• 22 Noyabr 2024 23:39

ZƏLZƏLƏ EFFEKTİ: Bakıda yeni binaların qiyməti kəskin düşə bilər: “Maraq sıfıra enəcək”

 

Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7.6 bal gücündəki zəlzələdən sonra Azərbaycanın daşınmaz əmlak bazarında yeni tikilən mənzillərlə bağlı bir çox suallar meydana çıxıb. Ekspertlərin bir çoxu son 10 ildə tikilən yeni binaların bütün standartlara cavab verdiyini bildirsə də, alıcıların bir hissəsi, əsasən, sovet tikililərinə üstünlük verirlər.

Sözsüz ki, bu da mənzil bazarında, ən çox da yeni tikilən mənzillərin alğı-satqı qiymətlərində bir xeyli düşüşə səbəb ola bilər. Məsələ ilə bağlı Yenisabah.az-la söhbətində əmlak eksperti Elnur Fərzəliyev də eyni rəyi bölüşüb. Bundan əlavə, mütəxəssis qeyd edib ki, 2022-ci ildə Türkiyə regionda ən çox daşınmaz əmlak satan ölkə kimi yaddaşlarda qalıb:

“Daha çox xarici ölkələrdən oraya investor cəlbi də oldu və onlar Türkiyəyə axın etdilər. Bu, daha çox Rusiya, Ukrayna, digər ölkələrin vətəndaşları idi. Hətta Azərbaycandan da Türkiyədə əmlak alanlar çoxdur”.

Lakin baş verən zəlzələ onu göstərdi ki, o binaların əksəriyyəti bu zəlzələlərə davamlı deyilmiş. Biz görüntülərə baxanda gördük ki, bəzi binalar var ki, hətta 8 bala yaxın zəlzələ olsa da belə, sağlam qalıb, amma bəziləri artıq uçub. Bu da birmənalı olaraq Türkiyəyə həm maddi, həm də mənəvi bir itki verəcək, eləcə də o binalar uzun illərə yenidən tikiləcək”.

Onun sözlərinə görə, azərbaycanlı alıcıların böyük bir hissəsi əllərində olan kapitalları ölkə daxili və xaricində daşınmaz əmlaklara yatırırlar:

“Çünki qiymətlər ilbəil artır və belə olan halda ən etibarlı mənbə daşınmaz əmlakdır. Bu gün alır, aldığı gündən kirayə verir və gəlir əldə edir. Amma görüntülər onu göstərdi ki, insanlarda bu sahəyə maraq çox azalacaq.

Mən onu deyə bilərəm ki, bizdə son 8-9 ildə tikintilərə nəzarət çox güclüdür. Tikinti materiallarından laborator analizlər götürülüb. Əvvəlki illərdə isə pərakəndəlik, başlı-başına kim nə istəyibsə, tikib. Amma ümumən mövcud mənzərəyə baxsaq, deyə bilərik ki, tikintinin özü nə qədər keyfiyyətli olsa da, şəhər bizim üçün böyükdür, amma tikinti sahəsi üçün kiçik. Binalar bir-birinə çox yaxın şəkildə tikilir. 2016-cı ildən başlayaraq isə pilot layihələr üzrə tikinti işləri gedir ki, köhnə beşmərtəbəlilər sökülür, yerində 16-18 mərtəbəli binalar tikilir. Təbii ki, köhnə binalar arasındakı məsafələr o 2 binanın nisbəti üçün hesablanıb. Yəni binaların hündürlüyü və o binada yaşayan əhalinin sayına görə. Amma təəssüflər olsun ki, bizdə o beşmərtəbəlilər sökülür və hər birinin yerində 3-4 o boyda bina tikilir. Burada həm binalararası normativlər pozulur, həm də insanların istirahət güşələri sıradan çıxır”.

Onun fikrincə, başqa bir tərəfdən də artıq hər hansısa bir təbii bir fəlakət olarsa, evakuasiya üçün orada problemlər yaranır və giriş-çıxışlarda məhdudiyyətlər baş verir:

“Yeni tikili binaların əksəriyyətində avtomobil dayanacaqlarının olmaması, yaxud məhdud sayda olması məcbur edir ki, vətəndaşlar avtomobillərini çöldə saxlasınlar. Dəfələrlə şahidi olmuşuq ki, bu illər ərzində hansısa binalarda yanğın hadisəsi baş verib və yanğınsöndürən maşının belə əraziyə girməsində böyük problemlər yaranıb.

Əgər belə bir hadisə Azərbaycanda baş verərsə, onda necə olar? Əsas problemlər buradadır. İlk növbədə, sığınacaqlar olmalıdır. Sığınacaqlar təkcə yeraltı sığınacaqla məhdudlaşmır. Çünki yeraltı sığınacaqlar daha çox müharibə və yaxud başqa səbəblərə görədir. Zəlzələ və yanğın hadisələri zamanı isə insanların toplanış meydançaları olmalıdır. Yəni parklar, stadionlar və böyük açıq ərazilər və s. Ona görə də həmin ərazilərə yaxın yerdə hündürmərtəbəli binalar tikilməməlidir ki, sabah-o biri gün uçub dağılmasın”.

Əmlak mütəxəssisi iddia edib ki, Bakıda bəzi ərazilər var ki, oralarda binalar o qədər sıx şəkildə tikilib ki, həmin yerdə nəinki toplanış meydançası, parklar var, hətta əraziyə giriş-çıxış belə məhdudlaşıb:

“O binaların az da olsa tərpənməsi bu sahəni tamamilə çökdürə bilər. Yəni insanlarda bu sahəyə marağı sıfıra endirə bilər. Düşünürəm ki, bir müddət Azərbaycanın əmlak bazarında yeni tikili binalara olan maraq nisbətən azalacaq. Onsuz da son illər tikinti sayı azalmışdı deyə qiymətlərdə ciddi artımlar var idi. Süni şəkildə artan qiymətlər də öz yerini ala biləcək. Amma yeni tikili binalardan fərqli olaraq, təhlükə daha çox köhnə tikili binalardadır. Bu gün biz nəzərə almalıyıq ki, Bakı və Abşeron yarımadasında 11 minə qədər istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Yəni “Xruşşovka”, “Fransız” və s. bu tip binalar mövcuddur. Təxminən 150-yə yaxın bina da aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydiyyata alınıb. Amma həmin o 11 minə yaxın binanın hər birində monitorinq aparılsa, qəzalı olan binaların sayı daha çox ola bilər. Çünki bu, daha çox müraciət əsasında aparılmış yoxlanış nəticəsində verilən bir rəydir. Təbii ki, bu binalara kiçik bir tərpəniş bəs edər ki, onlar yerlə bir olsun”.

“Bu binalar pilot layihələr üzərindən sökülür və yeni tikili binalar tikilir. Bir binanın sökülüb yenidən tikilməsinə ən azından 2-3 il arası vaxt gedir. Bu qədər binanın sökülüb tikilməsinə isə onilliklər lazımdır ki, həmin onilliklərə bu binalar dözüb qalmaycaq. Ona görə də həmin o qəzalı, yaxud istismar müddətini bitirən və təmirə ehtiyacı olan binalarda bərpa işləri aparmaq lazımdır ki, sökülən müddətə qədər ən azından onlar ayaqda dura bilsin. O problemlər aradan qalxmalıdır, çünki əsas təhlükə mənbəyi onlardır. Zirzəmiləri çirkab sularıyla doludur, əlavə artırmalar, binalarda çatlar var. Yəni gözlə görüləcək ciddi problemlər var ki, burada ekspertizaya belə ehtiyac yoxdur. Çünki baxanda onun vəziyyəti bilinir. Eləcə də insanları köçürmək mümkündürsə, köçürülməli, mümkün deyilsə, bərpa olunmalıdır. Elə binalar var ki, zəlzələyə belə ehtiyacı yoxdur. Dayandığı yerdə çökə bilər”, – fikirlərini tamamlayıb.

Əmlak üzrə digər bir mütəxəssis Nüsrət İbrahim isə fərqli düşüncədədir. Onun sözlərinə görə hazırda zəlzələdən sonra mənzil qiymətlərindəki azalmanın olub-olmayacağını demək çətin məsələdir:

“Amma 2022-ci ildəki prosesdən sonra biz bu dəyişikliyi hiss etmədik. Lakin pandemiyada biz bu dəyişikliyi hiss edirdik və insanların çoxu həyət evlərinə üstünlük verirdi. Bu gün isə onu demək bir qədər çətindir, çünki bunu gedişat göstərəcək”.

O, əlavə edib ki, gənclərin həyət evlərinə getməsi bir o qədər inandırıcı deyil:

“Çünki gənclər daha çox hərəkətdə olurlar, işləyirlər. Həyət evlərini saxlamaq da çətindir və əlavə xərc tələb edir. Daim gərək, əlin üstündə ola, pul xərcləyəsən. Cavanlar isə daha çox mənzillərə üstünlük verirlər. Lakin yenə də düşünmürəm ki, əhəmiyyətli bir dəyişiklik olsun”.

“O ki qaldı həyət evlərindəki qiymət artımına, Bakı şəhərinin daxilində həyət evləri onsuz da çox deyil, azdır. Faizlə götürəndə haradasa 10%-in heç üstündə deyil. Alıcıların da dinamikasına baxsaq, bunu görərik. Mən özümdəki siyahıya baxanda görürəm ki, keçən il mənzillərin alqı-satqısı ilə həyət evləri arasında 10 dəfədən də artıq fərq var. Alanların da çoxu cavan ailələrdir və onlar da şəhərdaxilində istəyirlər bunu. Bunların da hamısı bina evlərində yerləşən mənzillərdir. Ona görə də zəlzələni səbəb gətirib mənzil qiymətlərinin düşəcəyini demək səhvdir. Çünki ortada belə bir təklif də yoxdur. İkincisi də şəhər evləri, əsasən, şəhərətrafı yerlərdə yerləşir. Qısası, mənzil qiymətlərinin düşəcəyinə inanmıram”, – yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər