Dağınıq sklerozdan əziyyət çəkən tanınmış türkiyəli müğənni Sərdar Ortaç səhhətindən danışıb.
TRT-də yayımlanan “Alişanla həyata gülümsə” verilişinə qatılan Ortaç proqramda “Sol ayağım tamam getdi” deyə etiraf edib.
Müğənninin həkimi proqrama qoşulub. Ortaç həkimindən “Bu xəstəlik nə vaxtsa keçəcəkmi?”, -deyə soruşub.
O isə cavabında dərmanlarından düzgün istifadə etdiyi müddətdə xəstəliyin nəzarət altında olacağını və bunun keçməyəcəyini bildirib.
Serdar Ortaçın “Mən də sizin kimi gəzib qaçmaq istərdim” sözləri həmkarı Alişanı təsirləndirib.
Qeyd edək ki, bu, sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır.
Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir./Azvision.az