Vətən müharibəsinin şəhidlərindən biri – 2000-ci ildə Gəncədə doğulmuş, uşaq evində böyümüş, 2020-ci ilin 8 oktyabrında Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş Əmrah Rəcəbovun anası tapılıb.
Tacxeber.com bildirir ki, nəşi bir neçə ay morqda qalan, uşaq evində böyüdüyü üçün ailəsi, qohumları olmayan və kimsəsiz kimi dəfn edilən şəhidimiz Əmrah Rəcəbovun anası üzə çıxıb. Əmraha uşaqlıqda ata-anasının öldüyü deyilsə də, sən demə, hər iki valideyni sağ imiş.
Özünü şəhidin anası kimi təqdim edən Gövhərcan Yaraş qızı Rajapova hazırda Türkiyədə – Ardahanda yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib. Ailə qurduqdan sonra Goranboyda yaşayıblar. Bir müddət sonra ayrılıblar.
Əmrahın 7 yaşı olanda G.Rajapova Gəncədə kirayə ev tutaraq və övladını nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib. Gövhərcan deyir ki, sonradan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var: “Amma heç bir sənədim yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonunda, TikTok platformasındakı paylaşımlardan öyrənmişəm”.
G.Rajapova yaşadıqlarına görə bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi olmayan qadın sənədlərini düzəldib oğlunun məzarını ziyarət etmək istəyir.
Qeyd edək ki, Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını döyüş mövqeyindən çıxarmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində şəhid olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.