“Ermənistan hakimiyyəti Qərbi rəsmi Bakı qarşıdurmaya cəlb etmək istəyir. Amma Avropa ölkələri və ABŞ Ermənistan tərəfinə münaqişənin həllində kömək etmək niyyətində deyil. Üstəlik Ermənistan Müdafiə Nazirliyi bu il KTMT qüvvələri ilə təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb”.
Tacxəbər KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin səsləndirib:
“Ermənistanın KTMT ilə təlim keçirilməyəcəyi haqdakı bəyanatları heç bir şəkildə İrəvanı gücləndirmir. Amma bu, Paşinyan hökumətinin müttəfiqini dəyişmək iddiasında olduğunu göstərir. Nikol Qərbi regiona cəlb etmək istəyir. Amma Qərb heç vaxt Ermənistana kömək etməyib və etməyəcək. Çünki ABŞ üçün ən vacibi Rusiyanı bu bölgədən çıxarmaqdır. Qalan hər şey, erməni əhalisinin və Qarabağın taleyi onları az maraqlandırır” – Zatulin vurğulayıb.
Deputat hesab edir ki, Qərb ölkələrinin fikrinə Qarabağın “müstəqilliyi” uğrunda mübarizə aparan erməni diasporları təsir göstərir. Lakin onların imkanları məhduddur: “İndi baş verənlərin hamısı Paşinyan hökumətinin manevrləridir. O, son altı ayda açıq şəkildə müttəfiqlərini dəyişmək üçün çalışır. Rusiyanı Qərblə əvəzləmək istəyir” – Zatulin fikirlərini tamamlayıb.
Rusiyalı deputata ermənilərin cavabı özünü gecikdirməyib: “Cənab Zatulin, əgər Rusiya öz maraqlarını qorumaq üçün Ermənistanı türklərə təslim edirsə, o zaman İrəvan niyə başqa müttəfiq axtarmasın? Yoxsa bütün məsələləri bizim maraqlarımız hesabına həll etməyə öyrəşmisiz? İctimai şəkildə narazılığımızı bildirməyə başlayanda, siz bizi yeni müttəfiqlər axtarmaqda ittiham edirsiniz. Niyə biz hər şeyə dözməliyik? Ermənista öz xilası naminə yeni dostlar axtarmamalıdır? Yoxsa Ermənistanı müttəfiq yox, vassal hesab edirsiniz?” – deyə ermənilər Zatulinin fikirlərinə münasibət sərgiləyib.