Kremllə muzdlu “Vaqner” ordusu arasında nüfuz münaqişəsi artır. Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında “döyüş” ötən ilin payızında Luqansk vilayətində Ukrayna ordusunun uğurlu əks-hücumları ilə başlayıb. “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin Rusiyanın rəsmi ordusunu səriştəsizlikdə ittiham edib. Onun Rusiyanın daxili siyasətinə girmək istədiyi bildirilir.
Priqojinin bu istəyinə çata biləcəyi nə dərəcədə realdır?
Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynanın hansı istiqamət üzrə prosesləri apardığını görürük:
“Amma Rusiyada maraqlı proseslər baş verir. Nəzərə almaq lazımdır ki, Rusiya 11 aya yaxındır davam edən işğalçı müharibəsi fonunda daxili siyasətində bəzi dəyişikliklərə getdi. Rusiya ordusu öz gücünə inanırdı. Rusiya “Vaqner”dən təkcə Ukraynada deyil, bir neçə dəfə Suriyada, Liviyada, Mərkəzi Afrika ölkələrində də istifadə edib. Sadəcə olaraq “Vaqner”i bir elit qoşun növü kimi saxlamağa çalışırdı. Priqojin isə Putinin yanında olan Rusiya dərin dövlətinin nümayəndələrindən biridir. İndiki vəziyyətdə Rusiya sürətlə bataqlığa gedir. Belə olan halda Rusiya daxilində də qruplararası savaş güclənməkdədir. Bu o deməkdir ki, Putin qruplararası savaşa da tam şəkildə müdaxilə edə bilmir. Bir neçə gün öncə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi ondan xəbər verir ki, Putin başa düşür ki, Priqojinin irəli getməsi və Ukrayna cəbhəsində hansısa ciddi bir uğur qazanması həm Rusiya ordusuna böyük xələl gətirə bilər, həm də Yevgeni Priqojinin nüfuzunu daha da artıra bilər.
Nəzərə almalıyıq ki, müharibə Rusiya daxilində elitalararası münaqişə və mübarizəni də gücləndirdi. Ramzan Kadırovun qoşunu Ukraynada məhv ediləndən sonra o, geri çəkildi. İndi isə Priqojin ortaya düşüb. Onun bəlli hədəfi var. Yevgeni Priqojin istəyir ki, hakimiyyətdə özünə yer tuta bilsin. Orta əsrlərdən bu yana Rusiyada bu proses gedib. Yəni ordu bir qayda olaraq hakimiyyəti ələ ala bilib. Bu baxımdan düşünürəm ki, Priqojin pullu əsgərlər vasitəsilə prosesləri öz nəzarətinə almaq istəyir. Görünür ki, Rusiya dərin dövləti içərisində də Yevgeni Priqojinin tərəfdarları var, ona dəstək verirlər. Doğrudur, o, hakimiyyətdə ciddi fiqur ola bilməz, çünki o imkanları hələ ki, yoxdur. Müdafiə naziri Sergey Şoyqunun daha çox imkanları var, nəinki Priqojinin. Onu da nəzərə almaq lazımdır ki, Vladimir Putin hələ ki, hakimiyyətini saxlaya bilir. Bu baxımdan hesab edirəm ki, Priqojin ordunu tənqid etməklə, bu özəl hərbi şirkətə silah-sursatın çatdırılmaması ilə bağlı müdafiə nazirini ittiham etməklə həm bir növ elita daxilində güc toplamağa, həm də “Vaqner”i önə çəkməyə çalışır. Həmçinin Rusiya ordusunun daxilində də “Vaqner”in gücünü artırmağa çalışır. Əlbəttə ki, Priqojinin güc, hakimiyyət sevdası da var. İndiki vəziyyətdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin də hakimiyyətlə bağlı ciddi iddiaları var. Bu, Rusiya mediasında da işıqlandırılır”.