• 22 Noyabr 2024 22:53

Əfqanıstanda qadınlar: “Sanki nəfəs ala bilmirəm”

Əfqanıstan, qadın, insan haqları

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Əfqanıstanda Taliban artıq 17 aydır hakimiyyətdədir və ölkə çox ciddi çətinliklərlə üz-üzədir.

Ölkə əhalisinin yarısı aclıq,  getdikcə pisləşən iqtisadiyyat, enerji qıtlığı və soyuq havalarla mübarizə aparır.

Ölkədə yaşamaq təxminən hər kəs üçün çətindir, ancaq hökumətin müəyyənləşdirdiyi qaydalar bu çətinliklərlə mübarizə aparmaq əvəzinə, qadınların təhsili və sosiallaşması kimi əsas haqları hədəf alır.

BBC ölkənin fərqli bölgələrində səsli və yazılı mesajlar vasitəsilə bəzi qadınlarla danışıb.

Bu qadınlar Talibanın hakimiyyəti müddətində həyatlarının necə dəyişdiyi barədə danışırlar.

Qadınların təhlükəsizliyi üçün onlardan bəzilərinin adını gizli saxlayırıq.

Xəbərdarlıq: Bu xəbərdə intiharla bağlı məqamlar var.

“Ümidsiz yaşamaq”

Əfqanıstan, insan haqları
Şəklin alt yazısı,Əfqanıstanda QHT əməkdaşı Talibanın qaydaları səbəbindən işini görə bilmədiyini deyir

Talibanın hakimiyyəti ələ keçirməsi bütün sahələrdə işləyən qadınlara ciddi təsir edib.

Bunlardan biri ölkənin ən yoxsul bölgəsi hesab edilən Badaqşanda humanitar yardım sahəsində çalışan siravi işçidir.

Hökumət dekabrda qadınların qeyri-hökumət təşkilatlarında işləməsini qadağan edib.

Buna səbəb kimi isə QHT-lərdə işləyən qadınların hicab və geyim qaydalarını pozması göstərilir.

Talibanın bu qərarı ölkədə yardım fəaliyyətlərinə zərbə vurmaqla yanaşı, qadın haqlarının pozulması kimi qiymətləndirilir.

“Fərqli insanlarla tanış olub onlarla danışırdıq, problemlərini və ehtiyaclarını anlamağa çalışırdıq, zərurət yarandıqda isə aidiyyatı qurumlara bildirirdik. İnsanlara kömək etməkdən çox məmnun idim”, – vaxtilə yardım təşkilatlarının birində işləyən qadın deyib.

Əfqanıstanın Fövqəladə Hallar Nazirliyi bir müddət əvvəl verdiyi açıqlamada bu qış soyuqlar nəticəsində 124 nəfərin öldüyünü və humanitar yardımın həmişəki kimi çox önəmli olduğunu bildirib.

BMT ötən ilin sonunda Əfqanıstanda əhalinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olduğunu bildirib.

Əfqanıstan, qadın

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

“Ümidsiz yaşayırıq. Demək olar ki, bütün vaxtımı evdə keçirirəm. Kino və televiziya proqramı izləyirəm, sosial mediadakı videolara baxıram”,- keçmiş işçi qeyd edib.

İşi ilə yanaşı ali təhsil almaq istədiyini deyən QHT içşisi artıq bu xəyalının “yox olduğunu” bildirib.

“Gün ərzində daha heç nə etmədiyim üçün yoruluram. Normal şəkildə küçəyə belə çıxa bilmirəm”, – o əlavə edib.

O, indiyədək Taliban rəsmiləri ilə bəzi fikir ayrılığı olduğunu qeyd edib.

“Küçəyə çıxan kimi məni yoxlama postlarında dayandırırlar və başımı örtməyimi, eləcə də üzümü və saçımı gizlətməyimi tələb edirlər”.

“Heç nə edə bilmirəm”

Əfqanıstanda yaşayan digər qadın isə dərzidir və ənənəvi geyim dizaynları ilə məşdurdur.

30 yaşlarında olan qadın işlətdiyi dərzi atelyesi Taliban tərəfindən bağlananadək evlərində işləyən yeganə şəxs olduğunu və ailəsinə baxdığını deyir.

“Artıq səhərlər oyananda edə biləcəyim heç nə yoxdur. Dua edirəm, səhər yeməyi hazırlayıram və evi təmizləyirəm”, – dərzi qadın bildirir.

“Əvvəllər gəlinlik paltarları, uşaqlar üçün geyimlər və yerli paltarlar tikirdim. Geyimləri digər rəngli parçalarla bəzəyib rəngarəng edərdim”.

Əfqanıstan, qadın haqları

Onun sözlərinə görə, Taliban hakimiyyətə gəldikdən sonra atelyesini kiçik kəndə köçürsə də, hökumət burada da ona iş yerini bağlamağı əmr edib.

“Atelye bağlıdır. Qadınların işləməsinə icazə verilmir. Müştərilər səbəbini soruşur, mən də onlara geyim mağazamı açmayacağımı, lakin evdən onlara paltar tikəcəyimi bildirirəm”, – qadın qeyd edib.

“Amma bütün tikiş avadanlığını evə gətirə bilmərəm. Hazırda bir tikiş maşınım var, ona görə də hələlik sadə işləri görürəm. Gəlinlik və ya mərasim paltarları hazırlaya bilmirəm. Yoldaşım da, özüm də işsizəm. İqtisadi vəziyyətimiz hər gün daha da pisləşir. Bəzən qohumlardan yardım alıram”, – dərzi əlavə edib.

“Yavaş-yavaş zəhərləmə”

Əfqanıstan, insan haqları, Taliban

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Qadınların təhsili də Taliban tərəfindən hədəf alınan məsələlərdən biridir.

Qızların orta məktəbə getməsi 2021-ci ilin sentyabrından etibarən qadağan olunub.

Dekabrda isə qadınların universitetə qəbulu dayandırılıb.

2022-ci ilin fevralında qadın və kişi tələbələrin ayrı-ayrı oxuması şərti ilə bu qərar ləğv olundu və qadınların yenidən dərslərə girməsinə icazə verildi.

İxtisasca psixoloq olan bir qadın gizli məktəbdə təhsil almaq istəyən 70 nəfərə dərs verir.

Bu məktəbə gedənlərin ən kiçiyi 10, ən böyüyü isə 20 yaşındadır.

Psixoloq uşaqlar və onların ailələri ilə xüsusi terapevtik seanslar edir.

“Qadağalardan əvvəl bu saatda əsasən məktəb və ya ofisdə olurdum. Qəribədir, hər şey tamamilə dəyişdi”, – BBC-yə göndərdiyi səsli mesajda psixoloq vurğulayır.

Psixoloq dərslərə qatılmaq istəyən qızlardan hər gecə 30-dan çox mesaj aldığını və bu rəqəmin getdikcə artdığını bildirib.

“Gənc qızların vəziyyəti məndən daha pisdir. Ümumilikdə intihar barədə fikirləşirlər. Hər şeylərini itirdiklərini düşünərək, mənə özlərini öldürmək istədiklərini deyirlər”, – psixoloq qeyd edib.

Onun sözlərinə görə, Əfqanıstanda qadın olaraq yaşamağın ən qorxulu tərəfi Taliban rəsmiləri tərəfindən yoxlama postlarında dayandırılmalarıdır.

“Sanki nəfəs ala bilmirəm. Yoxlama postlarında mobil telefonlarımızı və ya pul qablarımızı istəmirlər, ancaq bizi yavaş-yavaş öldürürlər. Bu, yavaş-yavaş zəhərlənməyə bənzəyir. Bizi qorxudurlar, əslində bizi güllə ilə deyil, qorxu ilə öldürəcəklərini hiss etdirirlər”, – o əlavə edib.

“Daha azad hiss edirəm”

Əfqanıstan, qadın, insan haqları

ŞƏKLİN MƏNBƏYİ,OMARO-TAHA

Şəklin alt yazısı,Bəzi qadınlar Taliban hakimiyyəti altında yaşamağın müsbət tərəflərinin olduğunu bildirir.

Bəzi qadınlar isə Taliban hakimiyyəti altında yaşamağın müsbət tərəflərinin olduğunu bildirir.

Omaro-Taha Əfqanıstanda dini bir məktəbdə müəllim işləyir və eyni zamanda universitetdə tibb üzrə oxuyur.

“Bizim təhlükəsizliyimizi təmin etdikləri üçün çox məmnunam. Qadınlar özlərini artıq daha azad hiss edə bilir və əvvəlki dövrlə müqayisədə daha yaxşı təhsil ala bilirlər. Kişi və qadınların fərqli məktəblərdə təhsil alması dinimizin tələbidir”, – əfqan müəllimə bildirib.

Omaro-Taha geyimlə bağlı qadınlara qoyulan qadağaları da haqlı sayır.

Əfqanıstanda 2022-ci ilin mayından etibarən qadınlardan başlarını örtməyi və cəmiyyət içində üzlərini bağlamaları tələb olunur.

BBC-yə danışan Omaro-Taha deyir ki, “dinimizə görə hicab taxmaq lazımdır” və bunun qadınlar üçün “daha yaxşı” olduğunu düşünür.

Bununla yanaşı, Omaro-Taha Talibanın iqtidarı ələ keçirməsindən sonra “insanların iqtisadi vəziyyətinin pisləşməsi, işsizlik, fabriklərin bağlanması və insanların digər ölkələrə köçməsi” kimi çətinliklərin olduğunu da qəbul edir.

Omaro-Taha bu problemlərin insanların əhvalına pis təsir etdiyini, lakin bunun həll ediləcəyinə ümid etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər