Milli Məclisin deputatı Siyavuş Novruzov Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının başıüstə dayanaraq yoqa hərəkəti göstərməsinə münasibət bildirib.
S.Novruzov Pravda.az-a açıqlamasında hakimiyyətə iddialı olan N.Pənahlının efirdəki hərəkətini belə dəyərləndirib: “Hər kəsin özünün bir prinsipi var. Azad, demokratik ölkədə yaşayırıq. Görürsünüz ki, biri mahnı oxuyur, biri musiqi alətində ifa edir, biri idmanda hər hansı hərəkət göstərir. Hesab edirəm ki, bu, şəxsin özünə aid olan məsələdir. Bunu hər hansı bir ictimai qınağa, ümumi müzakirəyə çevriləsi məsələ hesab etmirəm…”
Siyavuş Novruzov “Allah Heydər Əliyevə rəhmət eləsin, Azərbaycanı Nemət Pənahlı kimilərdən xilas etdi” deyənlərə isə belə cavab verib: “Heydər Əliyev, ümumiyyətlə, Azərbaycanı çoxlarından xilas etdi. Azərbaycanı həm xarici, həm daxili düşmənlərdən xilas edərək, güclü, fundamental, demokratik bir dövlət yaratdı. Bu dövlətin hazırkı nailiyyətləri isə göz qabağındadır. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uzun müddət dövlətçilik təcrübəsi olan Ümummilli lider səbirlə, dözümlə müxtəlif dövlət çevrilişlərinə qalib gələrək Azərbaycan dövlətini qoruyub-saxladı. Azərbaycan vətəndaşlarının hüquqlarını qorudu. Ona görə də təkcə bir hal deyil. Heydər Əliyev bütövlükdə elə AXC-Müsavat cütlüyünün hakimiyyətindən bu xalqın yaxasını, canını qurtardı. İstər 1994-cü ilin oktyabr, istər 1995-ci ilin mart hadisələrindən, Azərbaycanı təhdid edən başqa-başqa xarici dövlətlərdən və s. Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafını yaratdı, neft kontraktlarını imzaladı. Bu il ümummilli liderin 100 illiyidir. Yəqin ki, hələ yeni-yeni faktlar ortaya çıxacaq, kitablar yazılacaq, filmlər çəkiləcək, o vaxtkı şahidlərin, iştirakçıların fikirləri öyrəniləcək. Görüləcək ki, Heydər Əliyev bu dövlət, xalq üçün əvəzsiz işlər görüb gedib. Hələ gələcəkdə onun haqqında çox şeylər yazılacaq…”