Astara şəhərində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan hələ də narahatlıqla danışırlar. Yerli sakinlər həmin olayın tez bir zamanda obyektiv araşdırılmasını istəyirlər. Onlar iki ölkə arasında müharibə istəmədiklərini ifadə edirlər.
Adının çəkilməsini istəməyən yerli sakinlərdən biri: “Elə bildim ki, müharibə olacaq, qorxdum. Müharibə dəhşətdir, Allah eləsin sakitliklə keçsin… 30 ilə yaxındır İranın qapısı açıqdır. Söz yox ki, koronavirus pandemiyasına görə indi piyada keçidi bağlıdır. Silahlı basqından çox üzüldük”.
O, mövzunu dəyişir və bildirir ki, bu hadisədən sonra İrandan gətirilən məhsulların qiymətlərində artım müşahidə olunur: “Yağlar bahalaşıb. Yuyucu tozlar da elə. Ancaq şirniyyat çox ucuzdur. Bu mağazalarda, əsasən, İrandan gətirilən mallar satılır”.
Yerli sakinlər bu mövzuda danışmağa elə də meylli deyillər. Onlar bunu narahatlıqları ilə izah edirlər. Sakinlərdən başqa biri: “Biz sərhəddə yaşayırıq, ona görə danışmaq istəmirlər. Əvvəlki kimi İrandan mallar gəlir. Mal təkcə buraya gəlmir, Azərbaycanın digər bölgələrinə də aparılır. Pulumuzu verib, mal alırıq. Onlar da bizdən alır”.
O deyir ki, sərhədyanı ticarət tədricən ölür: “Elə gün olur ki, 1 manat da qazanc olmur. Səfirliyimizə basqın sərhədyanı ticarətə də pis təsir edib. Həmişə bizə qarşı gedirlər, amma biz onlara pislik etməmişik. Azərbaycanın qapıları onların üzünə açıqdır. Yük maşınları yollarımızdan istifadə edib Rusiyaya gedirlər. Vaxtilə burada insanlar qaynayırdı. Az adam gəlir. Bu yol İran gedən piyada keçiddir. İki-üç gündür ki, nə ora gedən var, nə də gələn. Biz bir qarın çörəyə işləyirik, siyasətə qarışmırıq”.
O, tələsik mağazaya girib qapını örtür.
İrana gedən nəqliyyat yolunda isə sıxlıqdır. Azərbaycana, Rusiyaya, Türkiyəyə məxsus yük maşınları növbəyə durublar. Yük maşınlarından birinin sürücüsü deyir ki, gömrükdən maşınları gec buraxırlar: “Rusiya maşınları, əsasən, kənd təsərrüfatı məhsulları daşıyırlar. Bizə isə oradan kartof gəlir. Saatlarla gözləyirik. Fasilə çox olur, amma gömrük işləyir. İran maşınları Azərbaycanın istənilən məntəqəsinə yükü apara bilir. Biz isə İranın gömrüyündən kənara çıxa bilmirik, icazə yoxdur. Səfirlikdə baş verənləri eşitmişik. Çox pis olduq. Qonağa əl qaldırmaq ən böyük günahdır. Sürücü babayıq, bizə deyirlər, sür, biz də sürürük”.
Sürücünün dediklərinə Azərbaycan Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.
İctimai fəal Asən Həşimli isə deyir ki, İranda istənilən hadisə burda əks səda doğurur. O vurğulayır ki, İranda milyonlarla soydaşları yaşayır: “Oradakı informasiyalar bizə daha tez çatır. İstər-istəməz İranda baş verənlərdən narahat oluruq. Səfirliyimizə edilən silahlı basqın əhalini narazı salıb. İranla piyada gediş-gəliş dayanıb. Yalnız yük maşınları işləyir. Əvvəllər ziyarətə, müalicəyə gedənlər olurdu. İndi o da yoxdur…”.