• 22 Noyabr 2024 20:57

Navalni “həbsxana qaniçənləri”nin onu inadkarcasına ələ saldıqlarından danışdı…

Navalni

“İnsanlar Yeni ili qeyri-adi keçirmək üçün ödəniş etməlidir, məndə bu, pulsuz alınıb, mən məmnunam…”

“Deyəsən, ondan bakterioloji silah kimi istifadə edirlər…”

Rusiyanın Vladimir vilayətinin 6 saylı islah koloniyasında cəza çəkən rusiyalı müxalifətçi Aleksey Navalnı deyib ki, Yeni il ərəfəsində onu cərimə təcridxanasına salıblar.

“Həbsxana qaniçənləri tənbəllik etməyib dekabrın 31-də mənə görə xüsusi olaraq komissiyanın iclasını keçirib”.

Tacxeber.com xəbər verir ki, bu barədə Navalni özünün “İnstagram” səhifəsində yazıb. Məlumatı “Azadlıq Radiosu” yayıb.

Navalni dəqiqləşdirib ki, həbsxana işçiləri onu cərimə təcridxanasına ona görə salıblar ki, o, nəzərdə tutulduğundan yarım saat tez yuyunub.

“Məhbus Navalnı, videomüşahidə postunun operatoru Sizin səhər saat 05:24-də yuyunduğunuzu qeydə alıb, hərçənd, gün rejiminə görə, Siz saat 05:00-da yuxudan oyanmalı və saat 06:00 da yuyunmalısınız. Pozuntunun ağırlıq dərəcəsini nəzərə alaraq, Siz 15 sutka cərimə təcridxanasına salınırsınız”, – müxalifətçi koloniya əməkdaşından iqtibas gətirib.

O, deyib ki, onun “gözəl Yeni il üçün” planları puç olub və o, bayramı evsizlərin və psixlərin əhatəsində keçirib.

“Cərimə təcridxanasında Yeni il başqa günlər kimidir. Səhər saat 5-də yuxudan oyanma və axşam saat 21-də yatmaq nəzərdə tutulub. Beləliklə, mən 6 yaşı dan indiyədək bütün Yeni ili yatmışam. Bütövlükdə, mən razıyam. İnsanlar Yeni ili qeyri-adi keçirmək üçün ödəniş etməlidir. Məndə isə bu, pulsuz alınıb”, – müxalifətçi zarafatından qalmayıb.

Navalni əlavə edib ki, yanvarın 3-də onun kamera yoldaşı cərimə təcridxanasından “qrip xəstələri ilə dolu olan” tibbi hissəyə yerləşdirilib, ertəsi gün onu kameraya qaytarıblar.

“Deyəsən, ondan bakterioloji silah kimi istifadə edirlər. Təəccüblü deyil ki, o kədərlidir”, – siyasətçi yazıb.

Navalninin vəkili Vadim Kobzev məlumat verib ki, cərimə təcridxanasına salınan siyasətçidə qızdırma, öskürək və yüksək hərarət müşahidə edilib. Onun deməsinə görə, buna səbəb kamera yoldaşının qəsdən qripə yoluxması üçün tibbi hissəyə göndərilməsi olub.

Bundan öncə müxalif siyasətçi danışıb ki, koloniya əməkdaşları qəsdən onun kamerasına “məişət gigiyenası ilə böyük problemləri olan məhkumu” yerləşdiriblər. Lakin Navalni natəmiz qonşusunu tərbiyələndirmək qərarına gəlib. O, məhbusa müntəzəm olaraq yuyunmağı və öz paltarını yumağı öyrədib.

Tacxeber.com

Oxşar xəbərlər