“Bu camiyədə iblislər, ilanlar var. İçlərində isə bu dünya boyda qurd var. Mənə 20 nəfər zəng edib deyir ki, əgər sənə hədiyyə olunan o evi istəmirsənsə, ver mənə. Belə şey olur? İnsanlara deyirəm ki, yalan və quraşdırma işlərdən zəhləm gedir. Bizi xəlq edən Allaha and olsun ki, bu ev hədiyyəsi yalan deyil”.
Tacxeber.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Günaydın Azərbaycan” səhər şousunda deyib.
Sənətçi ona bir pərəstişkarı tərəfindən hədiyyə olunan mənzili burnundan gətirmək istəyənlərə canlı efirdə “od püskürüb”:
“İnsanlar elə bilirlər ki, küçədə qalmışam. Söyləyirlər ki, götür o evi. Elə danışırlar ki, sanki onların evində qalıram, avtomobillərini sürürəm, yeməklərini yeyirəm. Siz gəlin hələ bu qızın (özünü nəzərdə tutur -red.) bir faizini oxuyun, onun insanlığı və mədəniyyəti sizdə olsun… Ömür boyu Mətanətə paxıllıq edib, ölmüsünüz. Ölün!”.
Əsədova onun paxıllığını çəkib, quyu qazan həmkarlarına barmaq silkələyərək, sonuncu dəfə xəbərdarlıq göndərib:
“Allah hər kəsə bir alın yazısı yazır, bir yol çəkir. Bunu hər zaman deyirəm gedin məni Şirvanımdan soruşun, görün kimin qızıyam, hansı ailə böyümüşəm, nələri qurban verib, gəlmişəm bu sənətə. Axır gəlməyim olardı, kaş heç gəlməzdim. Tamaşaçıların mənə olan sevgisini belə çox görüb, paxıllığımı çəkirlər. Səhnəyə çıxıb “ciyildəməklə” deyil. Onların nəinki adlarını çəkərəm, hətta onları millətin içində çırparam. Kimdirlər ki, onlar. Onların yanında dilim qısa deyil. Xalq onları da, məni də çox gözəl tanıyır. Zülm-zillətlə bu sənətə gəlmişəm. Ömür boyu zülm çəkmişəm. Ömür boyu nəyim olubsa, yetimlərlə paylaşmışam.
İmkanlının yanında yox, kasıbın, çöldə qalanın, atılanın yanında olmuşam. Mətanətdə olan sizdə yoxdur, ölün yerə girin. Beynim bir gün çıxacaq yerindən, adlarını çəkib, kimin hansı işlərlə məşğul olacağını deyəcəyəm. Xodunuzu biraz alın. Özünüzü adam kimi aparın. Elə etməyin ki, bir dəqiqənin içində hər şeyinizi danışaram, ölüb qalarsınız yerinizdə”.
Mətanət həmçinin bəzi aparıcıların müğənnilərə efirlərdə etdiyi bahalı hədiyyələrdən danışaraq, onları biabr edib:
Aparıcılar iki əllə onları alqışlayırlar. Güllərini də özlərindən qabaq düzdürürlər qabaqlarına. Nələr edirlər efirlərdə… Aparıcının nə işinə qalıb ki, müğənniyə elə səhnə düzəltsin? Hansı aparıcının o qədər pulu var? Kim necədirsə, özünü də qabına görə aparsın. Pul sizin başınızı itirməsin. Ağıllı olun”.