Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu onillərlə işğalda saxlaması və Azərbaycanın öz torpaqlarını azad etməsi barədə açıqlaması Ermənistanda böyük hay-küyə səbəb olub.
Axar.az xəbər verir ki, məsələyə Ermənistan Prezidenti baş müşavirinin milli təhlükəsizlik üzrə köməkçisi Vladimir Poxosyan da reaksiya verib.
O, Lavrova Azərbaycan ərazilərinin Ermənistan tərəfindən vaxtilə işğal olunduğunu deyəndə “ehtiyatlı olmağı” məsləhət görüb:
“Məgər bizə Rusiya Federasiyası silah-sursat verməyib? Onda cənab Əliyevin qarşısında üzr istə, de ki, bağışla, biz işğala kömək etmişik, biz özümüz də işğalçıyıq: əsgər deyil, 7 rayonu işğal etmək üçün ora silahlar göndərmişik.
Əgər siz Azərbaycanın 7 rayonunu bizim işğal etdiyimizi deyirsinizsə, onda gəlin Ukraynanın Krım, Donetsk və Luqans ərazilərinin işğalından danışaq. Xoşunuza gəlir? İndi orda müharibə aparırsınız. Əgər biz Azərbaycanın 7 rayonunu işğal etmişiksə, siz də Ukraynanın indi yerləşdiyiniz ərazilərini işğal etmisiniz”.