• 22 Noyabr 2024 23:54

Alimlər çıxılmaz vəziyyətdə: Başımızın üstündə nüvə bombası partlatmaq istəyinə düşdülər – FOTO

 

“Bəzi asteroidləri məhv etmək mümkün deyil. Bu isə planetimizi mümkün toqquşmalardan xilas etmək cəhdlərini heçə endirir”.

Bu barədə Kertin Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra məlumat veriblər.

Elm adamları Yaponiyanın “Hayabusa-1” zondu tərəfindən 500 metrlik qədim “İtokava” (25143) asteroidinin səthindən gətirilmiş toz hissəciklərini tədqiq ediblər. Bu obyekt Yerdən iki milyon kilometr məsafədə yerləşir.

Xatırladaq ki, ötən il DART zərbə zondu ilə “Dimorf” asteroidinin vurulması nəticəsində səma cismi orbitini nəzərəçarpacaq dərəcədə dəyişmişdi. Bu, Yerin mümkün asteroid təhlükəsindən qorunması konsepsiyasının ilk sınağı idi və zərbənin göy cismini təhlükəli trayektoriyadan yayındırmağa imkan verəcəyini təsdiqlədi.

Yeni tədqiqatlar isə göstərdi ki, bu yanaşma həmişə işə yaramaya bilər – araşdırmanın nəticələrinə görə, “İtokava” asteroidi zərbələrə davamlıdır.

Monolit asteroidlərdən fərqli olaraq, “İtokava” bütöv qaya parçası deyil; O, ağırlıq qüvvəsinin təsiri ilə bir-birinə yapışmış daş ovxantıları və qaya yığınlarından ibarət çınqıllı asteroidlər ailəsinə aiddir.

Alimlərin sözlərinə görə, monolit asteroidi parçalayaraq “İtokava”nı əmələ gətirən böyük zərbə ən azı 4,2 milyard il əvvəl baş verib. “İtokava” ölçüsündə asteroidin bu qədər inanılmaz uzun müddətdə mövcud olması materialın yüksək amortizasiya xassəsi ilə əlaqədardır. Belə ki, “İtokava” nəhəng kosmik yastığa bənzəyir və onu məhv etmək çox çətindir.

“Biz çınqıl yığınından ibarət olan asteroidlərin zərbəyə davamlı olub-olmadığını cavablandırmaq üçün yola çıxdıq və onların Günəş sistemində, demək olar ki, bütün tarixi boyu yaşaya biləcəyini kəşf etdik. Bu səbəbdən böyük bir asteroidin Yerə doğru gəlmə ehtimalı varsa, bunun qaya yığıntısı olması şansı daha çoxdur. Yaxşı xəbər odur ki, biz bu məlumatdan öz xeyrimizə istifadə edə bilərik: əgər asteroid kinetik təkan üçün çox gec aşkar edilərsə, biz potensial olaraq asteroidi məhv etmədən, məsələn, yaxınlığında nüvə partlayışının zərbə dalğaları kimi daha aqressiv yoldan istifadə edərək “çınqıl dəstəsini” trayektoriyadan kənarlaşdıra və ya onu dağıda bilərik”, – deyə tədqiqatda bildirilir.

Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər