• 22 Noyabr 2024 15:20

Bakı İrəvanı küncə sıxışdırıb, müttəfiqlərdən məhrum edib: Türk İttifaqı Fransanı da bloklayır

 

Fransanın himayəsinə güvənən Ermənistan anlamalıdır ki, Azərbaycanın arxasında olan dəstək daha güclü və effektiv xarakter daşıyır… Türk Dövlətləri Təşkilatının birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi, həm də Ermənistana hərbi müttəfiqləri tərəfindən vurulan sarsıdıcı zərbədir…

Azərbaycan Ermənistanın küncə sıxışdırılması prosesini davam etdirir. “Ölkə.az” musavat.com-a istinadla bildirir ki, rəsmi Bakı siyasi-diplomatik resurslarını tədricən hərəkətə gətirməklə, Ermənistanın beynəlxalq hay-küy taktikası iflasa uğramağa başlayıb. Və bu proses belə davam edərsə, tezliklə Ermənistanın ümumiyyətlə, beynəlxalq informasiya savaşında tamamilə “tərksilah” edilməsi ilə də nəticələnə bilər.

Məsələ ondadır ki, rəsmi İrəvan sülh prosesindən uzaqlaşıb, beynəlxalq ictimaiyyəti aldatmaq taktikası seçərkən, ilk növbədə Ermənistanın xarici himayədarlarına güclənirdi. Ümid edirdi ki, Ermənistanın himayədarları bu prosesi Azərbaycana qarşı sanksiyalar tətbiqinə doğru yönəldə biləcəklər. Və bununla da savaşda məğlub olmuş Ermənistan siyasi-diplomatik masada əlini gücləndirmək, öz şərtlərini gündəmə gətirmək şansı qazanacaq.

Ancaq rəsmi Bakı təmkinli və dəqiq hesablanmış siyasi-diplomatik manevrlərlə Paşinyan hakimiyyətinin hiyləgər oyunlarını elə Ermənistanın özünə qarşı çevirməyə nail oldu. Hətta Ermənistanın “bacısı” statusuna malik olan Fransa belə, rəsmi İrəvana malik ola bilmir. Əksinə, indi rəsmi Parisin son davranışları həm Fransaya, həm də Ermənistana ziyan vurur.

1536984776_1925804.jpg (479 KB)Ermənistan parlamentinin spikeri Alan Simonyanın “Tərəfə çevrilmiş deyil, vasitəçi olan Fransaya ehtiyacımız var” deməsi qətiyyən təsadüfi deyil. Rəsmi İrəvan artıq anlayır ki, Fransanın belə açıq şəkildə Ermənistanı dəstəkləməsi sülh prosesində rəsmi Parisi qərəzli duruma düşürür. Və qərəzli mövqeyi Fransanı sülh prosesində vasitəçilik şansından məhrum buraxır.

Təbii rəsmi Paris də son davranışları ilə kifayət qədər ciddi səhvlər buraxdığını anlamağa başlayıb. Bir tərəfdən, rəsmi Bakı haqlı olaraq, Fransa sülh prosesindən kənarlaşdırıb. Digər tərəfdən isə Cənubi Qafqazdakı geopolitik proseslərdən kənarda qalan Fransa bu regionda üzrə maraqlarını ciddi şəkildə riskə atıb.

Ona görə də, son vaxtlar rəsmi Paris durumu düzəltmək üçün müəyyən siyasi-diplomatik manevrlər etməyə çalışdığı müşahidə olunur. Hər halda, Fransanın Azərbaycan ilə münasibətləri normallaşdırmağa çalışdığı açıq-aşkar nəzərə çarpır. Belə ki, rəsmi Paris Ermənistana göndərdiyi rəsmi şəxslərin dili ilə Fransanın beynəlxalq hüquqa görə “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi hesab etdiyini vurğulaması ilk növbədə Azərbaycanın diqqətinə hesablanıb. Azərbaycana qarşı sanksiyaların tətbiqinə çalışmaq kimi niyyətini xüsusi olaraq, vurğulayan rəsmi Paris Azərbaycanın Fransaya yönəlik mövqeyini yumşalda biləcəyinə ümid bəsləyir. Əks halda, Fransanın Cənubi Qafqazda geopolitik oyunlar sırasına daxil olması qətiyyən mümkün deyil.

Bütün bunlar onu göstərir ki, əslində, Ermənistan Fransanın beynəlxalq himayəsindən faydalanmaq imkanlarını da artıq itirməyə başlayıb. Rəsmi Bakı bu məsələdə öz prinsipial mövqeyi ilə Fransa-Ermənistan ortaqlığını iflasa uğratmağa nail olub. Və bu baxımdan, Azərbaycanın beynəlxalq səviyyədə daha təsirli siyasi-diplomatik təsir resurslarına malik olduğu artıq inkaredilməz reallıqdır.

e04f4bcde80ae850e5ed7019be646517.jpg (219 KB)Təbii ki, rəsmi Bakı Ermənistanla beynəlxalq informasiya savaşında yalnız bununla kifayətlənmək niyyətində deyil. Azərbaycan rəsmi İrəvanın beynəlxalq hay-küy kampaniyasını darmadağın etmək üçün daha bir önəmli addım atıb. Belə ki, rəsmi İrəvanın uydurma “blokada” iddialarına qarşılıq olaraq, Qərb mətbuat təmsilçilərinin Şuşa-Xankəndi yoluna səfər edərək, ekofəalların aksiyası ilə yerində tanış olmasına şərait yaradılıb. Artıq Qərb ekspertləri bu mövzuda daha obyektiv məlumatlar əsasında dəyərləndirmə imkanı qazanıblar.

Məsələn, Böyük Britaniyadan olan analitik Taras Kuzio bildirib ki, Laçın yolunda aksiya keçirən ekofəallar Azərbaycanın Qarabağ regionunda faydalı qazıntıların qeyri-qanuni istismarına qarşı etiraz edirlər. Onlar Ermənistanın üçtərəfli anlaşmaları kobud şəkildə pozmasından artıq beziblər: “Sosial şəbəkələrdə yayılan məlumatların çoxu reallığı əks etdirmir. Bir çoxları “blokada” barədə danışırlar. Ancaq orada tamamilə fərqli vəziyyət mövcuddur. Azərbaycanın ekofəalları qətiyyən yolu bağlamayıblar və sadəcə, haqlı tələblərlə çıxış edirlər. Bütün bu problemlərin həlli üçün sülh sazişinin imzalanması yeganə doğru yoldur”.

Göründüyü kimi, rəsmi Bakı xarici jurnalistlərin və ekspertlərin Laçın yoluna səfərinə imkan yaratmaqla, Ermənistanın uydurma iddialarını darmadağın edir. İndi beynəlxalq ictimaiyyət daha dəqiq və obyektiv məlumatlar almaq imkanı qazanıb. Və bu proses inkişaf etdikcə, rəsmi İrəvanın beynəlxalq informasiya savaşında manevr məkanı daha da daralacaq.

Onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı bəzi beynəlxalq qurumları real faktlarla məlumatlandırmaqla, Ermənistanın sülh prosesini pozmasına qarşı da effektiv qınaq kampaniyası başladıb. Bir müddət öncə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında Fransa-Ermənistan ortaq layihəni bloklamağa nail olmuşdu. Buna paralel olaraq, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bəzi beynəlxalq qurumlar Ermənistanın davranışlarını və yalan kampaniyasını qınamışdı. İndisə Türk Dövlətləri Təşkilatı da artıq bu prosesə birbaşa qoşulub.

6a795ec3-fc59-4257-8d33-f21dec4f0d48.jpg (253 KB)Məsələ ondadır ki, Türk Dövlətləri Təşkilatı bəyanat yayaraq, Ermənistandan Azərbaycan ərazisində olan öz qanunsuz silahlı dəstələrini çıxarmağı tələb edib. Bu olduqca önəmli mövqedir. Çünki beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan edilir ki, rəsmi Bakını ittiham edən Ermənistan hələ də Azərbaycan ərazisində öz silahlı dəstələrini saxlayır, üçtərəfli anlaşmaların tələblərinə əhəmiyyət verməyərək, onları çıxartmır. Və bu, beynəlxalq səviyyədə Ermənistanın uydurma iddialarının ifşa olunması baxımından, böyük əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatı Ermənistanın sülh prosesini pozduğunu da xüsusi olaraq, vurğulamaqla yanaşı, rəsmi İrəvanın davranışlarını pislədiyini qabardıb. Türk İttifaqı Azərbaycanın sülhlə bağlı addımlarını, ekofəalların etirazlarını dəstəklədiyini də vurğulayıb: “Azərbaycan ərazisində faydalı yataqların qanunsuz istismarı dərhal dayandırılmalıdır”.

Onu da nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının bu bəyanatına imza atan Qazaxıstan və Qırğızıstan Ermənistanın da üzv olduğu KTMT-da da təmsil olunur. Yəni, Ermənistanın hərbi müttəfiqləri birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Bu açıqlama bir çox istiqamətlər üzrə Ermənistanın mövqeyinə sarsıdıcı zərbədir.

Hər halda, Fransanın himayəsinə güvənən Ermənistan anlamalıdır ki, Azərbaycanın arxasında olan dəstək daha güclü və effektiv xarakter daşıyır. Azərbaycanı dəstəkləyən dövlətlər beynəlxalq səviyyədə Ermənistanın təxribatlarını gündəmə gətirməklə, Fransanın Paşinyan hakimiyyətinə yönəlik himayəsini əhəmiyyətdən salır. Və bu baxımdan, rəsmi İrəvanın mövcud reallıqlar ilə barışması Ermənistanın gələcək taleyi üçün daha faydalı ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər