“İctimai nəqliyyatda qiymətlərin qaldırılması gözlənilən qərar idi. Həm metropoliten, həm “Bakubus” rəhbərliyi dəfələrlə gediş haqqının artırılmasının labüdlüyünü dilə gətirmişdilər”.
Bu sözləri Bakupost.az –a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O, hesab edir ki, qiymətlərin birdən birə 33 faiz qalxması kifayət qədər ciddi hadisədir:
“Bunun əsası kimi sərnişin daşımada maya dəyərinin yüksək olduğunu söyləyirdilər. Ancaq problem budur ki, həm Bakı metropoliteni, həm “Bakubus” bu günə qədər sərnişin daşımanın maya dəyərini, hesablama düsturu, forması haqqında heç bir məlumat vermirdilər. Bu, onların borcudur. Çünki dövlət hesabına maliyyələşən müəssisələrdir. Onlar bu günə qədər açıqlama verməyiblər ki, metropolitendə, avtobuslarda maya dəyəri necə hesablanır? Bir sərnişinin gediş haqqı üçün nəzərdə tutulmuş maya dəyərinin hesablama düsturu nədən ibarətdir? Bu maya dəyərinin yüksək olması bəhanəsinin yaranmasına əsas yaradır. Amma bu günə qədər dediyim kimi belə bir açıqlama olmadığından biz bilmirik, doğrudan da metropolitendə gediş haqqının hesablanması necədir. Sərnişin daşıma üçün hansı kriteriyalarla, necə hesablanır? Məsələn, sərnişin bir dayanacaq gedirsə, bunun maya dəyəri necə hesablanır? 5 dayanacaq gedəndə fərqi necə olur? Bütün bunlarla bağlı heç bir rəsmi açıqlama, hesablama monitorinq və yaxud da bir audit aparılmayıb. Sadəcə bir problem yaranan kimi bu problemi vətəndaşların çiyninə qoymaqla məşğuldurlar. İndi də eyni şeyi gördük. 33% qiymət artdı. Birdən birə bu qədər qiymət artımı kifayət qədər ciddi rəqəmdir. 30 qəpikdən 40 qəpiyə qaldırılması rəqəmsal olaraq kiçik görünsə də, faiz nisbətində çox böyük rəqəmdir”.
N. Cəfərli vurğulayıb ki, gediş haqlarıyla bağlı məsələyə münasibət kökündən dəyişməli, hökumət yeni sistemə keçməlidir:
“Qiymət haqqı gündəlik gediş haqqı kimi hesablanır. Bu, doğru deyil. Dünya artıq çoxdan bundan imtina edib. Dünyada həftəlik, günlük, aylıq, 6 aylıq bir illik gediş üçün nəzərdə tutulan biletlər var. Bizdə gediş haqqı bir dəfəyə hesablanır ki, bir dəfəyə 40 qəpikdir. Tələbələr üçün, təqaüdçülər üçün gündəlik istifadə edənlər üçün ayrıca günlük, həftəlik, aylıq və s. biletlər olmalıdır. Bu zaman qiymətlər fərqli olmalıdır. Çünki bir illik bileti qabaqcadan alanda sizin birdəfəlik gediş haqqınız çox ucuz olmalıdır. Bu da sizdə maraq yaratmalıdır ki, gedib onu birdəfəlik alasınız. Məsələn, 100 manatlıq bir kart alırsız və bir il istifadə edirsiz. Bu zaman siz gündə 3 dəfə, 4 dəfə ictimai nəqliyyatdan istifadə etsəniz, qiymət 10 qəpiyə, hətta 10 qəpikdən də aşağı düşər. Bu nöqteyi-nəzərdən Azərbaycanda tək gedişli qiymət siyasəti üzərində qurulması kökündən yanlışdır. Bu keçmişin yanaşmasıdır. Müasir yanaşma belə deyil. Dünyada artıq çoxdan deferensial qiymət siyasətinə keçib”.
Qeyd edək ki, Tarif Şurasının bu gün keçirilmiş iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub).