• 22 Noyabr 2024 16:50

Tanınmış şair subay xanımların “evdə” qalmasından danışdı: “Qız bir metr dırnaq uzadırsa, hansı işi görəcək?”

 

Azərbaycanda yaşı 25-i ötmüş subay xanımların əksəriyyəti ailə qura bilməmələrinin səbəbini bəylərdə görürlər. Aparılan sosial soğunun nəticəsindən belə aydın olub ki, xanımlar evlənmək üçün subay bəylərlə necə tanış olacaqlarını bilmirlər. Qeyd olunur ki, əvvəlki dövrlərdə tanışlıq bir qədər fərqli idi, bəylərimiz avtobusda, universitet, iş çıxışlarında görüb bəyəndikləri xanımlara yaxınlaşar, tanış olar, nömrə alar, sonuna qədər mübarizə aparardılar. İddia edilir ki, bu yolla evlənənlər də az olmayıb, hətta belə evliliklər daha davamlı, möhkəm olub. Sorğuda iştirak edən xanımların çoxu düşünür ki, indi yoldan keçən bəylər başlarını qaldırıb heç xanımlara baxmır, tanış olmağa maraq göstərmirlər.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış şair Anar Vəziroğlu deyib ki, elm, texnika əsridir: “Hamının texnologiyadan başı çıxır. Bütün telefona baxan oğlanlar ancaq yazın gəlişini gözləyirlər, yaxud bayırda kiminsə ölməyinə baxırlar? Xeyr. Çoxu qızlarla tanış olur. Oğlanların zəif olması da bəhanədir. Elə zəif insan ola bilməz ki, qarşı tərəfə biganə qalsın. Mənim 60 yaşım var. On beş metrdən “Anar” sözünü eşidəndə diksinirəm ki, görüm mənim haqqımda nə deyirlər? Xanımlarımız bəhanə gətirirlər ki, bizə diqqət yoxdur. Əslində belə deyil. Gözəl xanıma, özünə diqqətlə yanaşan xanıma, ümumiyyətlə, cəmiyyət içində özünə hörmət edən xanıma həmişə diqqət var. Söhbət bundan getmir ki, gözəl geyimi olsun. Elə adam var ki, insanın fizionomiyasına yox, hərəkətlərinə fikir verir. Əksər xanımlar var ki, yeriyəndə özlərinə fikir verə bilmirlər. Məsələn, sıxlıq olan yerdə addımlarını yavaş atmalıdırlar, amma ata bilmirlər. Elə bilirlər ki, düz meydandır, şapalaq vurur, yekə addım ata-ata gedirlər. Məndə diksinmə əmələ gəlir. İndiki xanımlar ərdə oturmaq istəmirlər. Bunların məqsədləri nədir? Məqsədləri budur ki, bir uşaq doğsunlar, sabah desinlər “mən uşağı doğmuşam, bəhanə axataracaq ki, çay qoya bilmirəm, xörək bişirə bilmirəm…” Nəticədə evdə narazılıq olacaq. Ən çox o ailələrdə naraqzılıq olur ki, evdə qaynata, qaynana olur. Qaynata-qayanana olan yerdə gəlinlər heç nəyi bəyənmirlər. İstəyirlər ki, saat 11-də yatıb, saat 11-də oyansınlar. Köhnə zamanlardan danışsaq, qaynana-qaynata istəyirdi ki, gəlin bir az tezdən oyansın. Yaşım 60 olmasına baxmayaraq, mən o adamlardan deyiləm ki, deyəm “gəlinim mənə niyə çay qoymadı, niyə tezdən oyanmadı…” Mənim gəlinim də var, qızım da ailəlidir. Həmişə düşünmüşəm ki, gəlin mənim qızımdır. Gəlin də bir atanın qızıdır, o da insandır. Sadəcə, özümüzü o qədər çəkirik ki, cavanlara qarşı aqressivik. Belə olmaz. Əvvəllər mən də düşünürdüm ki, cavanlar vecsizdirlər, sonra gördüm ki, yox… O vecsiz bildiyimiz cavanlar vətənimizin işğal olunan torpaqlarını azad etdilər”.

A.Vəziroğlu hesab edir ki, oğlanların vecsiz olmağı qızların təqsiridir: “Oğlanların qızlara baxmamasının nə dəxli var? Hamımız kənd yerində böyümüşük. Evlənmək yaşı keçənə deyərdilər ki, ”filankəs qarıyıb”. Əslində qarımaq deyildi. Bəzən deyirlər ki, armudun yaxşısını ayı yeyir. Yaxşı, bu ayı bütün armud ağacını yeməyəcək axı. Ayı üç yüz-dörd yüz kilo armud yemir ki. Bir-ikisini dərib yeyər də. Hər meyvənin dəymə vaxtı var. Bunu gözləməlidirlər. Sadəcə, özlərindən atlanıb-düşürlər ki, “vay, 18 yaşım oldu, institutu bitirdim, almadılar…” O vaxt mənimlə institutda bir xanım oxuyurdu, hazırda elmlər doktorudur. Həmişə onu qınayıb deyirdim ki, vaxtında ərə getməlisən. O isə deyirdi ki, mən elmi iş müdafiə etməliyəm, sonra dedi “elmlər doktoru olmalıyam”. Deyirdim ki, ay xanım, bu gün tezdir, amma sabah gecdir… İnsanlar nəbzi tutmağı bacarmalıdırlar ki, mən nə etməliyəm? Mən uşaq vaxtımdan həmişə özümdən on yaş böyüklərlə oturub-durmuşam. Niyəsini ancaq özüm bilirdim. Çünki fikirləşirdim ki, on ildən sonra o insanların başına gələnlər təkrar mənim başıma gələ bilər, buna hazırlaşırdım…”

O, hazırda bəylərin maddi cəhətdən imkanı yüksək olan xanımlara daha çox meyil etmələri barədə səslənən fikirlərə də münasibət bildirib: “Bu, bir az da baxır qonşuya… İndiki qızlara nəyisə demək artıq şeydir. O qədər ağıllı, savadlı, düşüncəlidirlər. Amma təkcə kitab oxumaqla savadlı olmaq olmur. Həyatı gərək başa düşələr. Markesin Engelsdən güclü olması buna görə idi ki, o, həyatı dərk etmişdi. İndi əksər qızlar baxırsan ki, ancaq əyin-başlarına fikir verirlər. Qız bir metr dırnaq uzadırsa, bu, hansı işi görəcək? Təbii ki, görməz də. Ancaq işin yüngülünü axtaracaq. Kişilər, mən qarışıq bir az qabadırlar. Düşünürlər ki, bəli, qadın həm evi yığışdırsın, həm gözəl olsun, həm pul qazansın. Üçü bir yerdə heç cür mümkün deyil. Mən rayondan gəlmişəm, gələndə heç cibimdə beş qəpiyim də olmayıb. İki-üç gün bulvarda skamyakada yatmışam. Polis gəlib məni aparmışdı, məlum olmuşdu ki, heç kimim, qalmağa yerim də yoxdur. İndi bulvardan keçmirəm, ağlamağım tutur. Amma bərkişə-bərkişə, bir az da düşüncən olmalıdır. Bilməlisən ki, qaradan o tərəfə də rəng yoxdur. Deməli, ali savad olmalıdır, dünya görüşün artmalıdır. Münasibətlər qurmalısan, hörmət də öz yerində. Bunlar olmalıdır ki, özünü doğruldasan. İndi oğlanlar da qızlar da iki qütbdür. Biri mənfi, biri müsbət qütbdür. Ədəbiyyatda buna antiteza deyirlər. Yaxşını qəbul etmək çox asandır, hər kişinin işidir. Nər kişinin işi budur ki, pisə qarşı da yaxşı olasan. Bəzən 70-dən sonra hamı qırmızı qalstuk taxıb, ağıl verir. Belə deyil. Oxumaq da, rütbə sahibi olmaq da insan olmaq demək deyil. Efirlərdə bəzən bizə “münsiflər” deyirlər. Münsiflər deyilik. Hər şey ailədən gəlir, ailədən götürdüyünü hamı televiziyada da göstərəcək, işlədiyi yerdə də. İstiqamət başqa şeydir. Cəmiyyət istiqamətləndirir. İstəyirsən, saqqal saxla, istəyirsən, kostyum geyin… İnsanın yeganə formalaşdığı yer ailədir…”

Tacxeber.com

Oxşar xəbərlər