Bu gün Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudovanın iştirakı ilə sabiq deputat Qalib Salahzadəyə məxsus bağ evinə baxış keçirilib.
Tacxeber.com xəbər verir ki, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1,2 və 3 ünvanlarında olan əraziyə baxışda həm iddiaçı (Qalib Salahzadə və qohumları), həm də cavabdeh tərəfin (Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu) nümayəndələri iştirak ediblər.
İddiaçılardan biri Əminağa Camalov bildirib ki, sözügedən bağda 8 ev var: “Biz həmin evlərdə daimi yaşamaq hüququ olmaqla qeydiyyatdayıq. 1990-cı ilərin əvvəllərində tikilmiş evlərdir. Uzun müddət biz burada yaşamışıq. Evlərə baxış prosesində ustalar da iştirak ediblər. Onlar da evlərin bizə məxsus olduğunu təsdiqləyiblər. Təəssüf olsun ki, özünü Rəsul Quliyevin yaxını kimi təqdim edən Ağasif Şakiroğlu hansısa ünvana aid olan torpağa dair çıxarışı əlində bayraq tutaraq bizim bağ evlərimizə sahiblənib. Onun əlindəki çıxarış tamam başqa ünvana aiddir. Bizim tələbimiz odur ki, Ağasif Şakiroğlunun çıxarışının ünvanı dəqiqləşdirilsin və bizim evləri tərk eləsin”.
Qalib Salahzadənin bağ torpağı sahəsinin üzərinə həbs qoyması barədə müvəqqəti təminat tədbiri haqqında vəsatətinə məhkəmə prosesindən kənar ayrıca prosessual qaydada baxılıb.
Qeyd edək ki, iddiaçılar həmçinin məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı, Quliyev Ziya Rəsul qızı və Quliyeva Zenfira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.
Xatırladaq ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır./Bakupost.az