kart məlumatlarınız bəd fikirli insanların əlinə keçə bilərsə, maaş vaxtı o ödənişi ələ keçirməyə çalışacaqlar. Bank təklif edir ki, onlayn alış-veriş üçün virtual istifadə edin. Bir də “3D security”ni aktiv edin”.

Tacxeber.com

Oxşar xəbərlər