Eks-prezident agent olduğunu təsdiqlədi: “Onu konteynerə qoyub Gürcüstana göndərdilər”
“Gürcüstanın hazırda həbsdə olan eks-prezidenti Mixail Saakaşvili agent olduğunu təsdiqləyib”.
Bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Bundan əvvəl Saakaşvili Almaniyanın “Spiegel” nəşrinə müsahibə verib və xüsusilə Rusiyanı onun Gürcüstana qayıdışını təşkil etməkdə günahlandırıb. Eyni zamanda 2021-ci ilin payızında qayıtmasının Rusiyanın təqdim etdiyi agentlər tərəfindən planlaşdırıldığını istisna etməyib.
“Saakaşvili təsdiqlədi ki, əslində o, adi agentdir. Ondan başqa ölkəyə, indiki halda Gürcüstana hansı məqsədlə gətirildiyini də soruşmurlar. Onu konteynerə qoyub Gürcüstana göndərdilər”, – Kobaxidze vurğulayıb.
Kobaxidze agentin ölkəni doqquz il idarə etməsini acınacaqlı hadisə adlandırıb: “Biz artıq Gürcüstanda belə bir prezidenti görməməliyik. Ümumiyyətlə, belə insanlar Gürcüstanda heç vaxt siyasətin önündə olmamalıdırlar”, – Kobaxidze bildirib.
Qeyd edək ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tiflisdə saxlanılıb. O vaxta qədər Saakaşvili iki cinayət işi üzrə – deputat Valeri Gelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinib və qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilib.