Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası katibinin köməkçisi Aleksey Pavlovu vəzifəsindən azad edib.
Ovqat.com-un məlumatına görə, Rusiya prezidentinin imzaladığı müvafiq sənəd rəsmi portalda dərc olunub.
“Pavlov Aleksey Anatolyeviç Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.
Qeyd edək ki, son zamanlar Putinin rəsmi şəxslərlə bağlı verdiyi sərəncamların sayı durmadan artır. Sərəncamlarda bəzi şəxslər işdən tamamilə uzaqlaşdırılır, bəziləri isə başqa vəzifələrə gətirilir. Putinin dünya mediasında ən çox müzakirə olunan sərəncamı isə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovun Ukrayna savaşına qatılan qoşunların komandanlığına gətirilməsidir.
Böyük Britaniyanın “Daily Mail” nəşri Vladimir Putinin sabiq yaxın dostlarından birinə istinad edərək bu sərəncamları onun dövlət çevrilişi xofuyla əlaqələndirib. Putinin adı çəkilməyən sabiq dostunun iddiasına görə, Rusiya lideri Ukraynada qarşılaşdığı hərbi uğursuzluq səbəbindən təşvişə düşüb və bu il öz istəyi ilə təqaüdə ayrılacaq. Təqaüddən əvvəl isə Rusiyanın hərbi strukturlarında öz təhlükəsizliyini təminat altına almaq üçün yeni komanda formalaşdırmağa çalışır.
“Rusiya prezidentinin keçmiş müttəfiqi Putinin çevriliş nəticəsində öldürülməsini önləmək üçün tezliklə təqaüdə çıxa biləcəyi ehtimalından danışıb”, – deyilən məqalədə bildirilir ki, prezident öz süqutunu riskə atmamaq üçün bu il varisini elan edəcək. Onun varis planı Rusiya prezidentinin populyarlığının Ukraynadakı müharibədə dəfələrlə baş verən hərbi uğursuzluqlar səbəbindən aşağı düşməsindən qaynaqlanır.
Keçmiş müttəfiqinin fikrincə, Putin Qəddafi və digər diktatorların başına gələnlərlə qarşılaşmamaq üçün hakimiyyəti varisinə ötürmək və təqaüdə ayrıldıqdan sonra Qara dəniz yaxınlığındakı sarayına çəkilmək barədə düşünür.
Mənbə Putinin hakimiyyətdən əl çəkməyə, Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara getməyə çalışacağını və həmçinin 2024-cü il üçün planlaşdırılan seçkilərə qatılmayacağını iddia edib. O, həmçinin Putinin mümkün varislərinin adını da sadalayıb. “Rusiya despotu yəqin ki, Moskva meri Sergey Sobyanin, baş nazir Mixail Mişustin və ya onun Baş Qərargah rəisinin müavini Dimitri Kuzak kimi sadiq adamlarından birini öz xələfi kimi irəli sürəcək”.
İddialara görə, Putinin Ukrayna cəbhəsində qarşılaşdığı uğursuzluqlar Rusiyanın siyasi elitasında ciddi parçalanmalara səbəb olub. Xüsusilə, “Vaqner” muzdlu dəstəsinin sahiblərindən biri olan Yevgeni Priqojinin yüksəlişinin Putini bərk “qəzəbləndirdiyi” xəbər verilir: “Müharibə başlayandan bəri Priqojin daha çox güc və resurs uğrunda mübarizə aparır ki, bu da onun Putini öz tərəfinə çəkmək istəyini göstərir”.
Mənbə bildirib ki, Putini istefaya getməyə vadar edən əsas məsələ növbəti seçkilərdə yenidən namizədliyini irəli sürərsə, seçilməmə ehtimalıdır. “O, nəticələri saxtalaşdırmağa çalışa bilər, lakin bu, sistem üçün çox risklidir. O, öz yerinə prezident seçkilərində qalib gələ biləcək etibarlı bir şəxsi təyin etməyi planlaşdırır. Həmin etibarlı şəxs Ukrayna və Qərblə danışıqlar aparmaq məcburiyyətində qala bilər.”
Maraqlıdır ki, bu ayın əvvəlində bəzi britaniyalı hərbi ekspertlər də hesab edirdilər ki, Putin Ukraynadakı vəziyyəti yaxşılığa doğru dəyişə bilməsə, yaxın iki ayda ona qarşı inqilab ola bilər.“Ruslar Ukrayna şəhərlərini atəşə tutmaqla və çoxlu sayda ukraynalı əsgərləri öldürməklə Ukraynanın müqavimət iradəsini zəiflətməyə çalışırlar”, – deyən hərbi ekspertlərdən biri qeyd edib ki, “indi rusların hücumu davam etdirməsi Ukrayna ordusunun müqavimət gücündən – nə qədər daha çox rusu öldürməsindən asılıdır”.
Putinin “köhnə dostu” eyni qənaəti bölüşür. Onun fikrincə, Ukrayna savaşında əslində Rusiyanın hərbi qüvvələrini tükəndirmək planlaşdırılır: “Beləliklə, müəyyən mənada biz bu və ya digər formada inkişaf edə biləcək tükəndirmə müharibəsindəyik”, – deyən mənbə “Putinin irimiqyaslı itkilərin Moskva və Sankt-Peterburq kimi şəhərlərə təsirindən xeyli narahat olduğunu” bildirib və buna görə də “Ukraynada savaşan əsgərləri əsasən Sibir kimi bəzi periferik bölgələrdən seçdiyini” açıqlayıb. Mənbənin iddiasına görə, “periferik ərazilərin bəzilərində” Putinin bu siyasətinə qarşı misli görünməmiş vətəndaş etirazları baş verir.
Sözügedən etirazların dünya tərəfindən duyulmamasına gəlincə, mənbə bunu rus mediasının həmin hadisələri işıqlandırmaması ilə əlaqələndirib: “O insanlara çox diqqət yetirilmir, rus mediası bu etirazları demək olar ki, işıqlandırmır”.
Böyük Britaniyanın “Daily Mail” nəşrinin bir neçə gün əvvəl nəşr etdiyi bu məqalənin fonunda Putinin son qərarına nəzər salanda onun ən ciddi rəqiblərindən birini zərərsizləşdirmək istədiyi aydın olur. Belə ki, dünən istefaya göndərilən Aleksey Pavlov Putinin varisliyinə iddia edən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin köməkçisi idi. Patruşev Ukrayna ilə savaşı ən çox dəstəkləyən və Putini buna təşviq edən şəxs kimi tanınır. Sözsüz ki, Putin təqaüdə ayrılıb, Ukrayna ilə sülh danışıqlarını aparmağı öz sələfinə həvalə edəcəksə, buna ən sərt reaksiya Patruşevdən gələ bilər. Mümkündür ki, “sülhpərvər” varisinə rahat hərəkət sahəsi yaratmaq istəyən Putin ilk növbədə öz məsləhətləri ilə Rusiya liderini indiki ağır vəziyyətə salan Patruşevdən qurtulmağı vacib hesab etsin. Patruşevin ətrafında aparılan budama işləri də bu planın tərkib hissəsi ola bilər.
Təsadüfi deyil ki, Rusiyanın tez-tez təkrarladığı nüvə təhdidlərinə baxmayaraq, Qərb ölkələri son vaxtlar bu hədə-qorxulara əhəmiyyət belə vermirlər. Xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələr rus rəsmilərinin dəfələrlə “qırmızı cizgiləri” elan etdikləri silahları Ukraynaya verməyi planlaşdırırlar. Qərbin bu cəsarətli addımları da ondan xəbər verir ki, onlar da Putinin yaxın aylar ərzində təqaüdə getməyə hazırlaşdığına və onun varisinin sülh danışıqlarına başlayacağına inanırlar.