Araik Arutyunyan Vardanyanı istefaya göndərir
Xankəndində separatçılar arasında “hakimiyyət” uğrunda amansız savaş dramatik bir həddə çatıb. Baş separatçı Araik Aratunyanla “desant” Ruben Vardanyan arasında “hakimiyyət” uğrunda savaş artıq açıq xarakter alıb. Arutyunyan Paşinyandan Vardanyandan xilas olub, onu zərərsizləşdirmək istiqamətində tapşırıq alsa da, hələlik buna nail ola bilmir. Vəziyyət getdikcə daha da dramatik xarakter almağa başlayır. Yaranmış vəziyyətdən çıxış yolu kimi Arutyunyan və Vardnayan istefa vermək barədə qərara gəlsələr də, digər vasitəçilərin araya girməsi nəticəsində hələlik bu addımın qarşısı alınıb.
Tacxeber.com “hraparak”a istinadən xəbər verir ki, ötən həftənin sonunda Arutyunyanla Vardanyan arasında hakimiyyət uğrunda savaş ən pik həddə çatıb.
Mətbu orqanının yazdığına görə, “artsax parlamentinin sədri” Artur Tovmasyanın yanvarın 14-də növbədənkənar “prezident və parlament” seçkiləri keçirilməsi barədə gözlənilməz bəyanatı da məhz bununla əlaqədar olub. Artur Tovmasyan da “hakimiyyət” uğrunda savaşa qoşularaq namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Tovmasyanın bəyanatı mürəkkəb vəziyyəti daha da mürəkkəbləşdirib və separatçılar arasında ciddi çaşqınlığa səbəb olub.
Son aylarda Xankəndində siyasi proseslərin məntiqi nəticəsi olaraq Araik Arutyunyanın “prezidentlikdən” gedərək postu Ruben Vardanyana ötürəcəyi gözlənilirdi. Vardanyanı da Arutyunyan məhz bu məqsədlə Xankəndinə özü dəvət edib.
Lakin sonradan keçmiş “dostlar” arasında aşılmaz ziddiyyətlər yaranıb.
Erməni mediasının yazdığına görə, Araik Arutyunyan Vardanyanın istefasını tələb edib və rədd cavabı alıb. Bu alınmadıqda Arutyunyan özü istefa verəcəyi ilə bağlı Vardanyanı hədələyib. Arutyunyan bilir ki, bununla da Xankəndindəki separatçı rejimin hakimiyyəti iflic vəziyyətə düşəcək. Bununla da Arutyunyan Vardanyanı dilemma qarşısında qoyub.
Digər tərəfdən Paşinyan da Qarabağ ermənilərinin üzləşdiyi indiki böhranlı vəziyyətdən çıxmaq və Bakı ilə təmaslar qurmaq üçün Arutyunyandan Vardanyanın istefasını tələb edib.
Mətbu orqanın yazdığına görə, Vardanyanın Xankəndində peyda olması və onun danışıqlarda sərt mövqe sərgilənməsi Bakı tərəfindən birmənalı olaraq rədd edilir. Vardanyanın Xankəndində “fəaliyyəti” isə nəticə etibarı ilə danışıqların dayanmasına və vəziyyətin daha da gərginləşməsinə xidmət edir.
Arutyunyan yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün hər ikisinin istefa verməsini təklif edib. Hər ikisinin “seçki”yə gedib, yeni “seçkilərin” keçirilməsini təklif edib.
Ruben Vardanyan da bu təklifi qəbul edib və onu bəzi siyasi dairələrlə, xüsusən də separatçı rejimin keçmiş rəhbərləri Bako Saakyan, Arkadi Qukasyanla müzakirə edib. Onlar isə bu addımın separatçı rejimin tamamilə məhvinə gətirəcəyini bildirib və bildiriblər ki, Azərbaycanın da istədiyi budur.
Məhz bu danışıqlardan sonra Vardanyan öz Facebook səhifəsində istefaya getməyəcəyini bəyan edib.
Arutyunyan artıq anlayır ki, Vardanyandan xilas olmaq elə də asan olmayacaq.
Bu səbəbdən də ətrafı Araik Arutyunyanın son vaxtlar ağır psixoloji vəziyyətdə olduğunu deyirlər. Çünki İrəvan davamlı olaraq Arutyunyandan Vardanyandan xilas olmağı tələb edir, o isə onların bütün tələblərini yerinə yetirmək iqtidarında deyil. Nəticədə vəziyyətdən çıxış yolu kimi ötən şənbə günü, yəni yanvarın 14-də istefa verib separatçı rejimi başqalarına təhvil vermək qərarına gəlib. Lakin şənbə gecəsi bütün tərəflərin, “parlamentdəki fraksiyalar”ın iştirakı ilə bir neçə saatlıq müzakirələrdən sonra o bu niyyətindən vaz keçib. Separatçıların keçmiş rəhbəri Bako Saakyan Arutyunyanla Vardanyan arasınd vasitəçilik edərək bir araya gətirib və məsələni müzakirə ediblər. Müzakirələr zamanı bir daha qeyd olunub ki, Bakı belə bir seçkinin keçirilməsinə heç cür imkan verməyəcək və bu hər şeyin sonu olacaq. Müzakirlərin yekunu kimi Vardanyandan ictimai bəyanatlarda daha təmkinli olmağa, daha dəqiq desək, Nikol Paşinyanı tənqid etməməyə çağırıb. Bu raund Arutyunyanın qələbəsi ilə başa çatıb. Bundan istifadə edib Paşinyanın tələbini yerinə yetirib, Vardanyanı zərərsizləşdirib, ya da ən azı qırmızı vərəqə göstərib, manevr edə bilər.
Çünki bir şey göz qabağındadır ki, Ruben Vardanyanın transferindən sonra Qarabağda vəziyyət daha da pisləşib, Vardanyanın təxribat xarakterli bəyanatları vəziyyəti daha da pisləşdirir. Buna görə də Qarabağdakı ermənilər iki cəbhəyə bölünüb. “Haraparak”ın yazdığına görə, bu vəziyyət nə qədər davam edəcək bilmək olmaz. Xankəndindəki separatçılar arasında yaranmış durum barıt çəlləyini xatırladır və hər an partlaya bilər.
Yekun nəticədə isə Qarabağdakı ermənilər özləri Azərbaycan müraciət edərək Xankəndində vəziyyəti qaydaya salmasını tələb edəcəklər.