Kreml Kiyevə hücum etməyi tələb edir – Müdafiə Nazirliyindəki mənbə bunu intihar adlandırıb…
“Rusiya ordusunun böyük hücumu üçün resursları kifayət deyil…”
“Rusiyalı hərbçilər artıq Donbasda hücum əməliyyatlarına cəhd göstərir…”
Rusiya ordusu Ukraynaya yeni hücuma hazırlaşır, məqsədi müharibənin gedişini dəyişməkdir. Bu barədə Ukraynanın rəsmi şəxsləri neçə həftədir ki, xəbərdarlıq edir. Bu dəfə Qərb analitikləri Ukraynanı müdafiə xəttinə yaxınlaşan hücum əlamətlərinə diqqət çəkib. Bu barədə həm də rusiyalı hərbçilər danışır.
Bu barədə “Novaya qazeta. Avropa” nəşri Rusiya Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, generallar on minlərlə hərbi qulluqçuları Ukrayna ordusunun Qərb tanklarını almasından və özü hücuma keçməsindən öncə Kreml qarşısında uğurlar barədə hesabat vermək üçün “top yemi” etməyə hazırdır. Bu zaman Rusiya prezidentinin planlarında yenidən Kiyev üzərinə getmək nəzərdə tutulub.
Lakin “Mühüm tarixçələr” layihəsinin yazdığına görə, Rusiya Müdafiə Nazirliyi hesab edir ki, böyük hücum üçün Rusiya ordusunun resursları-keyfiyyətli texnika və döyüş sursatları kifayət deyil.
“Kiyevə yenidən hücum etmək planları həqiqətən görsənməkdədir, yalnız ona görə ki, bunu ölkə rəhbərliyi tələb edir. Bu planların gerçəkləşməsinə heç kim inanmır, bu, intihardır”, – Müdafiə Nazirliyinə yaxın olan mənbə nəşrə danışıb. Bu zaman o, bunu “anlayan” hərbçilərin təlaş ovqatında olduğunu deyib.
Həmsöhbət həmçinin qeyd edib ki, Belarus ərazisindən Rusiya ordusunun mümkün hücumu barədə şayiələr düşməni çaşdırmaq, onu öz qüvvələrinin bir hissəsini bu istiqamətdə saxlamağa vadar etmək cəhdidir.
Bu arada isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, rusiyalı hərbçilər artıq Donbasda hücum əməliyyatlarına cəhd göstərir.
“Düşmən Liman, Baxmut, Avdeyevka və Novopavlovsk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir və böyük itkilər verir”, – Ukrayna Baş Qərargahının səhər məlumatında deyilir. Xarkov, Nikolayev, Zaporojye və Xerson vilayətlərində mülki infrastruktura atəşlər davam edir. (Moderator.az)