Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Rusiya lideri Vladimir Putinin raket zərbəsinə dair hədəsi ilə bağlı iddialarını təkzib edib.
Tacxeber.com xəbər verir ki, bundan əvvəl Conson Putinlə Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasına az qalmış baş tutan söhbətinin təfərrüatlarını açıqlayıb. O, Putinə hərbi əməliyyatların baş verəcəyi təqdirdə sanksiyaların tətbiqi ilə bağlı xəbərdarlıq etdiyini deyib. Həmçinin, Fransa və Almaniyanın Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmasına imkan verməyəcəyinə Putini əmin edib. Bundan əlavə keçmiş baş nazir deyib ki, söhbət zamanı Putin guya onu raket zərbəsi ilə hədələyib.
“Xeyr, cənab Consonun dedikləri doğru deyil, daha doğrusu, yalandır. Yəni məsələ ondan ibarətdir ki, o, hansı məqsədlə bu təqdimat variantını seçib. Böyük ehtimalla, bu, şüursuzluqdan olub və o, əslində prezident Putinin onunla nə danışdığını başa düşməyib. Prezidentimizin həmsöhbətləri bir az özündə olmur”, – Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
Peskov, həmçinin qeyd edib ki, o, Putinlə Conson arasında söhbətin nədən getdiyini bilir. “Mən bu söhbət zamanı nələrin müzakirə olunduğunu bilirəm və bir daha rəsmi şəkildə təkrar edirəm: bu, yalandır. Heç bir raket təhdidləri olmayıb. Rusiya Federasiyasının təhlükəsizliyi üçün çağırışlardan danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, NATO və ya Amerika raketlərinin sərhədlərimizə yaxın yerləşdirilməsi potensialı istənilən raketin bir neçə dəqiqə ərzində Moskvaya çatması deməkdir”, – Peskov izah edib.