Rusiyanın dövlət xəbər agentliyi olan RİA Novosti “Qərb Ərdoğanı devirmək istəyir” adlı məqalə dərc edib.
Tacxeber.com xəbər verir ki, məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətdəki təcrübəsinə diqqət çəkilib.
“Ərdoğan ölkəsində dəfələrlə həm çevriliş, həm də “rəngli inqilab” cəhdləri ilə üzləşmiş və həmişə də bu meydan oxumalarının öhdəsindən ustalıqla gəlmiş çox təcrübəli siyasətçidir. Üstəlik, Ərdoğan artıq seçkiqabağı kampaniyalarında Türkiyə əleyhinə hərəkətlərdən bacarıqla istifadə etməyi öyrənib”, – məqalədə qeyd olunub.
Rusiya agentliyi Qərbin Prezident Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmağa çalışdığını yazıb:
“Kollektiv Qərbin ya hakimiyyətdən tamamilə uzaqlaşdırılması, ya da zəifləməsi üçün hər şeyi etməyə çalışacağını çox gözəl bilən Ərdoğan ilk növbədə seçkilərdə qalib gəlməlidir. Türkiyə prezidenti hazırda səs payını artırmaq və eyni zamanda müxalifətin əlini zəiflətmək üçün fəal səy göstərir”.
Məqalədə seçkinin nəticələrinin proqnozlaşdırılmasının çətin olduğu vurğulanıb:
“Türkiyədə seçkilərin nəticəsini proqnozlaşdırmaq çox çətindir. Xüsusilə də bu səbəbdən Qərbdə prosesə kobud müdaxilə və nəyin bahasına olur-olsun Ərdoğanın uzaqlaşdırılması çağırışları artır”.
Rus agentliyi Qərb mediasında Türkiyə və Ərdoğan əleyhinə dərc olunan materialların sayının artmasına da diqqət çəkib:
“Vaşinqton Post” qəzetinin Türkiyə seçkilərinin “2023-cü ildə dünyada keçiriləcək ən mühüm seçki” olduğunu yazması təsadüfi deyil. Amerika qəzeti yazıb: “Qərb liderləri Ərdoğanın getdiyini görməkdən məmnun olardılar. Xüsusən də Ərdoğanın Vladimir Putinlə müttəfiqliyi dünyada baş verən hadisələrə sarsıdıcı təsir göstərməsəydi, ABŞ və Avropa özünü daha yaxşı hiss edərdi”.
Risklər çox böyük olduğundan Türkiyədə Qərbdən ciddi təxribat gözləmək olar. Təbii ki, strateji sütun kimi çox önəmli olan Türkiyənin NATO-dan kənarda qalmasından heç kim ciddi danışmayacaq. Seçkilərə müdaxilə, hakimiyyətin nüfuzunu aşağı salmaq, iqtisadi və ideoloji təxribat, etirazlara dəstək… Bunlar rəsmi müttəfiqinə qarşı olsa belə, Qərbin edə bildiyi hərəkətlərdir”./Teleqraf