• 22 Noyabr 2024 22:33

Qarlı havada uşaqları bayıra çıxarmaq olarmı?- Pediatrdan MÜHÜM AÇIQLAMALAR

 

“Qarlı havada külək olmadığı təqdirdə biz uşağı hər cür havada gəzintiyə çıxarmalıyıq”.

Bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, uşağın inkişafı üçün oksigen çox vacibdir:

“Ümumiyyətlə, uşaq doğulandan sonra ona bol oksigen lazımdır. Körpə qış aylarında doğulubsa, bu o demək deyil ki, o mütləq qapalı yerdə qalmalıdır. Onun inkişafı üçün də oksigen lazımdır. Yadınızda saxlayın ki, biz heç vaxt qapalı mühitdə bol oksigen tapa bilmərik.

Açıq havada bol oksigen olsa da, bizi soyuq hava narahat edir ki, övladımız xəstələnə bilər. Çünki soyuq havada uşağın burnu axacaq, yəni burnun selikli qişasında maye ifrazı artacaq. Bu da normaldır”.

Mütəxəssisin sözlərinə görə,  kəskin hava şəraitində uşağı çölə çıxarmaq lazımdır ki, sonra o hava dəyişimlərinə uyğunlaşmış olsun:

“İsti otaqda, qapı-pəncərə bağlı olan yerdə eyni temperaturda qalan uşaq havaya çıxanda xəstələnir. Yəni hər gün pəncərəsi açıb havanı dəyişməklə, daha sonra hava dəyişimi vaxtını az-az artırmaqla onu çölə çıxarmaqla bu dəyişimə öyrəşdirmək olar. Yəni soyuq havada uşağın qoruyucu mexanizmləri işə düşür və  bu həm də immun stimulyasiyadır. Belə olan halda uşaqlar tez-tez xəsətələnməyəcək. Söhbət virus xəstəliklərindən getmir. Virus xəstəlikləri olacaq, amma uşaqda soyuqlama, ağırlaşma halları çox da baş verməyəcək. Necə ki, biz uşağı çimdirəndə onu əvvəlcə daha mülayim temperaturlu su ilə, daha sonra isə nisbətən daha isti su ilə yuyuruqsa, eləcə də hava dəyişimi da bu formada olmalıdır”.

Pediatr söyləyib ki, uşaq xəstədirsə, təzəliklə virus infeksiyasından çıxıbsa, onu bayıra çıxarmaq məsləhət deyil:

“Çünki o ağırlaşa bilər. Yaxşı olar ki, övladlarınızı həm yay, həm də qış aylarında çöldə çox saxlayasınız ki, onlar möhkəm olsunlar. Ona görə xəstə uşağı soyuq havada çölə çıxarmaq olmaz ki, burunda selikli qişanın ifrazı artır. Bu həm də qoruyucu funksiyadır, amma burada həm də virus bakteriyalar aktiv olduğuna görə  xəstəlik üçün münbit şərait yaradır. Uşağın qulağı ağrıyır, burnu daha çox axmağa başlayır və o öskürür. Amma burada sağlam uşaq üçün qorxmağa ehtiyac yoxdur”,- deyə o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər