• 19 Sentyabr 2024 21:11

“Onlar obraz üçün yox, özləri üçün öpüşürlər” – “Əqrəb mövsümü” tənqid olundu

 

Azərbaycanda gündəm yaradan “Əqrəb mövsümü” serialında öpüşmə səhnəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Belə ki, serialın final bölümündəki öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu kadrlara görə aktyorları tənqid atəşinə tutublar.

Bəs görəsən, Azərbaycan tamaşaçısı xarici istehsal olan film və seriallarda bunu qəbul etsə də, niyə yerli işlərdə buna sərt reaksiya verir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Mehriban Xanlarova bildirib ki, yerli tamaşaçı mentalitetə görə bu cür səhnələri qəbul edə bilmir:

“Mən “Əqrəb mövsümü”nü izləməmişəm. Amma bizim mentalitetimiz bu cür səhnələri qəbul etmir. Yerli tamaşaçı aktyor, aktrisaların açıq-saçıq səhnələrinə hələ alışmayıb. Onlar yerli işlərdə belə kadrlar görmədiklərinə görə, bu gün yayımlanan səhnələrə bu cür tənqidi reaksiya verib qınayırlar. Bu yalnız zamanla düzələ bilər. İndi gənclər gəlir, artıq internet dövrüdür. Ona görə bu barədə danışmağa çətinlik çəkirəm. İndi durub bir söz desəm, başlayacaqlar məni topa tutmağa. Mənsə başımın ağrımağını istəmirəm. Bircə onu bilirəm ki, biz hələ bu cür səhnələri qəbul etməyə hazır deyilik, amma xarici seriallara baxırıq, bəh-bəhlə də qəbul edirik”.

Əməkdar artist Gülşad Baxşiyeva isə bu cür səhnələri aktrisa olaraq da ümumiyyətlə qəbul etmədiyini deyib:

“Bu cür kadrları gizlətmək olar, onları ortalığa çıxartmaq vacib deyil. Mənə elə gəlir ki, rejissorun fantaziyası işləyə bilmir, ona görə də bu cür səhnələri ortaya çıxarır. Amma bu düzgün deyil. Belə şeylər lazım deyil, bu bizlik deyil. Mən özüm də bir neçə sənətçini görürəm ki, bu cür öpüşmə səhnələrinə, axmaq-axmaq hərəkətlərə can atırlar. Guya bu yenilikdir. Xeyr! Bu yenilik deyil, sadəcə sən rejissor olaraq bu cür səhnələri başqaları ilə əvəz edə bilmirsən deyə belə edirsən. Mən belə şeylərin əleyhinəyəm”.

Aktrisa həmin səhnəyə çəkilən həmkarlarının obrazda ikən öpüşməsinin səmimiyyətinə inamadığını qeyd edib:

“Bizim vaxtilə çəkildiyimiz filmlərdə, tamaşalarda belə səhnələr olmurdu. Demək olmaz ki, bu səhnələr olmayanda film yaxud serial izlənmir, yox, o vaxt çox yaxşı da izlənirdi. İnsanlar öpüşmə səhnəsi olmayan filmlərə də çox böyük məmnuniyyətlə baxırdı, həmin işlər bu gün də sevilərək insanlar tərəfindən izlənir. Çünki bu cür səhnələr bizim mentalitetimizə yaraşmayan şeylərdir. Biz soyuqqanlı deyilik, Şimal Buzlu Okeanının adamları deyilik, bizim qanımız qızğın qandır.

O səhnəyə çəkilib öpüşən aktyorun da, qızın da obrazdan çıxmadığına heç vaxt inana bilmərəm. Onlar obrazdan çıxıblar və özləri kimi öpüşüblər. Amma gərək özləri kimi yox, obrazda öpüşsünlər. Sabah həmin aktyor yaxud aktrisa çıxıb desə ki, mən obraz kimi öpüşmüşəm, onun səmimiyyətinə heç vaxt inanmaram”. (Yeni sabah)

Tacxeber.com

Oxşar xəbərlər