• 20 Sentyabr 2024 02:05

Qorxmaz Əlilicanzadə: “Turan ideyası ətrafında birləşməliyik”

 

“Şəhərli-kəndli məsələsi dünyanın hər yerində mövcuddur. Hər ölkənin paytaxtı, rayonu, ucqar, yaxın kəndi var, mərkəzdən uzaqlaşdıqca adət-ənənə də başqa olur. Rayonun, kəndin özünəməxsus adət-ənənəsi var. Kənddə böyüyüb, birdən-birə şəhər mühitinə düşəndə nəsə problem, sıxıntı yarana bilər. Bu, təbii haldır. Bəli, əvvəllər Bakıya ancaq oxumağa, ən savadlıları, ən yaxşıları gəlirdilər… Amma indi zaman dəyişib, elə hadisələr yaşamışıq ki, hamı Bakıya üz tutur. Paytaxt təkcə bakılının deyil, bütün Azərbaycanındır. Burada hər bir azərbaycanlının yaşamaq ixtiyarı var. Məsələn, hər adam Maştağada gəlib yaşaya bilməz. Mən deyərəm ki, gəlmə, istəmirəm sən burada yaşayasan, mənim kəndimdir. Hərçənd bu da düzgün deyil. Yəni demək istəyirəm, sən mənim adət-ənənəmi korlayırsan, ya bizim adətlərə öyrəş, ya da çıx get. Amma Bakı haqqında bunu demək olmaz, Bakı paytaxtdır…”

Bu sözləri Pravda.az-a müsahibəsində Əməkdar artist, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilicanzadə deyib.

O bildirib ki, məlum hadisələr nəticəsində Bakıya Qarabağdan, Ermənistandan köçüb gəliblər: “Birdən-birə tünlük yarandı, çətinliklər, işsizlik, evsizlik… 30 ildə təlatümlər keçdik. Bu, mənim də başıma gələ bilərdi, Bakıdan gedə bilərdim. Məsələn, Gəncəyə, Naxçıvana getsəm, təbii ki, oranın adət-ənənəsinə öyrəşməliyəm. Xoşuma gəlməyən adət ola bilər, xoşuma gəlməz, öz adətimi onlara yeridə bilmərəm, qayıdaram, deyərəm ki, orda yaşamıram. Amma gərək, getdiyim yerə hörmətlə yanaşam, ora özümü uyğunlaşdırmağa çalışam. Təbii proseslərdir, buna rəng vermək düzgün deyil. Axı bütöv Azərbaycan uğrunda mübarizə aparırıq. Sabah Cənubi Azərbaycanla birləşəndə, Allahın izni ilə bütöv Azərbaycan yarananda onda da təbrizlilərlə, ərdəbillilərlə bakılıların davası düşsün ki, bura bizim şəhərdir, öz adətlərimiz var? Yox, bu, düzgün deyil. Gələcəyə baxmalıyıq, bütün Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, hər bir azərbaycanlı Azərbaycanın istənilən şəhərində, kəndində yaşaya bilsin. Təbii, insanların xasiyyətləri də başqadır, biri çılğın, biri aqressiv, sözbaz, ədəb-ərkansız, yaxud sakitdir… Beş barmağın hamısı eyni deyil ki. Cəmiyyət onları tədricən cilovlayır. Oturaram restoranda, biri qışqıranda mənim də xoşuma gəlməz. Məsələn, bəzən çayxanada görürəm ki, bir dəstə oğlan qışqıra-qışqıra danışır. Nə deyim? Nəsə desəm, acılayarlar, pis cavab verərlər. Gərək, ədəbləri olsun ki, görürlər oturmuşam, yaşlı adamam, çox qışqırmasınlar. Bizdə əvvəllər adət belə deyildi. Məhlədən, ya hardansa keçəndə, tanıyırdılar. Cavan oğlanlar öz aralarında ucadan danışanda, biri deyirdi ki, müəllim gəlir, sakit olun… Yəni utanırdılar, hörmət edirdilər. Belə vaxtlar da olub. Saymayan vaxtlar da. Bakıda küçədə kimsə telefonla qışqırır ki, ay köpək oğlu, bilirsən nə edərəm… Söyür, qışqırır. Mən bu adama nə deyim? O demək deyil ki, hamısı belədir. Fərdi bir nəfərin xasiyyətidir. Bütün millət bu xasiyyətdə deyil axı. Ona görə də buna reaksiya vermək düzgün deyil…”

Əməkdar artist hərbi xidmət dövründə başına gələnləri də bölüşüb: “Mənimlə xidmətdə olan dostlarım bilirlər, əsgərlikdə rayonlu ilə bakılıların davasını saxlamışam. Qazaxıstanda Saksaul deyilən yer var, ruslar dedilər ki, sizin yerlilər vuruşmağa hazırlaşırlar. Durub getdim, doğrudan da bir dəstə yığışıb, vuruşmağa hazırlaşırdı. Yaxınlaşıb dəstə başının ikisini də çağırdım ki, çəkilək kənara. Dedilər ki, sən bu işə qarışma. Dedim “Bir dəqiqə dayanın, siz bilirsiniz nə edirsiniz? Eyni millətdən, eyni dildən, dindən olanlarla vuruşursunuz. Nə bakılı, nə rayonlu? Burda ermənilər, çeçenlər, gürcülər var, bizə gülsünlər? Sabah bu məsələ yuxarı qalxsa, aləm bir-birinə dəyəcək, başımıza oyun açacaqlar…” Axırda dedim ki, bir köpək oğlu tapılmadı sizə ağıl versin, o köpək oğlu mənəm, sizin üçün ayıbdır. Onları barışdırdım. Bığları qırxmaq məsələsi var idi, qoymurdum, gedib danışırdım ki, bığ bizdə qeyrətdir, qoymayın qırxsınlar. Mən belə olmuşam. Rayonlu adamlar da olub ki, mənə hörmət ediblər. Hamımız eyniyik. Düzdür, adət-ənənələr dəyişib. Demək olmaz ki, bu adət təkcə Bakıdadır, rayonlarda da ədəb-ərkan var. İnanın, rayonlarda elə adamların evinə gedirəm, sevinirəm ki, gözəl adətlərimizi yaşadan ailələr var. Hər rayonda bir yox, min belə ədəb-ərkanlı ailə var. Amma “bakılı”, “rayonlu” bölgüsü aparmaq düzgün deyil. Qaçqınlarla bağlı bir dəfə söz demişdim, düzgün başa düşməmişdilər. Dəxlisiz bir adam bu məsələni qaldırmışdı. Guya mən qaçqınları təhqir etmişəm. Bəli, etmişəm, bəs nəyə görə? Çünki Azərbaycanda qaçqın yoxdur. Mən olmayan adamı təhqir edirəm. Bizdə məcburi köçkün var. Ermənistandan, Qarabağdan Bakıya məcburi köçkünlər gəldilər. Onlar öz torpaqlarını məcburi tərk ediblər. Qaçqın isə öz ölkəsində olmur, açın lüğəti, baxın. Mən Azərbaycandan Türkiyəyə, Rusiyaya qaçsam, qaçqın oluram. Bu, etimologiya lüğətində də yazılıb. Qarabağdan vətənin bu tinindən o biri tininə gələn necə öz torpağında qaçqın ola bilər? Qaçqın o adamdır ki, müharibə vaxtı qaçıb, millətin pulunu oğurlayıb, mal-dövləti götürüb Bakıya gəlib. Bəli, onlar qaçqındırlar, vəzifə sahibi oldular, dövlətlərini artırdılar, məcburi köçkünlərin pullarını yedilər, məcburi köçkünlər zülm çəkdilər. Demişəm, sözümün də üstündə dururam. Bu cümləmi qoyurlar yuxarı başa – “Qorxmaz qaçqınları təhqir elədi”… Məqsəd budur ki, məqalə oxunsun. Bunu edən jurnalistin niyyəti bakılı-rayonlu davasını salmaqdır. Cümləmin əvvəli ilə axırını gizlədir, ortadan bir söz çıxarır ki, dava olsun. Niyə? Bunu yaxşı hal kimi qəbul etmirəm. Özüm maştağalıyam, amma üzümü Azərbaycana tutub çıxış edirəm. Naxçıvanın stadionunda televizyanın 50 illiyi keçirildi, Xalq artislətindən kimlər yox idi ki-böyük bir heyət getmişdi. Təsəvvür edin, mənim adımı çəkəndə stadion necə “urra!” dedi, qışqırdılar, alqışladılar. Hamısı məəttəl qaldı ki, Qorxmazı Naxçıvanda bu qədər istəyirlər? Naxçıvanda bir işlə əlaqədar hərbi tribunala zəng etmişəm, telefonda səsimi eşidən kimi elə məhəbbətlə, hörmətlə danışdılar. Dedilər ki, Qorxmaz müəllim, gəlin, yolpulunuzu veririk, qulluğunuzda dayanaq, qonağımız olun. Mən bunu necə itirə bilərəm? Necə ayrıseçkilik edə bilərəm? Mənə çatmır”.

Q.Əlilicanzadə bildirib ki, incəsənətin içində də ayrıseçkilik var: “Bakı, rayon söhbəti… Muğam ifaçıları, musiqiçilər arasında söhbət salıblar – Bakı məktəbi, Şamaxı məktəbi, nə bilim, Qarabağ məktəbi… Belə bir söz yoxdur. Bir məktəb var: Muğam məktəbi. Bunun da üslubları var. Təbriz, Bakı, Qarabağ üslubu və s. Amma ümumilikdə muğamdır. İki cərəyana bölünür, Cənubi və Şimali Azərbaycan muğamı. Xırdalamaq istəmirəm. Ermənilər qəsdimizə durmuşdular, tarı yığışdırdılar. Üzeyir bəyə Allah rəhmət eləsin. Tarı, muğamı xilas etdi. Qarabağlıların səsi varsa, məgər şamaxılıların yoxdur? Şəkili Ələsgər kimi oxuyanı, bəlkə, Qarabağda tapmazsan. Onun şüşə kimi səsi olub. Ağaxan Abdullayevin oxuduğu muğamları bu saat kim oxuya bilər? Ən çətin muğamları bakıda oxuyublar. Mütəllim Mütəllimovun ifa etdiyi “Hər bağın, hər bağçanın öz bülbüli-şeydası var…” qəzəlini onun kimi oxuyan olub? Hər yerin öz “əla”sı var. Biz bunlarla fəxr etməliyik. Yoxsa bölgüçülük etmək, doğru deyil”.

O deyib ki, kim 1960-1970-ci illər söhbətini salıbsa, çox nahaq salıb: “Böyük ayrıseçkilikdir. Yerlipərəstlik evimizi yıxıb. Ölkəni bu saat yıxan elə yerlipərəstlikdir. Bu söhbət yığışılmalıdır, istəmirəm. Ağıllı adam gəlib vəzifədə işləməlidir. Çox şeylər var, adam demək istəmir. Birliyə, mehribanlığa, “bir Azərbaycan” kəliməsinə gələk. Cənubi, Şimali Azərbaycan üçün canımızı veririk. Sabah birləşəndə ayrıseçkilik edib, deyək ki, sən cənublusan, mən şimallı? Biz Türk Dünyasının birləşməsinə hazırlaşırıq ki, “türk” desinlər, “özbək”, “qazax” deməsinlər. Dünyada bir millət olaq: türk. Böyük bir sahəni zəbt edək, dədə-baba torpaqlarımızı yaradaq, Mosula, Anadoluya, Kərkükəcən birləşək, bütöv Türk Dünyası olaq. Bunun üçün çalışmalıyıq. Yoxsa Bakıda ayıb-ayıb söhbətlər danışırlar, “sən bakılı, mən rayonlu…” Bununla Turan qura bilərik? Yox! Arzu edirəm ki, Allah bizim xalqı xilas etsin, Xankəndi məsələsini də düzüb-qoşsun, bütövləşək, Zəngəzuru, Göyçəni, Dərbəndi də alaq, bütöv Azərbaycan yaradaq…”

Tacxeber.com

Oxşar xəbərlər