“Mən heç zaman heç bir məhsulun reklamında iştirak etməmişəm və etmək fikrim də yoxdur”.
Bu sözləri Ölkə.Az-a açıqlamsında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Ət məhsulları müəssisələrindən birində çəkilmiş fotodan danışan Hacı Şahin bildirib ki, ora dəvət əsasında yollanıb:
“Din xadimi kimi bizə müxtəlif müəssisələrdən oradakı istehsal prosesini yaxından müşahidə edib insanlara hallalıqla bağlı məlumat vermək üçün müraciətlər olur.
Həm də Qafqaz Müsəlmanları İdarəsində bununla bağlı bir komissiya var. Mən o komissiyanın üzvüyəm. Biz yerlərdə gedib onu araşdırırıq. Çünki insanlar halallıq üçün din xadimlərinə müraciət edir. Digər qaydalara uyğun olub-olmamasını AQTA və s. aidiyyəti qurumlar araşdırır.
Mən bir neçə belə müəssisədə olmuşam. Öz gözümlə şahidi olduğum halları insanlara çatdırmışıq. Burada reklamdan söhbət getmir. Mənim fəaliyyətimdə heç vaxt belə bir istiqamət olmayıb.
İnsanlar düşünə bilər ki, bizim ora getməkdə hansısa bir maddi marağımız var. Əksinə, biz həmin müsəssisələrə təmənnasız gedirik. Şəxsən öz adımdan deyə bilərəm ki, istənilən müəssisə dəvət etsə, təmənnasız olaraq gedib müşahidə etməyə hazırıq.
Fotoların çəkilməsinə gəlincə isə, bu, şirkətin öz təşəbbüsüdür və ona heç nə deyə bilmərik”, – ilahiyyatçı əlavə edib.