“Erkin Qədirlinin suala o cür cavab verməsinə heç cür inana bilmirəm. Onu görsəm, sual verərəm ki, həqiqətənmi belə fikir səsləndirib? İnsan hər zaman vicdanlı olmağa çalışmalıdır. Yəni birinci vicdandır, sonra iman… Erkin Qədirli hüquqşünasdır, özünün seçilməsinə şübhə ilə yanaşırsa, demokratik seçki ilə seçilmədiyinə əmindirsə, başa düşmürəm, parlamentdə niyə oturub? Ya vicdanlıdır, ya da vicdanlı deyil. Adam başqasının haqqına necə girə bilər ki? Başa düşmürəm ki, demokratik seçki ilə bağlı fikrini hansı prizmadan deyir. Erkin Qədirlinin anlamında demokratik seçki nə deməkdir? Azərbaycanda demokratik seçkinin olmadığını deyirsə, parlamentdə nə gəzir, niyə orada oturub? Hüquqşünas da belə deyirsə, adam məəttəl qalır… Adam seçicilərdən utanmalıdır”.
Bunu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
M.İbrahimqızı qeyd edib ki, Milli Məclisdə təmsil olunanların yüksək intellekti var: “Bu cür suala hər kəs məsuliyyətlə cavab verməlidir. Cavabdan yeni suallar doğmamalıdır. Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən heç də geri qalmır. Baxsınlar Avropada hansı oyunlar olur… Avropa Parlamentinin prezidentinin və vitse-prezidentinin adı korrupsiyada hallanır. Avropa Parlamentinin hansı üzvünü araşdırırsan, korrupsiya faktları üzə çıxır. O şəxslər ki Azərbaycanı korrupsiya və rüşvətxorluqda ittiham edirlər. Erkin Qədirli qeyri-demokratik yolla seçildiyini bildirirsə, istefa versin, başqalarının mandatına kölgə salmasın”.